Bakıda almanların 99 illik icarəyə götürdükləri SEHİRLİ MƏKAN: Yandırıldı, yenə də musiqi səslənir

Bakıda almanların 99 illik icarəyə götürdükləri SEHİRLİ MƏKAN: Yandırıldı, yenə də musiqi səslənir
15:58 10 Yanvar 2018
84 Digər
Ölkə mətbuatı
A- A+

I HİSSƏ

Paytaxtımızın mərkəzi küçələrinin birində memarlıq baxımından fərqli, əsrarəngiz məkan var. Çoxumuz onun qarşısından zaman-zaman etinasızca ötüb keçmişik. Bu dəfə də yolum həmin küçədən düşmüşdü. İçimdəki maraq mənə yol yoldaşı olan zaman qıtlığına qalib gəldi. Bir neçə dəqiqəlik də olsa, addımlarımı ləngidib, binaya yaxınlaşdım. Xüsusi zövq və alman memarlıq məktəbinə xas üslubda tikilmiş bu məkanın qapısını döydüm. Qapını üzümə ilk söhbətləşəcəyim şəxs açdı - Ələkbər Səfərov. Bu sehirli məkanın daimi sakininə çevrilən şəxslərdəndir. Hal-əhval tutub, məni içəri dəvət etdi və söhbətə başladıq.

- Ananız almandır?

- Bəli

- Bəs atanız?

- Atam Şuşalı idi.

- Harda tanış olmuşdular?

- Zaqatalada...

- Berlin deyəcəyinizi gözləyirdim.

- Valideynlərimin hər ikisi alman dili müəllimi olublar (Bir az fikrə dalıb, yaşıl gözlərini bir nöqtəyə zilləyərək keçmişi xatırlamağa çalışır) Atam Şuşanın çox ziyalı və varlı ailəsində doğulub. Azərbaycan Demokratik Cümuhuriyyəti zamanı dövlətin dəstəyi ilə Almaniyaya təhsil almağa gedir. Sonra geri dönüb, Zaqatalada müəllim kimi işə düzəlir. Anamınsa ailəsi hətta inqilabdan öncə Rusiyada yaşayan almanlardan idilər. Təhsilini tamamlayıb, o da Zaqatalaya gəlir. Alman dilindən dərs deməyə başlayır. Elə orada da tanış olurlar. Bu eşq hekayəsinin bəhrəsi isə indi qarşınızda əyləşib (gülürük).

Yaşı 80-i haqlasa da, qəlbən gənc həmsöhbətim Ələkbər bəy valideynlərinin kədərli taleyindən sanki dünəndən danışırmış kimi bəhs edir. İllərin xatirələrini varaqlayan yaddaşı gah gözlərini yaşardır, gah da üzünü güldürür.

- Atam Cümhuriyyət vaxtı Almaniyada təhsil almağa göndərildiyi üçün SSRİ dövründə iki dəfə repressiyaya məruz qalmışdı. Bir dəfə müharibədən öncə, növbəti dəfə isə İkinci Dünya Müharibəsində. Təbii ki, hökumət bunu açıq-aydın bildirmirdi. Lakin başqa səbəb də yox idi. 1941-ci ildə mən doğuldum. Atamı Zaqatalada həbs etdilər, anamı isə mənimlə birgə Bakıdakı Bayıl təcridxalasına göndərdilər.

- Demək körpəliyiniz həbsdə keçib. Çox kədərli başlanğıcdır.

- Hələ bu harasıdır. Bir ildən sonra anamın qarşısına seçim qoyurlar ki, sürgün üçün ərazini özü seçsin. O da Qazaxıstanı seçir. Soyuqda, sazaqda əkin sahələrində çalışıb, məni böyüdür. Hətta bir dəfə əkin yerində yıxılır, ayağının üstündən at arabası keçir. Bu qəzadan sonra ayağında ağır zədəsi qalmışdı. Üstəlik ürək xəstəliyi də aman vermirdi.

- O illəri necə xatırlayırsınız?

- Bilirsiniz, uşaq həmişə gözəl şeyləri xatırlayır. Daha doğrusu, xatırlamağı üstün tutur. Neqativ xatirələr isə sanki böyüdükcə yaddaşımıza yenidən geri dönür.

- Bəs atanıza yenidən nə vaxt qovuşa bildiniz?

- Atam həbsdən çıxandan sonra bizi çox axtarır, geri gətirməyə çalışır. Amma uzun müddət səyləri boşa çıxır. Nəhayət, 1950-ci ildə geri dönə bildik. Atamla birgə Bakıda yaşamağa başladıq. Sonra kiçik qardaşlarım da doğuldular.

- Çox vaxt azərbaycanlı ailələr əcnəbi gəlinə qarşı çıxırlar. Atanızın qohumlarının ananızla münasibəti necə idi?

- Çox yaxşı. Anam o qədər həlim, mehriban insan idi ki, onu sevməmək mümkün deyildi. Atamın doğmaları hər zaman yanımızda oldular. Lakin təəssüf ki, valideynlərimi çox tez itirdim. Anam dünyadan köçəndə cəmi 54 yaşı vardı. Bu ölüm yaşı deyil axı. Atamla da birgə çox az zaman keçirə bildim. Buna çox üzülürəm.

- Ələkbər bəy, məni çox kədərləndirdiniz. Bu hekayənin heçmi müsbət yönü yoxdur?

- Niyə ki, çoxdur. Ailəm haqda xatirələrim o qədər isti və xoşdur ki...Məsələn, anam öncə də dediyim kimi, çox mehriban və güclü qadın idi. Bütün çətinliklərdə bir gözəllik axtarardı. Atamsa zarafatcıl və şən insandı. Onun bu cəhəti mənə də keçib. Həlli olmayan problemlərin yanından ötüb, keçməyi bacarıram. Anlayıram ki, bir hadisə baş verəcəksə, ondan qaçış yoxdur. Bu düşüncə ilə yaşamaq daha rahatdır.

- Həyat yoldaşınız haralıdır?

- Gürcüstanın axıska türklərindəndir. Bir qızımız var, o da Almaniyada yaşayır. İki qız nəvəmiz də var.

- Bəs özünüz olmusunuz oralarda?

- Xeyr. Xüsusən də Sovet dövründə Almaniyaya getmək qadağan olunmuşdu bizə. Sonralar da özüm istəmədim.

- Maraqlıdır, hansı din sizə daha yaxındır?

- Ailəmizdə heç vaxt din ayrı-seçkiliyi olmayıb. Bütün müqəddəs kitablara eyni dərəcədə hörmətlə yanaşıram. Həm xristian, həm də müsəlman bayramlarını sevə-sevə qeyd etmişik. Anam Azərbaycan dilində çox gözəl danışırdı. Milli dəyərlərimizi hər şeydən üstün tuturdu. Atam da həmçinin. Bir sözlə, tolerant ailədə böyümüşəm.

Müsahibimlə görüşüm təsadüfən Kapellhaus, Alman-Azərbaycan Mədəniyyət birliyinin binası artıq iki əsrdir ki, xalqlarımız arasında dostluğu, eləcə də ölkəmizdə məskunlaşan almanların birliyini təcəssüm etdirir. Almanəsilli azərbaycanlılar hər həftənin bazar günləri burada maraqlı görüşlər təşkil edirlər. Birliyin idarə heyətinin sədri Azər Alıyev deyir ki, bu məkan iki əsr öncə alman icmasının görüş yeri kimi inşa edilib.

- Bu il Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə Azərbaycanda məskunlaşan almanların 200 illiyi keçirilir. Rusiya imperatriçası Yelizavetanın vaxtında Almaniyada müharibədən sonra aclıq dövrü olub. Sonra Yekaterina taxta gəlib. Onun da bir tərəfi alman olduğu üçün, güzəranı ağır olan almanların Rusiyanın ərazisində məskunlaşmağı barədə fərman imzalayıb. Almanlarsa min bir əziyyətlə Rusiyanın ərazisinə və digər ölkələrə keçir, illər sonra isə Azərbaycanda məskunlaşırlar. Mənbələrə görə, ölkəyə gələndə də çox götür-qoy ediblər. Özünüz bilirsiniz ki, ehtiyatı əldən verməyən xalqdırlar. Daha çox hazırki Göygöl və Şəmkir ərazilərində toplaşıblar. Öz mədəniyyətlərini kifayət qədər qoruyub, təbliğ edə biliblər. Eyni zamanda da Azərbaycanın milli dəyərlərini yüksək tutublar. Bir-birinə qız alıb, qız veriblər, qohum olublar. Almanların Şəmkirdə, Göygöldə qurduqları zavodlar, termal zirzəmilər günü bu gün də öz keyfiyyəti, sabit temperatur səviyyəsi ilə mütəxəssisləri heyrətə gətirir. Simens qardaşları Gədəbəy misəritmə zavodunu Avropanın ən böyük metallurgiya mərkəzlərindən birinə çeviriblər. Nobel qardaşları Azərbaycanın neft sənayesinə böyük töhfələr veriblər. Həmin illərdə Bakıda məskunlaşan almanların görüşü də əsasən bu binada baş tutarmış. Bura böyük bir kompleks olub. Yanında kilsə və hətta ikimərtəbəli binalar da varmış. İşçilər də həmin binada yaşayırmışlar. Həmin kilsə hazırda Azərbaycan Dövlət Filarmoniyasının nəzdində Kamera və Orqan zalı kimi fəaliyyət göstərir. Lakin uzun illər adı Kirxa (almanca kilsə) olub. Kirxanın da maraqlı tarixi var. Öncə ibadət məkanı olub. Sovet dövründə ləğv olunub, hətta heykəltəraşların emalatxanasına çevrilib. Sovet İttifaqı dağılandan sonra isə Azərbaycan-Almaniya münasibətləri inkişaf edib. Bundan sonra Kirxa Kamera və Orqan zalı kimi fəaliyyətə başlayıb.

- Bəs uzun illər sonra Kapellhaus necə bərpa olundu?

- Bildiyiniz kimi, İkinci Dünya Müharibəsi dövründə ölkəmizdə məskunlaşan almanlar da Qazaxıstan və digər ərazilərə sürgünə göndərildilər. Müharibədən sonra isə çoxu geri dönmədi. Almaniyaya üz tutdular. Lakin az da olsa, ölkəmizə qayıdanlar oldu. Ölkəmiz müstəqillik qazanandan bir neçə il sonra isə alman hökuməti Azərbaycan Respublikasının rəhbərliyinə rəsmi müracət etdi ki, bu bina Almaniyaya icarəyə verilsin. Hər iki dövlətin Mədəniyyət Nazirliklərinin səyi ilə Alman-Azərbaycan Mədəniyyət birliyi yaradıldı. Birliyin sədri də Almaniyanın Azərbaycandakı ilk səfiri cənab Zibek seçildı. Kapellhausun ərazisi mülkiyyət olaraq Azərbaycanındır. Lakin 99 il müddətinə Almaniyaya icarəyə verilib.

- "Kapellhaus" sözünün mənasını bizə izah edə bilərsinizmi?

- Əlbəttə. Adətən insanlar kilsədə ibadət edəndən sonra, onun yanındakı “Kapella evinə” daxil olub, dini müsiqilər dinləyərmişlər. "Kapellhaus" sözü məhz bu mənanı daşıyır - Kapella evi.

- Azər bəy, Kirxanın sovet dövründəki taleyindən danışdıq. Bəs Kapellhaus necə fəaliyyət göstərib o dövrdə?

- Anbar olub, bağça kimi fəaliyyət göstərib. 90-cı illərdə isə naməlum səbəblərdən yanğın baş verib. Təsəvvür edin ki, binanın sadəcə divarları qalmışdı. Ölkələr arasında saziş imzalanandan sonra isə almanların böyük məbləğdə maddi köməyi hesabına bina təmir edilib

Kapellhausun binasında müxtəlif sərgilər, konsertlər, oxu gecələri, mühazirələr keçirdilir. Buranın unikal akustika sistemi var. Musiqili tədbirlər üçün əvəzsiz məkandır. Hazırda isə məkanımızda sərgi keçirilir.

Kapellhaus Alman-Azərbaycan mədəniyyət birliyinin direktoru Zəhra Alıyeva isə həm də alman dili mütəxəssisidir.

- Zəhra xanım, alman dilinə maraq sizdə nə zaman yarandı?

- Hələ uşaq ikən babam tez-tez iştirakçısı olduğu İkinci Dünya Müharibəsindən və almanlardan bəhs edərdi. Onun söhbətlərindəki Almaniya və almanlar filmlərdən, verilişlərdən görüb, tanıdığımız faşıst ordusundan fərqlənirdi. Almanların səliqə-səhmanından, zərgər dəqiqliyindən, hətta əsgərlərlə bəzən humanist davranışlarından da söz açardı. Elə bu əhvalatlar məndə dilə həvəs oyatdı. Hətta məktəbdə ingilis dili qrupuna daxil edilmişdim. Öz təkidimlə almandilli qrupa keçirildim. Sonra Xarici Dillər Universitetini fərqlənmə ilə bitirib, müəllimkimi fəaliyyətə başladım. Bir neçə ildən sonra Almaniyanın DAAD təqaüdünə nail olub, Lüdviq Maksemelian Universitetində tədqiqat apardım. Azərbaycana geri dönəndə isə bu birliyin icraçı direktoru seçildim. Elə o vaxtdan da Kapellhausla doğmalaşdım. Bu binanı almanların ölkəmizə dostluq, birlik naminə bəxş etdikləri mirvari hesab edirəm.

Leyla Sarabi

Fotolar: Elnur Muxtar


Xəbərin orijinal ünvanı: http://publika.az/projects/xususi/227209.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR