Dövlət Dil və Orfoqrafiya Komissiyasının üzvü: “Lüğət təsdiq olunandan sonra onu heç kim poza bilməz”

Dövlət Dil və Orfoqrafiya Komissiyasının üzvü: “Lüğət təsdiq olunandan sonra onu heç kim poza bilməz”
13:42 19 Yanvar 2018
59 Ölkə
Ölkə mətbuatı
A- A+

“Orfoqrafiya lüğəti əlyazma formasında hazırdır”
Bakı. 19 yanvar. REPORT.AZ/ Azərbaycan Respublikasının Dövlət Dil və AMEA-nın Orfoqrafiya Komissiyasının üzvü, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilovun “Report”a müsahibəsi
- "Azərbaycan dilinin orfoqrafiya qaydaları” layihəsi haqqında müzakirələri izləyirsinizmi? Müzakirələr sizi qane edirmi?
- İnsanlar yenilik yarananda tam təfərrüatına varmadan yeniliyə qarşı aqressiya göstərirlər. Orfoqrafiya layihəsi ilə bağlı olan fikirlərdən təbii ki, işin xeyrinə olan münasibətlər də var, amma aqressiv münasibətlər daha çoxdur. Bu münasibət təkcə hansısa hərf dəyişikliyinə olan münasibət deyil, həm də yeniliyə qarşı çıxmaqdır.
Bəzən cəmiyyətin hər bir üzvü müəyyən məsələlər barədə fikir yürütmək istəyir. Düzdür, dil təkcə bir qurumun, bir təşkilatın dili deyil. Amma dilin taleyi ilə bağlı tədqiqat aparmaq, gələcək inkişaf prespektivləri ilə bağlı müəyyən işlər görmək, dilin yazı qaydaları ilə bağlı fikirlər irəli sürmək peşəkarların işidir, hər insanın işi deyil. Təəssüflər olsun ki, bəzən müəyyən qaydalarla bağlı peşəkarlardan çox qeyri-peşəkarlar fikir irəli sürür, bu düzgün deyil.
Az qala hər kəs bu 69 qaydaya və yeni çap olunacaq lüğətə münasibət göstərir. Bu yaxşı hal deyil, dilin qaydasını hamı yaza bilməz.
Kütləvi İnformasiya Vasitələrində və sosial şəbəkələrdə belə fikirlər oxuyuram ki, “Dil Komissiyasına yazıçılar, şairlər, ziyalılar daxil edilməlidir”. Hazırda Dil Komissiyasında yazıçı da, ziyalı da, dilçi də, ictimai-siyasi xadim də var.
Sosial şəbəkələri izləyirəm, vətəndaşlarımız “İşimiz-gücümüz qurtarıb, indi də orfoqrafiyanı dəyişirik” kimi ifadələrlə fikirlərini bildirməyə çalışırlar. Orfoqrafiya dəyişmir, orfoqrafiyada müəyyən sözlərin yazılışı dəyişir. Orfoqrafiya dilin lüğət tərkibində olan sözlərin yazılış formasını qaydaya, sistemə salan bir kitabdır. Yəni dilin yazılış qaydasını qanuniləşdirir ki, heç kəs bu qanundan kənara çıxmasın. Orfoqrafiya lüğəti Ana dilinin yazılış qaydasının konstitusiyasıdır. Bu konstitusiyada hər bir qayda, müddəa yerində olmalıdır. Lüğət təsdiq olunandan sonra onu heç kim poza bilməz.
Deyirlər ki, "Nə tez-tez orfoqrafiya lüğəti dəyişir?". Əslində, cəmiyyətin özü tez-tez dəyişir, yenilənir. Cəmiyyət yeniləndikcə ona aid olan sahələr yenilənir, onda da dilə yeni sözlər, terminlər gəlir ki, həmin sözlərin də yazılış qaydası yaradılmalıdır.
Təbii ki, illərlə sistemləşmiş, oturuşmuş, hamının qəbul etdiyi qaydalara toxunulmur, onlar mübahisəsiz qəbul edilir. Həmin qaydaların böyük əksəriyyəti əvvəlki lüğətlərdə də var.


- Əsgər, Ələsgərvə bu qisim sözlərin yazılışının dəyişməsi təklifinə sizin fikriniz necədir?
- Azərbaycan dilinin lüğət tərkibində bir qisim sözlər Fonetik prinsipə əsaslanır, yəni tələffüz olunduğu kimi yazılır. Əslində bu hal dil üçün asanlıq yaradır. Hansı dildə ki, yazı ilə tələffüz fərqlidir, o dili öyrətmədə və öyrənmədə çətinliklər çox olur.
Qeyd etdiyiniz sözlərdə də sözün tələffüzü nəzərə alınmalıdır. Bu söz isə Azərbaycan xalqı tərəfindən “g” hərfi ilə tələffüz edilir. Müzakirəyə verilən qaydalar hələ layihə formasındadır, Nazirlər Kabinetinə göndərilənən qədər iradlar mütləq nəzərə alınacaq.
- “Alqı-satqı” sözünün yazılışının dəyişilməsi ictimaiyyət tərəfindən qınaqla qarşılandı. Sözün olduğu kimi saxlanması ehtimalı varmı?
- Bu söz tarix boyu müxtəlif variantlarda yazılıb və tələffüz olunub. Hələ ki, layihə Nazirlər Kabinetinə verilməyib, mənə elə gəlir bu məsələyə yenidən baxılacaq. Bu zaman böyük əksəriyyətin qəbul edəcəyi yekdil fikrə gəlmək mümkündür.
- “Metafora”, “sanatoriya” tipli sözlərdə “a” hərfi gah ixtisar olunur, gah əlavə edilir. Hansı variant doğrudur?
- Doğru variant “a” saiti ilə bitəndir. Azərbaycan dilində bir çox alınma sözlər var ki, sonu “a” saiti ilə bitir. Bu sözlər iki yerə ayrılır, sonundakı “a” saiti ixtisar olunan əcnəbi sözlər. Məsələn, “qazeta”, “apteka” və s. Bir də sonundakı sait saxlanılan sözlər. Qeyd olunan sözlər 2013-cü il lüğətindəki qüsurlardır ki, hazırda islah olunur.


- Buludxan müəllim, əvvəlki nəşrlərin Orfoqrafiya qaydaları layihələrini tapmaq olmur ki, yeni layihələrlə müqayisə olunsun... Niyə Orfoqrafiya qaydaları əvvəlki lüğət kitablarında yer almayıb?
- İndiyə qədər olan lüğətlərdə qaydaların verilməməsi böyük qüsurdur. Amma 2018-ci ildə çap olunacaq lüğətdə bütün qaydalar öz əksini tapacaq. Yeni lüğətdən istifadə edəcək hər kəs qaydalarla birbaşa kitabda tanış olacaq.
- Orfoqrafiya lüğəti hazırdırmı?
- Demək olar ki, hazırdır. Amma əlyazma formasındadır. Müzakirələr bitəndən sonra Orfoqrafiya Komissiyası lüğətə son baxış keçirəcək, məsləhət olsa lüğətdə müəyyən dəyişikliklər olunacaq və layihə Nazirlər Kabinetinə veriləcək. Kabinetin icazəsindən sonra isə çapa veriləcək.
Bəzən soruşurlar “Lüğət müzakirəyə veriləcəkmi?”, bu sualın cavabı budur ki, lüğət müzakirə olunmur, lüğət istifadəyə verilir. Müzakirə üçün layihədir.
- 2013-cü ilin Orfoqrafiya lüğətində yer alan minlərlə sözün indiki lüğətdə ixtisar olunduğu deyilir. Hansı sözlər ixtisara salınıb?
- İxtisar olunan sözlər ümumişlək olmayan, dövriyyədə olmayan, yazılış qaydasının olub-olmaması dil qaydaları üçün önəmli rol oynamayan sözlərdir.
İxtisar olunan sözlərin içərisində qrammatik şəkilçili sözlər də çoxluq təşkil edir. Feli məsdər formasında vermək lazımdır, qrammatik şəkilçili sözləri lüğətə salmağa ehtiyac yoxdur.
Leksik şəkilçili sözlər isə lüğətə salınmalıdır, çünki orfoqrafiya lüğəti həm də lüğəvi mənası olan sözlərin düzgün yazılışını izləyir.


- Bəs lüğətə salınan yeni sözləri haradan götürülür?
- Yeni sözlər KİV-dən, qəzetlərdən, jurnallarda, hüquqi-siyasi, texniki-elmi əsərlərdən toplanır.
Hər söz lüğətə salınmır. Bir sözün bizim yazı mədəniyyətimizə xeyri yoxdursa, onun lüğətə gətirilməsinə nə ehtiyac var. Necə ki izahlı lüğət, elədə də orfoqrafiq lüğət dilin lüğət tərkibindəki sözlərin hamısını ehtiva edə bilməz. Məhsuldar olan və işlənən sözlər lüğətə salınır.
- Dialekt sözlərin lüğətə salınması ilə bağlı münasibətlər də birmənalı deyil. Yeni daxil edilən sözlərin içərisində dialektdən gələn sözlər varmı?
- Elə sözlər var ki, həm dialektdə, həm də ədəbi dildə işlənir. Bəzən insanlar dialektdən ədəbi dilə gələn sözlərin orfoqrafiya lüğətinə daxil edilməsinə qısqanclıqla yanaşırlar, dilə çəpər çəkmək istrəyirlər. Deyirlər ki, orfoqrafiya lüğəti ancaq ədəbi dili əhatə etməlidir. Amma bilmək lazımdır ki, ədəbi dilin zənginləşmə mənbələrindən biri də dialektlərdir.
Qaldı ki, şair və yazıçıların hər biri müəyyən dialektlərin övladıdır. Onların əsərlərində olan bəzi sözlər müəyyən vaxtdan sonra ədəbi dilə nüfuz edir. Dialekt söz ümumişləklik qazanırsa, buna mane olmaq olmaz.
- Sözlərin yazılışında olacaq bu dəyişiklər ad sistemimizə də təsir edəcəkmi? Məsələn, babasının adı “Əsgər” olan şəxs, övadına bu adın “k” hərfi ilə yazılanını qoymağa məcbur olacaq?
- Təbii ki, qayda təsdiqlənsə, qaydada öz əksini tapan söz ad kimi qoyulanda qaydaya tabe olmalıdır. Amma hələ müzakirələr gedir, son qərar verilməyib. Ona görə də konkret bir şey demək olmaz.


- Lüğətlər çap olunur, amma onları əldə etmək müşkül məsələyə çevrilir. Bu problemin qarşısını almaq üçün nə etmək lazımdır?
- Bəli bu problem var. Məsələn, son günlərdə Tərcümə Mərkəzinin çap etdirdiyi “Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü” kitabını mən hələ də əldə edə bilməmişəm. Amma çox istəyərdim, əldə edim, baxım ki, müqayisə edib, fikir də bildirə bilim.
Cəmiyyətin içində olan bir insan kimi, həm də mütəxəssis kimi istəyərdim ki, Orfoqrafiya lüğəti çoxtirajla çap olunsun. Ayrı-ayrı kitab satışı yerlərində tapmaq olsun, müvafiq müəssisələrə verilsin. 2013-cü ildə çap olunan Orfoqrafiya lüğəti tirajı baxımından geniş ictimaiyyəti təmin etmədi, ümid edirik bu dəfə elə problemlə rastlaşmayacağıq.
Foto: Firi Səlim










Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/dovlet-dil-ve-orfoqrafiya-komissiyasinin-uzvu-luget-tesdiq-olunandan-sonra-onu-hec-kim-poza-bilmez

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR