Asqırarkən nəfəsini tutdu

Britaniyada uğursuz şəkildə asqıran 34 yaşlı sakin xəstəxanalıq olub və bir həftəyə yaxın mədə zondu ilə qidalanmalı olub.

Bu barədə “BMJ Case Report” tibbi jurnalında məqalə dərc olunub.

34 yaşlı kişi udqunan zaman kəskin ağrı və səsinin dəyişməsi şikayəti ilə həkimə müraciət edib. Onun sözlərinə görə, asqırmaq istəyən zaman əli ilə burnunu sıxıb, ağzını isə möhkəmcə bağlayıb və birdən boyun nahiyəsində nəyinsə yırtıldığını hiss edib.

Rentgen müayinəsi burun-udlaq boşluğuna havanın yığıldığını göstərib və traxeya qarşısında güclü dərialtı emfizemanın formalaşdığını üzə çıxarıb.

Dərialtı emfizema, bir qayda olaraq, ağciyər və hava-qırtlaq yollarının zədələnməsindən xəbər verir. Sonrakı müayinələr boyunda (dərialtı emfizema) və sinə boşluğunda (divararası emfizema) kəllənin təməl hissəsindən doqquzuncu döş fəqərəsinə kimi havanın yığıldığını ortaya çıxarıb.

Həkimlər belə nəticəyə gəlib ki, asqırağın qarşısını almaq istəyən kişinin udlaq divarı yırtılıb. Növbəti yeddi gün ərzində qidalana bilməsi üçün xəstəyə mədə zondu qoyulub. Bundan başqa, profilaktika məqsədilə ona antibiotiklər yazılıb.

Bir həftə sonra simptomlar zəiflədiyindən zond kənarlaşdırılıb. Evə buraxılan xəstəyə yalnız sulu xörəklərdən ibarət dieta saxlamaq və bundan sonra asqıran zaman heç bir vaxt burnunu sıxmamaq tövsiyə olunub. / Oxu.Az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR