Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşları tərəfindən qeyri-leqal miqrasiyaya qarşı həyata keçirilmiş tədbirlər nəticəsində Azərbaycan-Gürcüstan sərhədində bu fəaliyyətlə məşğul olan mütəşəkkil dəstə aşkarlanaraq zərərsizləşdirilib.
DSX-nın Mətbuat Mərkəzindən Publika.az-a
verilən məlumata görə, 15.12.2017-ci il tarixdə Ağstafa rayonunun
Sadıxlı kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti
sahəsində Azərbaycandan Gürcüstan istiqamətində dövlət sərhədini
pozmağa cəhd göstərən 2 nəfər Hindistan vətəndaşı - 1993-cü il
təvəllüdlü Shukla Sarkhar Jitendrakumar və 1995-ci il təvəllüdlü
Shukla Yash Jitendrakumar saxlanılıb.
Fakt üzrə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd
olunan əcnəbiləri əraziyə gətirmiş taksi sürücüsü və bir qrup
Gürcüstan vətəndaşları ilə əlbir olaraq onların sərhəddən
keçirilməsinə bələdçilik edən 1999-cu il təvəllüdlü Bayramov Samir
Ədil oğlu müəyyənləşdirilərək yaxalanıb.
Bununla yanaşı, 17.12.2017-ci il tarixdə Ağstafa rayonu
"Böyük-Kəsik" sərhəd nəzarəti məntəqəsində Azərbaycandan Gürcüstana
keçərkən Hindistan vətəndaşı, 1995-ci il təvəllüdlü Singh
Sukhvinder şübhəli şəxs qismində saxlanılıb, əşyalarına baxış
zamanı üzərindən iki nəfər Pakistan İslam Respublikası və iki nəfər
Hindistan vətəndaşına məxsus pasportlar aşkar olunub. Aparılmış
araşdırma zamanı qeyd olunan Hindistan vətəndaşının da qeyri-leqal
miqrasiya ilə məşğul olması müəyyənləşdirilib.
Hazırda hər iki fakt üzrə əməliyyat-istintaq tədbirləri davam
etdirilir.