Doğrusu, hazırda işsiz-gücsüz adamam, hər hansı
redaksiya qarşısında yazmaq öhdəliyim olmadığı kimi, gündəmdə
qalmaq sayaq bir qayğım da yoxdur.
Bu yazını da sırf vicdanımın hökmü ilə yazdığımı hər kəsin
bilməsini istəyirəm. Dəfələrlə demişəm, mənim hakimiyyət
düşərgəsində Prezidentin köməkçisi, sözün bütün mənalarında MİLLİ
ADAM saydığım Əli Həsənova xüsusi sayğım var. Lakin bu yazı
simpatiyanın daha bir dəfə nümayiş etdirilməsinə də xidmət etmir.
Hər halda bunu məndən nə tələb edən var, nə də uman, gözləyən…
Bu yaxınlarda bir təcrübəli həmkarımla rastlaşmış, müxtəlif
mövzularda söhbət etmişdik. Söhbət əsnasında dedim ki, təxminimə
görə, tezliklə Azərbaycan Prezidentinin köməkçisi, Prezident
Administrasiyası İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənova qarşı
mediyada hücumlar olacaq. Niyə belə bir ehtimal yaranmışdı
məndə?
1) Qarşıdan prezident seçkiləri gəlir və ictimai-siyasi proseslərlə
bağlı hakimiyyətin analitik-informasiya siyasətinin tənzimləyicisi
kimi Əli Həsənova qarşı hücumlar gözləniləndir.
2) Əli Həsənov Azərbaycan Prezidentinə ən sədaqətli kadrlardan biri
olmaqla yanaşı, eyni zamanda idarəçilikdə son dərəcə səriştəli,
müsbət reputasiyalı fiqurdur, ona qarşı qaralama kampaniyasının
aparılması hakimiyyətə qarsi psixoloji basqı səciyyəsi
daşıyacaq.
3) Əli Həsənovun yüksək ranqlı bir məmur kimi dövlət maraqlarının
qorunmasında ardıcıl və prinsipial mövqe tutması bəzi mərkəzləri
ona qarşı cəbhə açmağa hazır vəziyyətə gətirib. Bu mərkəzlər
seçkiqabağı istər-istəməz fəallaşacaq və fəallaşma əsnasında
Prezidentin köməkçisini hədəfə alacaqlar.
Sözün açığı, mən gözlənilən hücumun dozor manqası kimi vaxtilə
Prezident Administrasiyasında şöbə müdiri vəzifəsi tutmuş Elnur
Aslanovun kurasiyasında fəaliyyət göstərənləri, o cümlədən FETÖ-nun
Azərbaycan mediyasındakı simpatizanlarını təsəvvür edirdim. 1995-ci
ildən- 18 yaşımdan mediya sektorunda olan bir adam kimi olduqca
dəqiq bilirəm ki, milli və dövlət maraqlarından uzaq hisslərlə
“yaşayıb-yaratmış” bir çoxları Elnur Aslanovun kütləvi informasiya
vasitələrinə böyük təsir göstərdiyi, qəzetlər, portallar himayə
etdiyi, baş redaktorlara paralar sızdırdığı günlərin xiffətini
çəkirlər. Bu xəttin Əli Həsənovun adı ətrafında yaratmağa cəhd
göstərəcəyi ajiotajı gücləndirməyə amadə bir qrup da var -Eldar
Mahmudovun Milli Təhlükəsizlik naziri olduğu dönəmdə qılınclarının
dalı da, qabağı da kəsən “reket” qəzet və portalların rəhbərləri.
Heç bir müqəddəs meyar, qırmızı cizgi tanımayan bu şərəf və ləyaqət
killerlərinin Əli Həsənova aqressiyaları hələ MTN-nin mövcud olduğu
zamanlardandır. Nəhayət, mənim adına ümumi şəkildə “Xədicənin
dəstəsi” dediyim, amma qrant uğrunda mübarizədə bir-birlərinə qarşı
bizim sırf öz imzamıza hörmətdən dolayı onlar haqqında yazmaq
istəmədiklərimizi, yaza bilməyəcəklərimizi səsləndirməkdən də
çəkinməyən “5-ci kolon” hərəkətə keçirilə bilərdi. Nəhayət,
uzunmüddətli müşahidələrimə əsaslanıb birmənalı şəkildə deyə
bilərəm ki, Əli Həsənov şəxsən tanıdı-tanımadı, hər zaman
mediyamızdakı sekulyar xəttin dirəncinin qırılmamasına dəstək
verib, bu üzdən anti-sekulyar zehniyyətin daşıyıcılarının da həmin
həmlələrdə iştirakı gümanlar sırasında idi.
Fəqət hücuma “Turan” İnformasiya Agentliyinin direktoru Mehman
Əliyev keçdi. Mehman Əliyev təcrübəli isimdir, yaxşı təhsilə
malikdir, hər zaman islahatlar naminə konsensus imkanlarının
dəyərləndirilməsini müdafiə etmiş insandır. Lakin şəxsən mənim
nəzərimdə Azərbaycan mediyasının bu günlərə gəlməsində onun mənəvi,
bəzən də birbaşa məsuliyyəti var. Xatırlayıram ki, “Soros” Fondunun
Azərbaycan bölməsinə rəhbərlik etdiyi dönəmdə ona dəfələrlə
müraciət etmiş, mediya layihələrimə 20 min dolları aşmayan məbləğdə
dəstək istəmişəm, heç zaman da nəticə görməmişəm. Ümumiyyətlə,
mənim fikrimcə, yeni və ictimai maraqlara faydalı olan təşəbbüslər
ACİYF-da Fərda Əsədovdan başqa heç vaxt heç kimi maraqlandırmayıb.
Elə buna görə də bir insan olaraq haqqındakı mənim də qatıldığım
bütün müsbət rəylərə rəğmən, Mehman Əliyev nəzərimdə “ictimai
vicdanın mübarizə və prinsipiallıq ünvanı” deyil.
Əvvəla, artıq yuxarıda dediyim kimi, o, Qərbdən Azərbaycanda
müstəqil mediyanın inkişafı üçün ayrılan pulların iqtidardan və
müxalifətdən eyni məsafədə dayanacaq jurnalistlərin layihələrinə
çatmasına deyil, bilərəkdən və ya bilməyərəkdən son nəticədə bəlli
bir şəbəkə tərəfindən mənimsənilməsinə şərait yaradıb. İkincisi, öz
layihələrinə, o cümlədən fərdi biznesinə zaman-zaman hakimiyyətin,
hakimiyyətin müxtəlif iri fiqurlarının ən azı loyal münasibət
göstərməsi üçün müəyyən əməkdaşlıqlara gedib. Mehman Əliyevin
“Turan”dan kənarda müəyyən biznesə malik olması barədə “Azadlıq”
qəzetinin məşhur redaksiyasında çoxları danışırdı. Üçüncüsü, Mehman
Əliyevin hakimiyyətlə münasibətləri bəzən hətta o qədər sıcaq olub
ki, AXCP, daha doğrusu, AXCP daxilindəki “Yurd”un maraqlarının
təminatı üçün müəyyən danışıqlar şəxsən onun vasitəçiliyi ilə
aparılıb. Bu barədə Mehman Əliyev özü də zaman-zaman açıqlamalar
verib. Fəqət onu bir ictimai-siyasi persona olaraq mənim nəzərimdə
tənqidi müstəviyə keçirən hadisə 2013-cü ilin avqustunda baş verdi.
Həmin ərəfədə Mehman Əliyev Rusiya Prezidenti Vladimir Putinə
məktub imzalamışdı və “şanlı namə”də Azərbaycanın şimal
qonşuluğunda yerləşən super dövlətin rəhbərindən faktiki olaraq
ölkəmizin iç işlərinə müdaxilə və Azərbaycanın ali qanunlarının
pozularaq Rusiyadan Bakıya namizəd ixrac edilməsi xahişində
bulunurdu. Sadəcə, bu fakt yetərlidir ki, zamanında böyük amallar
daşıyıcısı olmasına rəğmən, ən azından 2013-cü ildən sonra Mehman
Əliyevin Azərbaycan dövlətçiliyi üçün qırmızı cizgiləri
gözləmədiyinə qənaət hasil edəsən.
Bunun səbəbləri isə müxtəlif ola bilər. Doğrusu, təfsilatına varmaq
çətindir, daha əhatəli araşdırma tələb edən mövzudur. Ancaq
səbəblər sırasında Mehman Əliyevin bir mediya kapitanı kimi ümumi
planda uduzması və öz gəmisini batırması faktı olmamış deyil. Hər
halda “Turan” yayım şəbəkəsindən və nəşriyyatdan asılı müxalifət
qəzeti deyildi, müstəqillik görüntüsü yaratmış informasiya
agentliyi idi, öz kluarında bir zamanlar Azərbaycanın ən böyük
media quruluşu sayılırdı. Amma bu gün həmin agentliyin, nəinki APA
kimi böyük holdinqlə, hətta ortabab bir xəbər saytı ilə rəqabət
aparmaq imkanı yoxdur və bunun əsl səbəbi heç də hakimiyyətdən
alınan, yaxud alınmayan pullar deyil. Bu iflasın məsuliyyətini də
açıq və ya dolayı şəkildə ranqından asılı olmayaraq hər hansı
məmurun, hətta Azərbaycan prezidentinin üzərinə atmaq
mümkünsüzdür.
Mehman Əliyev iddia edir ki, onun həbsi ideyası Azərbaycan
Prezidentinə Əli Həsənov və Baş prokuror Zakir Qaralov tərəfindən
verilib, təklif isə belə əsaslandırılıb ki, 2018-ci ildə
keçiriləcək prezident seçkilərində “Turan”ın direktoru müxalifətin
vahid namizədi ola bilər. Öz müsahibəsində Mehman Əliyev bir neçə
dəfə Əli Həsənova müraciət edir və ondan bu məsələyə aydınlıq
gətirməsini istəyir. Əli Həsənov isə bu barədə “Yeni Müsavat”
qəzetinə verdiyi müsahibədə qəti şəkildə bildirib: “Tam qətiyyətlə
bildirirəm ki, bu iddia absurddur və qətiyyən həqiqətə uyğun deyil.
Kökündən yanlış fikir və mülahizələrdir, dövlətin informasiya
siyasətini və bu işə birbaşa məsul şəxs kimi mənin reputasiyamı
qaralamaq məqsədi daşıyır.”.
Əli Həsənov daha sonra deyir: “Mehman Əliyev məqsədyönlü şəkildə
səsləndirdiyi bu tipli açıqlamalara heç özünün də inanacağı qədər
sadəlövh insan deyil. O, Azərbaycan dövlətinin media siyasətinin
90-cı illərdən başlayaraq necə formalaşdığını və həyata
keçirildiyini, bu siyasətin keçən dövrdəki effektli nəticələrini,
xarici dairələrin onun rəhbərlik etdiyi agentlik və digər qurumlar
vasitəsilə ölkədaxili proseslərə müdaxilə cəhdlərini və buna nail
ola bilmədiklərini çox yaxşı bilir. Qoy mənə dünyada ölkə göstərsin
ki, orada dövlət öz mediasını idarə etməyə çalışmır və başlı-başına
buraxır. Odur ki, Mehman Əliyev də nə dediyinin fərqindədir və bu
fikirlərin səsləndirilməsi sadəcə olaraq onun aldığı növbəti
tapşırıqdır”.
Sözün açığı, mən Mehman Əliyevin həbsinin Prezident, o cümlədən
Prezidentin Administrasiyasında sanksiyalaşdırıldığını güman
etmirəm. Əgər belə olsaydı və bu həbsdə Əli Həsənov hər hansı rol
oynasaydı, açıq deyəcəm, Mətbuat Şurası “Turan” İnformasiya
Agentliyi direktorunun müdafiəsinə qalxmazdı. Əksinə, Mehman
Əliyevin azadlığa çıxması üçün Mətbuat Şurasının müraciətlə çıxış
etməsi hər kəsdə o qənaəti yaratmışdı ki, Əli Həsənov Mehman
Əliyevin azadlığa çıxmasını istəyir. Mehman Əliyev də hər halda Əli
Həsənovun dediyi kimi, heç də “sadəlövh adam” deyil, sadəlövh
olmayan bir adamın da təşəkkürü hər halda bu səpkidə olmalı
deyildi. Sadəlövh olmayan adamlar onu da gözdən qaçırmadılar ki,
Fazil Məmmədovun hələ nazir olduğu zamanda Vergilər nazirliyinin
saytında azadlığa çıxmış Mehman Əliyevlə bağlı məlumatlar bir neçə
dəfə dəyişdi. Görəsən, Mehman Əliyev niyə öz müsahibəsində Fazil
Məmmədovla kəsişən maraqları (uzlaşan və ya toqquşan, fərq etməz)
barədə danışmır? Onun həbsinin səbəblərini bu ünvanda, azadlığa
çıxmasına təkan verən qərarların isə Prezident Administrasiyasında
qəbul edildiyini düşünmək daha məntiqli deyilmi?
Azərbaycan müxalifəti çox təəssüflər olsun ki, məntiqini çoxdan
itirib. Əks halda, Rüstəm İbrahimbəyov şarlatanlığından, Cəmil
Həsənli avantürasından sonra “yeni ortaq namizəd” axtarışına
çıxmaz, Mehman Əliyev də AXCP və Müsavat kimi siyasi resursları
tükənmiş və marginallaşmış siyasi dərnəklərin namizədi olmaq
havasına girməzdi. Mehman Əliyevin nəinki prezident, hətta
parlament seçkilərində hakim partiyanın ortabab bir namizədini
udmaq şansı yoxdur. Elə bu səbəbdən də azacıq reallıq hissi olan
siyasi texnoloq hakim düşərgənin mənfəəti üçün ona çalışar ki,
İlham Əliyevin müxalif rəqibləri məhz bu cür zəif və əliyalın
siyasi xarakterlər olsun.
Mehman Əliyevin açıqlamasında bir məqam da var. Onun iddia etdiyinə
görə, Emin Hüseynov yaratmaq istədiyi telekanala efir dalğası almaq
üçün tenderdə iştirak edib. Eminin iştirak məqsədi isə bu imiş ki,
tenderin formal olduğunu sübut etsin. İnsan qərəzlə, qeyri-səmimi
danışanda doğrudan da kələfi qarışdırır. İştirak məqsədi tenderin
formal olduğunu sübut etmək olan bir adamın və bir layihənin
tenderi qazanması nə dərəcədə məntiqli və faydalı olardı, əcaba?
Söhbət həm də o Emin Hüseynovdan gedir ki, bəzi məqamlarda elə
Mehman Əliyevin dəstəyi ilə Azərbaycanda jurnalistika adına
milyonlarla qrant aldığı halda, hələ bircə ciddi yazının altına
imza qoymayıb. Adamlar arasındakı kəskin ictimai vicdan fərqi də
elə bu məqamda üzə çıxır: Mehman Əliyev əlindəki imkanlarla
istedadsız və qabiliyyətsiz, imza kimi özünü hətta təsdiqləməyə də
cəhd etməmiş Emin Hüseynovun milyoner olmasına dəstək verib, Əli
Həsənov isə əksəri müxalif mətbuatda çalışmış və Emin Hüseynovların
üzərindən böyük qrant layihələri udduğu yüzlərlə jurnalistin
ev-eşik sahibi olması üçün çalışıb… Dahası, Əli Həsənov doğrudan da
Mehman Əliyevin iddia etdiyi sayaq, böyük xəzinə, ləl-cəvahirat
sahibidirsə, o zaman nədən sözünü etdiyi “Araz TV” bu günə qədər
efirə çıxa bilməyib?
Tam gözlənildiyi kimi, Mehman Əliyevin açıqlaması Əli Həsənovu
qaralamaq üçün marıqda yatan bəzi fürsətçiləri dərhal hərəkətə
gətirdi. Estafeti Aslan İsmayılov davam etdirdi və dərin bir nalə
çəkəndən sonra deyir: “Əli Həsənov… “Yumurta mafiyası”nın üzvü
Mürvət Həsənlinin qulluqçusuna, insanlarda nifrət obyekti olan
Hafiz Hacıyevin isə patronuna çevrilib”.
Aslan İsmayılov bunu o gün yazmışdı ki, Hafiz Hacıyevlə məhkəmə
çəkişməsi vardı, prosesə məcburi qaydada gətirilməsi haqqında hakim
qərarı olmasına rəğmən, nə evində, nə də iş yerində tapılmamış,
aradan çıxmışdı. Adama deyərlər, madam haqlı olduğuna,
fəaliyyətinin hüquqiliyinə və hüquqşünas kimi savadına, insan kimi
cürətinə bu qədər arxayınsan, məhkəmədən niyə yayınırsan? İkincisi,
Mürvət Həsənli tanınmış iş adamıdır, bəlkə də hansısa tədbirdə Əli
Həsənovu beş-altı metr məsafadən görüb, bir-iki dəfə də yaxınlaşıb
salamlaşmaq imkanı olub. Amma Aslan İsmayılov görün nə qədər
qərəzli və ictimai maraqlar baxımdan ziyankar biridir ki,
Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının
İctimai-siyasi şöbəsinin müdiri postunu tutan ciddi bir dövlət
adamının, bu yerlərə sadə xalqın içindən çıxaraq öz zəhməti, alın
təri ilə gəlmiş vətənsevər bir aydının adını sırf konyuktur
maraqları çərçivəsində məhkəmələrdə üzləşdiyi adamlarla birgə
çəkir?!. Elə onun adını çəkdiyi Elşən Musayev də pis-yaxşı bir
siyasətçidir, partiya sədridir, siyasi mövqeyini və üslubunu
kimlərsə bölüşə, kimlərsə bölüşməyə bilər. Amma Elşən Musayev məhz
Aslan İsmayılov kimi öz xırda maraqları və intriqaları naminə
dövlətin məsuliyyətini daşıyan adamlar haqqında zəvzəməz!!!
(baymedia.az)