"Dövlət İmtahan Mərkəzi vakant vəzifə yerləri haqqında onlara məlumat verməyən dövlət orqanlarına aşkar edilmiş pozuntuların aradan qaldırılmasının təmin edilməsi üçün müvafiq məktublar göndərilib".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Direktorlar Şurasının iclasında deyib.

Onun sözlərinə görə, bəzi dövlət orqanlarında vakant vəzifə olduğu halda həmin vəzifələrin tutulması barədə müvafiq qərar qəbul edilməməsi və bu barədə Mərkəzə məlumat verilməməsi halları mövcuddur:

"Həmin dövlət orqanlarına aşkar edilmiş pozuntuların aradan qaldırılmasının təmin edilməsi üçün müvafiq məktublar göndərilmişdir".

Dövlət qulluğuna dair qanunvericiliyin təkmilləşdirilməsi işinin davamlı olaraq aparıldığını qeyd edən M.Abbaszadə bildirib ki, bir ildən artıq müddət idi ki, bir çox hüquqi məsələlər öz həllini tapmadığına görə biz dövlət qulluğuna müsabiqə yolu ilə qəbul imtahanı keçirə bilmirdik: "Hazırda hüquqi müstəvidə məsələlərin çoxu həll olunmuş və Mərkəz bu imtahanların keçirilməsinə başlamışdır. Belə ki, 18 noyabr 2017-ci il tarixində dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan vəzifələr üzrə keçirilən test imtahanında 90 namizəd imtahanda iştirak etmiş, onlardan 13 nəfər tələb olunan keçid balını toplayaraq uğur qazanmışdır".

M.Abbaszadə qeyd edib ki, 17 dekabr 2017-ci il tarixdə isə inzibati dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə test imtahanı keçiriləcəkdir.

Bu sahədə aparılan işlərin nəticəsi olaraq, DİM-in təklifi əsasında, "Dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması Qaydası"nda dəyişikliklər edilmişdir: "Dəyşikliklərdən biri də ondan ibarətdir ki, ali-beşinci kateqoriya dövlət orqanlarında yardımçı vəzifələr üzrə dövlət qulluğuna qəbul aparılmayacaq. Yəni dövlət orqanlarında yardımçı kargüzarlıq (katibə, kargüzar) və yardımçı texniki vəzifələr (sürücü, liftçi) üzrə qəbul test imtahanlarına əsasında aparılmayacaq".

Milli.Az