"Yuventus"un veteran qapıçısı Canluici Buffon İtaliya mətbuatına müsahibə verib.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, təcrübəli qolkiper bunları deyib:
"İtaliya - İsveç matçını təkrar oynamaq istəməzdim. Mübarizə ruhu, işə yanaşma və əzmkarlıq baxımından geri qalmadıq, amma bəzi məhdudiyyətlərimiz aşkara çıxdı. Çempionlar Liqasının 2017-ci il finalını yenidən oynamaq istərdim. İsveçlə matçda 80-90% gücümüzü ortaya qoysaq da, "Real"la final qarşılaşmasının ikinci hissəsində "Yuventus"un əsas silahı - yığcamlıq görünmədi. Ola bilsin, açıq oynaya biləcəyimizi düşünmüşdük. Amma dəyərlər var ki, təcrübəli komanda müəyyən tərzdə istənilən rəqibə qalib gələcəyini anlamaıdır. Səviyyə artırsa, ehtiyatlı olmaq lazımdır. Azarkeşlərin neqativ təəssüratlarının qalması normaldır. Məğlub olduğumuz finallar bizimlə əbədi qalacaq yanıq yerləridir".
Buffon 2001-ci ildən şərəfini qoruduğu "Yuventus" haqqında fikirlərini də bölüşüb.
"Bu klub mənim həyatımı, işimə baxış tərzimi və məqsədə çatmaq üçün yolumu dəyişdi. İdmanla bağlı valideynlərim və bacılarım vardı. "Yuventus"a məxsus düşüncə tərzi mənə faydalı oldu. Son onillərdə İtaliyada bu klub başqalarından fərqlənir. O, pul xərcləmək baxımından Avropada balanslı və diqqətli davranır. İdman nəticələri ilə birlikdə maliyyə sabitliyinə də nail olub. "Barselona"? Katalon klubunda başqa həyat, fərqli karyeram olardı. Orda necə olardım, bilmirəm. "Yuventus"u seçdiyimə görə, həqiqətən, xoşbəxtəm".
Milli.Az