Bu gün İstanbulda İslam Əməkdaşlıq Təşkilatının
fövqəladə iclası keçirilib. Zirvə toplantısında Azərbaycan
Prezidenti İlham Əliyev çıxış edib. İclasın sonunda qəbul edilən
bəyannamədə Şərqi Qüds Fələstinin paytaxtı elan edilib. İrəvan
Türkiyə ilə imzalanan Sürix protokollarından imtina edəcəyini
açıqlayıb. ABŞ Şimali Koreya ilə danışıqlar aparmağa hazır olduğunu
bəyan edib.
“Mənim kimi, Ermənistan xarici işlər naziri də
həmsədrlərin bəyanatına müəyyən redaktələr etməyə çalışdı, amma
sonra Nalbəndyan da Ermənistanın bu bəyanata qoşulmasından imtina
etdi. Dövlət başçıları səviyyəsində bu ilin oktyabrında keçirilmiş
Cenevrə görüşündən sonra mövcud danışıqların ruhuna və mahiyyətinə
və danışıqlar masasında olan təkliflərə zidd bir formada onu şərh
edən tərəf də məhz Ermənistan oldu”.
Bu sözləri Azərbaycan XİN başçısı Elmar Məmmədyarov News.az
saytına müsahibəsində Edvard Nalbəndyanın guya Vyana görüşündə
Azərbaycan tərəfinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin
bəyanatına qoşulmadığı haqda dediyi sözlərinə münasibət bildirərkən
qeyd edib.
“Vyana görüşünün nəticə olaraq razılıq əldə olunub ki, gələn
ilin yanvar ayının ortalarında xarici işlər nazirləri səviyyəsində
münaqişənin həlli üzrə intensiv, konkret və substantiv danışıqlar
davam etdirilsin. Bir aydan sonra biz Ermənistanın danışıqlarda nə
dərəcədə ciddi iştirak etdiyini görəcəyik və nəticə etibarilə,
hansı istiqamətə doğru gedəcəyimiz aydın olacaqdır. Bütün
beynəlxalq ictimaiyyətə aydındır ki, BMT Təhlükəsizlik Şurasının
müvafiq qətnamələrində tələb olunduğu kimi, Ermənistanın silahlı
qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır” -
nazir bildirib.
2018-ci ilin yazını Ermənistan-Türkiyə protokolları
olmadan qarşılayacağıq. Bunu Ermənistan Xarici İşlər
naziri Edvard Nalbəndyan jurnalistlərə açıqlamasında söyləyib.
“Bildiyiniz kimi, Ermənistan prezidentinin təşəbbüsü ilə
Ankara-İrəvan əlaqələrinin normallaşdırılması prosesi başladıldı.
Bu da 2009-cu ilin oktyabrında Sürixdə protokolların imzalanması
ilə nəticələndi. İndiyə qədər bu sənədlər ratifikasiya edilməyib.
Belə ki, Türkiyə protokolların ruhuna zidd olan şərtlər irəli
sürüb. Bu sənədlər əbədi girov olaraq qala bilməz”, – deyə o
bildirib.
Qeyd edək ki, 2009-cu ildə imzalanan protokolların əsas
şərtlərindən biri Ermənistan-Türkiyə sərhədinin açılması idi.
Sonradan Türkiyə bu protokolların icrasından Ermənistanın
Qarabağdan ordularını çəkməməsi ucbatından imtina etmişdi.
Bu gün İstanbulda İslam Əməkdaşlıq Təşkilatının
fövqəladə iclası keçirilib. İclasda ABŞ prezidenti
Donald Tramp tərəfindən Qüdsün İsrailin paytaxtı kimi tanınması
barədə qərarı müzakirə olunub.
Ərdoğan Qüdsü Fələstinin işğal altındakı paytaxtı kimi tanımağa
çağırıb.
“İslam ölkələri paytaxtı Qüds olan, müstəqil Fələstin dövləti
tələbindən əsla vaz keçməyəcək”, - o vurğulayıb.
Toplantının sonunda yekun Bəyannamə qəbul edilib. Bəyannamədə
Şərqi Qüds Fələstinin paytaxtı elan edilib. Təşkilat dünya
ölkələrini işğal altındakı Şərqi Qüdsü Fələstinin paytaxtı kimi
tanımağa çağırıb.
İƏT Şərqi Qüdsü Fələstinin paytaxtı elan etdi (YENİLƏNDİ)
Zirvə toplantısında Azərbaycan Prezidenti İlham Əliyev
çıxış edib.
Prezident İlham Əliyev: “ABŞ Qüdslə bağlı qərarına yenidən baxmalıdır”
“Biz Şərqi Qüdsü Fələstinin paytaxtı kimi tanıyırıq.
Digər ölkələri də Fələstini paytaxtı Şərqi Qüds olmaqla 1967-ci il
sərhədləri çərçivəsində tanımasını təşviq etməliyik”.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İslam
Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Xarici İşlər Nazirləri
Şurasının bu gün İstanbulda başlayan toplantısının açılışında
bildirib.
ABŞ Rakkadan sağ-salamat çıxardığı İŞİD-çilərlə
İdlibə hücum edir. Rakkadan təxliyə olunan İŞİD
üzvləri İdlib-Rahcan bölgəsində 5 kəndi ələ keçirib.
Müxaliflər mühasirəyə aldıqları Rahcandakı İŞİD-çilərə gizli
yolla silah-sursat çatdırıldığını deyir.
İdlibin mərkəzinə və Türkiyə əsgərlərinin mövqe tutduğu
bölgələrə yaxın nöqtələrə sızan 300-dən artıq İŞİD üzvünün hücuma
hazırlaşdığı deyilir.
Məlumata görə, Türkiyə əsgərlərinə qarşı hücum planı ABŞ
prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Brett McGurk
tərəfindən hazırlanıb.
İsrail ordusunun 2017-ci ildə həyata keçirdiyi hərbi
təlimlər ölkənin Livan istiqamətində yeni bir müharibəyə
hazırlaşdığını göstərir. Bu haqda “Yeni Şəfəq” nəşri
yazıb.
İsrail mart ayından etibarən 8 hərbi təlim keçirib. Ən
genişmiqyaslı təlim isə 5-14 sentyabr tarixlərində keçirilən “Light
of the Grain” təlimləri olub.
İsrail müharibəyə hazırlaşır - Yaxın Şərqdə SULAR İSİNİR
“Biz Krım məsələsinə qayıdacağıq. Prezident Vladimir
Putin aydın şəkildə bildirib ki, Krım məsələsi danışıqlarda
müzakirə olmayacaq. Hansısa məqamda olacaq”. Bu
barədə ABŞ-ın dövlət katibi Reks Tillerson Vaşinqtonda Atlantik
Şuranın iclasında çıxış edərkən bildirib.
Dövlət katibinin sözlərinə görə, hazırda əsas məsələ Ukraynanın
şərqində zorakılığı dayandırmaqdır. Tillerson qeyd edib ki, ABŞ
Rusiyanın Ukraynaya müdaxiləsini qəbul etməyəcək.
“Sanksiyaların ləğvi üçün Moskva Ukraynaya müdaxiləyə son
qoymalı və onun ərazi bütövlüyü bərpa etməlidir”, - ABŞ xarici
siyasət idarəsinin başçısı vurğulayıb.
Rusiya prezidenti Vladimir Putin Suriyanın Tartus
şəhərindəki hərbi dəniz bazasının genişləndirilməsi ilə bağlı
müqaviləni Dövlət Dumasına təqdim edib. Bu haqda
Kremlin mətbuat xidmətindən bildirilib.
Rusiya ilə Suriya arasında imzalanan 49 illik razılaşmada
hərbi-dəniz bazasının genişləndirilməsi nəzərdə tutulur.
"ABŞ Şimali Koreya ilə danışıqlar aparmağa
hazırdır". Bu barədə ABŞ-ın dövlət katibi Reks
Tillerson Vaşinqtonda Atlantik Şuranın iclasında çıxış edərkən
bəyan edib.
"KXDR səlahiyyətlilərinin danışıqlar masası arxasına oturması
zəruridir və biz istədikləri vaxt onlarla danışmağa hazırıq" deyə o
bildirib.
Tillerson həmçinin vurğulayıb ki, hər yeni raket sınağı ilə,
KXDR dünya birliyindən daha da təcrid olunacaq.
“ABŞ və Çin Koreya Xalq Demokratik Respublikasının
nüvə silahının təhlükəsizliyinin təminatını müzakirə
edir”. Bu barədə ABŞ-ın dövlət katibi Reks Tillerson
Vaşinqtonda Atlantik Şuranın iclasında çıxış edərkən bildirib.
“Bizim üçün ən mühüm məsələ Şimali Koreyanın artıq hazırladığı
nüvə silahının təhlükəsizliyini təmin etməkdir. Şimali Koreyada hər
hansı qeyri-sabitlik olacağı halda, nüvə silahı başqalarının əlinə
keçməməlidir. Çin və ABŞ hazırda bu məsələni müzakirə edir”, -
Tillerson deyib.
Şimali Koreya dünyanın ən böyük nüvə gücünə sahib
olacaq. Bu barədə Şimali Koreya lideri Kim Çen İn
danışıb.
Kim Çen Şimali Koreyanın 21-ci əsrdə ultramodern müdafiə
sənayesi qurmağı planlaşdırdığını bildirib.
Qeyd edək ki, bir müddət əvvəl rəsmi Pxenyan nüvə başlıqları
daşımaq imkanlarına sahib “Hvasonq-15” raketlərini sınaqdan
keçirmişdi.
Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin
keçmiş qubernatoru Mixeil Saakaşvili Ukrayna prezidentliyinə
namizədliyini irəli sürməyəcəyini, lakin hökumətə rəhbərlik etməyə
hazır olduğunu bildirib.
"Mən normal Ukrayna hökumətində birmənalı olaraq məsuliyyəti
üzərimə götürməyə hazıram. Mən heç vaxt və əsla Ukrayna
prezidentliyinə namizədliyimi irəli sürməyəcəyəm, mənə elə gəlir
ki, bu postda ukraynalılar olmalıdırlar", - deyə o əlavə edib.
Siyasətçi Ukraynada 13 ildən çox yaşadığını bildirib.
"Lakin stajlı ukraynalılar prezident olmalıdırlar, hökumətdə isə
Ukraynanın tələblərindən asılı olaraq müxtəlif insanlar işləyə
bilərlər", – deyə Saakaşvili əlavə edib.
O, Ukrayna prezidenti Pyotr Poroşenkodan yerli hökumətə
rəhbərlik etmək təklifi aldığını, lakin o zaman bundan imtina
etdiyini bildirib.
Ömər Dağlı
Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_tehlil/224183.htmlŞahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 0552252950 (Whatsapp)