“Makronun iki tərəf terminini işlətməsi, ermənilərin mövqeyinə ciddi zərbədir” – Mübariz Əhmədoğlu

Xəbər verdiyimiz kimi, Fransadakı erməni təşkilatlarının illik şam yeməyinə qatılan Emmanuel Makron Dağlıq Qarabağa səfər etmək təklifini qəbul etməyib.

Metbuat.az-ın məlumatına görə, Makron cavabında deyib: “Sizi bir daha məyus edəcəyəm. Çünki, Qarabağa səfər etməyəcəyəm. Əgər belə bir addım atsam, Fransanın bu münaqişədəki vasitəçi rolunu, neytral və effektiv mövqeyini itirə bilərəm”.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən politoloq Mübariz Əhmədoğlunun sözlərinə görə, bütün Fransa prezidentləri ölkədəki ermənilərin illik yığıncağında iştirak edirlər: “Emmanuel Makronun prezidentliyi dövründə ermənilərin toplantısı birinci dəfə idi keçirilirdi. Ona görə Makron orada iştirak elədi. Belə düşünürəm ki, Makron ikinci dəfə namizədliyini vermək istəsə, bəlkə o ərəfədə həmin yığıncaqda yenidən iştirak edə. Orada ermənilərin səsləndirdiyi fikirlərin təhlilini də apara bilirəm, Makronun dediyi fikirləri də əvvəlki Fransa prezidentlərinin dediyi fikirlərlə müqayisə edə bilirəm. Fikrimcə, bu tədbir milli erməni məsələləri fonunda çox sönük keçdi. Təsəvvür edin, əvvəlki belə yığıncaqlarda ermənilər “erməni soyqırımı”nın kriminallaşması qanunu ilə bağlı az qala hay-küylü skandal yarada bilirdilərsə, burada demək olar heç o məsələnin üstünə gəlmədi. Bəlkə bu da Makronun taktikası idi, çünki o özü, əvvəldən çox şey danışdı. O cümlədən də ermənilər orada Dağlıq Qarabağ məsələsindən çox, Türkiyə məsələsini qaldırdılar. Onlar dedilər ki, Türkiyə niyə Afrində əməliyyat aparır, niyə cəzasız qalır, niyə Türkiyənin Avropa İttifaqı ilə əlaqələri kəsilmir? və s. Yəni o mənada hesab edin ki, əvvəlki analoji tədbirlərlə müqayisədə çox sönük keçdi”.

Politoloq bildirib ki, konkret Dağlıq Qarabağ məsələsinə gəldikdə isə Makron çox aydın şəkildə iki tərəf sözünü işlətdi: “Bu, ermənilərin gözləmədiyi söz idi. Əvvəla Fransanın heç bir prezidenti Dağlıq Qarabağı tərəf kimi tanıyacağını bildirməyib. Nikolya Sarkozi prezident olanda fikri belə idi ki, əgər Ermənistan Qarabağ məsələsində Azərbaycana güzəştə getsə, Fransa “erməni soyqırımı”nı tanımaq məsələsində Türkiyəyə təzyiqi artıracaq. Fransa prezidenti ermənilər üçün iki milli məsələni alver predmetinə çevirmişdi. Yəni deyirdi ki, siz Qarabağdan əl çəkin, verin Azərbaycana, gəlin bir yerdə gedək Türkiyənin üstünə. Makron isə bundan da imtina elədi. Makron ümumiyyətlə Dağlıq Qarabağ məsələsi ilə bağlı iki tərəf terminini işlətməklə ermənilərin mövqeyinə kifayət qədər ciddi zərbə vurmuş oldu. Eyni zamanda, Makron açıq şəkildə dedi ki, yalnız münaqişə həll olunandan sonra Dağlıq Qarabağa səfər edə bilər. Bu isə şəraitə uyğun cavab idi. Bu cavab ermənilərin arzuladığı cavab deyildi. Yəni Makron əgər bu ifadəni işlədirsə, demək Dağlıq Qarabağın ermənilərin əlində olmasını həll hesab etmir. Makron üçün münaqişənin həlli Dağlıq Qarabağ işğaldan azad olunandan sonra olacaq. Təbii ki, Makron Dağlıq Qarabağa Azərbaycanın tərkib hissəsi kimi səfər edəcək. Sizə bir faktı da deyim ki, Fransa Xarici İşlər Nazirliyinin saytında yerləşdirilib ki, Dağlıq Qarabağ Azərbaycanın mərkəzində olan, Azərbaycan Respublikasına məxsus ərazidir. Son vaxtlar Dağlıq Qarabağ məsələsində Fransanın mövqeyində ciddi dəyişiklik var və Makron da hazırda bu dəyişikliyə riayət edir. Ermənilərin bəzilərinin fikrincə, Makron Serj Sarkisyanla görüş zamanı ondan tələb edib ki, əraziləri Azərbaycana qaytar”.

Günay Elşadqızı / METBUAT.AZ

"Qeyrətini qorumaq üçün övladını göndərir ki, get, vuruş!" – Yaşar Aydəmirov


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı