Doğuluruq, sevişirik, ölürük...

Əfsanəvi rok qrupu “Nirvana”nın özünə qəsdi ilə fanatlarını məhv edən Kurt Kobeyni intihara qədər də sayısız ölüm cəhdlərində “uğursuzluğa” düçar olmuşdu. Nevropatoloqlar daim ölümü düşünmək haqqında müxtəlif şərhlər verirlər, psixoloqlar bunu psixoloji narahatlıq hesab edirlər. Amma fəlsəfə ölümü düşünmək hadisəsinin çox təbii olduğunu göstərir. Ölümü düşünmək həyatı dəyərli edir.

Tarixin bütün kandarlarında düşünən insanlar ölümün mahiyyəti üzərində fikir tufanları yaradırdı. Ölmək nədir ki? Yeni bir başlanğıc? Əlbəttə, son özü də elə ilkinlikdir. Burda din də, fəlsəfə də barışır. İstənilən halda fiziki yox olma məhv deyil, yoxa çıxma da olmamağın əvvəlidir. Xülasə, çox fəlsəfi burulğanlara girməyək. Depressiv mani adlandırılan hadisə əslində bəşər insanının əsrlərdir ətəyindən yapışdığı ölüm ideallarının axtarışıdır.
Doğum günümdə çağırılan efirdən imtina etmək istəmədim, axşam da dostlarla bir balaca əylənib, evdə açılan süfrədə 26 yaşa qədəm qoymaq istəyirdim.

30 yanvar mənim üçün uğursuz tarixdir. Bəlkə mən heç belə bir dünyada yaşamaq istəmirdim? Əslində elə həyata gəlmək özü bizim yaşamamaq haqqımıza müdaxilə deyilmi? Doğulmaq bizim olmamaq seçimimizin istilasıdır, başqa yol olmadığı üçün elə birinci ədalətsizlik də bizim dünyaya gəlməyimizdir bəlkə.

Özümü anlayandan həmişə düşünürəm ki, həyat adlı şeyi biz niyə bu qədər ciddiyə alırıq? Yaşam özü mexanikləşdirilmiş bir sistemdir. Biz doğuluruq, böyüyürük, yetişirik, işləyirik, sevişirik, övladlarımız olur, onları böyüdürük, sonra da ölüb gedirik. Bu qədər düz xəttli və bir variantlı... Yaşam kriteriyalarımız və arzularımız sadəcə kiçik fərqlərin diapozonundan ibarətdir. Robotlaşmaq elmi-texniki tərəqqidən ibarət deyil sadəcə, o, bizim ömür adlandırdığımız prosesin real adıdır.

Amma həyat qısa olduğu üçün maraqlı deyilmi? Təsəvvür edin ki, əvvəl-axır yox olacaqsan, onda niyə bu ömrü dolu-dolu və istədiyin kimi yaşamayasan ki? Heç bir şey insanın intiharına səbəb ola bilməz. Hətta beyin xərçəngi olduğunu öyrənsən, son saniyənə qədər yaşamalısan. Necə ki həyata təsadüfi gəlir fərd, ölümü də bax elə qarşılamaq lazımdır. O, təbii baş verməlidir, həyatın nizamının tələb etdiyi formada. Ona görə əslində bütün savaşlar, cinayətlər, kütləvi qətllər həyat fəlsəfəsinə amansızcasına hücum etməkdən başqa bir şey deyil. İntihar isə bunlardan ən dəhşətlisidir.

Doğum günümdə buzda sürüşüb diz qapağımı sındırmağım hardasa yaxşı oldu. Yox, mən əsla “buna da şükür et, başın çatlayar, beynin dağılar, ölə də bilərdin” kimi valideynlərimin düz uzanmama verdiyi quru təskinlik prizmasından yanaşmıram bu məsələyə. Ona görə yaxşı oldu ki, düşünmək üçün kapitalist və yaradıcı istismara qurban verdiyim günlər və saatlarda zaman tapa bilməmişkən, indi daha çox fikirləşmək şansı qazandım.
Bax biz o qədər məişət adiliyinə uduzmuşuq ki, tək qalanda bunu daha yaxşı dərk edirik. Hamı bir qaçhaqaç hayındadır. İnsanlar iş yerində dedi-qodular edir, davalar, adi gündəlik qısqanclıqlar, sadəcə işləmək, işləmək, işləmək... Əyləncə, mütaliə, yaradıcılıq, sevgilər və hətta nifrətlər belə o qədər sürətlidir ki.

Bəli, sərhədlər indi geniş deyil, insanlar texnoloji inqilabın bütün bəhrələrindən “iliyinə qədər” istifadə edir, amma zaman bizi aşındırmaqdan daha irəli gedə bilmir, sosial şəbəkələr, internet bir növ qlobal ağciyər funksiyasını yerinə yetirir, sanki insanlıq daha öncə heç nəfəs almırmış...
Sanki hər şey belə də olmalıymış... Xəstəxanada səni ziyarət edən tanımadığın qohumlar sırf gəlməli imişlər deyə gəlirlər elə bil, yalnız dostların səmimi narahatlığı doğma gəlir, millət birisi öləndə ikicə gün müzakirə edir, bitdi.

İndi “səndən ayrıla bilmərəm” deyənlər ikicə ay sonra başqasına rahatlıqla “səni sevirəm” deyə bilir. İndi “mən başqaları kimi deyiləm” deyənlər pul qarşılığında başqalarından min qat artıq əclaf ola bilir. İndi “mən savaşlara nifrət edirəm” deyənlər insanların mənəvi ölümünə fərman verə bilir... Əvvəllər də belə deyilmiydi? Xeyr. Tarix Fukuyamasayağıdır, hər şey reqress prosesinin siqnalıdır. Məhv və çöküş Albert Kamyu yaradıcılığındakı proqnozdan daha dəhşətli bir gələcəyi göstərir.

Bu qədər qarışıq fikir və düşüncə karnavalında sadəcə nəfəs almaq, mübarizə aparmaq, oxumaq, daha çox öyrənmək lazımdır. Düşünməmək acıdır. Fəlakət beyinsizlikdən törəyir. Savadsız insanların kobud eqolarının dünyada nə böyük dəhşət mənzərələri yaratdığını hamımız görürük.
Hər şeyin yaxşı olması bizim öz əlimizdədir. Gərək daha çox yaxşı olmaq üçün çalışaq, əlimizdən gələni etməklə kifayətlənməyək, əlimizdən gəlməyəni də edək.

Uğur bizim inancımızdan asılıdır. İnanmaq müvəffəqiyyətin yarısı deyil, tamamıdır. Biz nə qədər çox inansaq, o qədər çox uduruq və nə qədər az inansaq, o qədər çox uduzuruq. Həyat qələbələrimizi ölüm məğlubiyyətimizə qurban verməyək.

Hərdən adicə bir bel çantası götürüb, təbiət qoynunda bir çadır qurmaq, dostlarsız, tək-tənha təbiətin kəşfinə çıxmaq lazımdır. Təbiətin qoynu insanın ən saf olduğu yerdir. Və insan yalnız saf olanda dözülən olur, başqa hallarda isə həm özünə, həm də ətrafına zülm yaşatmaqdan savayı heç nəyə qadir olmur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı