Vəkilliyin inkişafı - Sərəncamın əhəmiyyəti nədən ibarətdir? – VƏKİLLƏRDƏN AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.

Hüquqşünaslar Metbuat.az-a açıqlamasında sərəncamın vəkilliyin inkişafı ilə bağlı hansı əhəmiyyəti olduğunu qeyd ediblər.

Vəkillər Kollegiyasının Rəyasət Heyəti Aparatının rəhbəri Fərhad Nəcəfov Metbuat.az-a açıqlamasında bildirib ki, cənab Prezidentin 22 fevral 2018-ci il Sərəncamı hər mənada ölkəmizdə aparılan mütərəqqi məhkəmə-hüquq islahatlarının davamı olmaqla, zamanında qəbul olunmuş və öz mahiyyət etibarilə tarixi sənəddir: “Sərəncam tək vəkillər üçün yox, ən əsas Azərbaycan vətəndaşları - əhalimiz üçün həyati əhəmiyyətli bir Sərəncamdır.

Sərəncamda Vəkillər Kollegiyasına tövsiyə olunub ki, hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslər üçün hüquqi xidmətlər göstərilməsini təşkil etsin və bu kimi xidmətlərin ödənişsiz əsaslarla göstərilməsi Sərəncamda xüsusilə qeyd olunub. Sərəncamın vəkillər üçün əhəmiyyətinə gəldikdə isə ödənişsiz hüquqi yardıma görə, əvvəllər Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, göstərilən xidmətin hər saatına görə dövlət büdcəsindən 2 manat ödənilirdisə, indi həmin məbləğ 3 dəfə artaraq 6 manat olub.

Daha sonra bütün ölkə üzrə vəkil qurumları, yəni hüquq məsləhətxanalarının müasirləşdirilməsi, onların təmiri, müasir informasiya texnologiyaları ilə təchiz olunması, o cümlədən vəkillərin elektron məhkəmə sisteminə inteqrasiyası məsələsi Sərəncamda nəzərdə tutulmuşdur. Elektron məhkəmə portalına qoşulmaqla vəkillər öz müvəkkillərini məhkəmə prosesində təmsil edərkən, onların işlərinin məhkəmə icraatı mərhələsində izlənilməsi, müxtəlif iddia ərizələri, prosessual sənədlərin onlayn şəkildə göndərilməsi imkanı əldə edəcəklər. Bu isə zaman və vəsait baxımından həm vəkillər, həm də müvəkilləri üçün çox əlverişli üsuldur”.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov Metbuat.az-a açıqlamasında bildirib ki, bu çox əhəmiyyətlidir: “Vəkillik ədalətli məhkəmə sistemində vacib institutdur. Yəni əgər vəkillik institutu zəif olarsa, ədalətli mühakimədən söhbət gedə bilməz. Bizim Konstitutiyanın 61 maddəsində hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ əks olunub. Əgər kiminsə, peşəkar hüquqi yardım üçün ödəməyə vəsaiti yoxdursa, hüquqi yardım ödənişsiz, dövlət hesabına göstərilir. Bizdə təəssüf ki, uzun illər idi vəkilliklə bağlı problem var idi. Ən vacib səbəblərdən biri vəkillərin sayının kritik dərəcədə az olması idi. Adam başına düşən vəkil sayına görə, dünyada ən aşağı yerlərdən birini tuturduq. Elə rayonlar var idi ki, orada ümumiyyətlə bir vəkil belə yox idi.

Bilirsiniz ki, vəkilliklə bağlı artıq yeni bir nəfəs hiss edilir. Orada yaxın zamanlarda konfrans keçirilib, yeni rəhbər təyin olunub və bundan sonra ciddi islahatlar başlayıb. Vəkilliyə qəbul üçün müsabiqədə 2000-ə yaxın hüquqşünas iştirak edib. Onlardan 600 nəfərdən çoxu növbəti mərhələyə keçib. Eyni zamanda, prezidentin imzaladığı sərəncam vəkillik institutuna çox ciddi dəstəkdir, həm maddi, həm də mənəvi dəstəkdir. Çünki birincisi ölkə rəhbəri səviyyəsində vəkillik institutunun əhəmiyyəti qeyd edilir və onlara islahatlarda dəstək nümayiş olunur.

Eyni zamanda onlara dövlət tərəfindən yardım təqdim olunur. Yardım da nədən ibarətdir? Onların bina ilə təmin olunması, dövlət sifarişi ilə pulsuz hüquqi yardım göstərən vəkillərin qonorarının 3 qat artırılması, məhkəmə binalarında müvafiq şəraitin yaradılması kimi məsələlər və s. Bu baxımdan Sərəncamı çox əhəmiyyətli hesab edirəm və ümid edirəm ki, Vəkillər Kollegiyasının rəhbərliyi bu aktdan maksimum dərəcədə səmərəli istifadə edəcək. İnanıram ki, bu Sərəncam vəkilliklə bağlı islahatların həyata keçirilməsi üçün ən yaxşı stimul olacaq”.

Hüquqşünas Tağı Hüseynov qeyd edib ki, bu Sərəncama görə, ilk öncə cənab prezidentə, daha sonra isə Vəkillər Kollegiyasının yeni sədri Anar Bağırova təşəkkür edir: “Bildiyiniz kimi, aztəminatlı vətəndaşlar cinayət işlərində təqsirləndirilən zaman dövlət tərəfindən vəkillə təmin edilir. Təbii ki, dövlət tərəfindən təmin olunanda onun pulunu da dövlət ödəyir. Əvvəllər vəkillərin 1 saatı üçün 2 manatı ödənirdi. Prezidentin sonuncu Sərəncamından sonra vəkillərin 1 saatının xidməti üçün 6 manat ödənilir, yəni 3 dəfə artırılıb. Dövlət başçısının Sərəncamı ilə eyni zamanda vəziyyəti ürəkaçan olmayan hüquq məsləhətxanaları üçün yeni binalar tikiləcək.

Anar Bağırov sədr olan gündən Vəkillik İnstitutunda xeyli dəyişiklik oldu. Vəkillər Kollegiyasının yeni sədri gəncdi, savadlıdı, işgüzardı, vəkillərin problemləri ilə tez-tez maraqlanır, bir-bir hüquq məsləhətxanalarına baş çəkir. Vəkillərdən soruşur ki, kimin nə problemi var, nə təklifi var, yəni yaxşılığa doğru bir inqilab eləyib. Inanırıq ki, xoş xəbərlərin də ardı gələcək.

Biz mütəmadi olaraq şahid oluruq ki, cənab prezident vətəndaşların rifahının yaxşılaşdırılması ilə bağlı sərəncamlar, fərmanlar imzalayır. Özüm də dövlət başçısının bu Sərəncamına çox sevindim. Bilirsiz ki, vəkillər cəmiyyətin ziyalı təbəqəsidir. Onların rifahının yaxşılaşdırılması ilə bağlı olan Sərəncam yenə də elmə, ziyalılığa olan diqqətdən irəli gəlir”.


Hüquqşünas Asif Abdullayev isə bildirib ki, dövlət hesabına şəxsin vəkillə təmin olunması məsələsində də bu Sərəncam rolu danılmazdır. Çünki əvvəllər dövlət tərəfindən təyin olunan vəkillərin saatı üçün 2 manat ödənilirdi. Vəkil gedib istintaqda, prosessual məsələlərdə iştirak edirdi, müdafiə ilə məşğul olurdu. Sonda vəkil hesabat verirdi ki, məhkəmədə bu qədər iştirak eləmişəm, bu qədər saat çalışmışam. Tutaq ki, ümumən yazırdı ki, 100 saat çalışmışam bu məsələ üçün. Dövlət onun pulunu ödəyirdi, məsələn, 100 saat üçün 200 manat pul ödənilirdi. Bunlar təbii ki, yalnız dövlət hesabına təmin olunan vəkillərə aiddir. Bu sərəncamın 1.3 bəndində isə həmin məbləğin 3 dəfə artırılması öz əksini tapıb.

Ona görə də bu sərəncam müdafiə məsələsində vəkilləri stimullaşdırır, həvəsləndirir. Düşünürəm ki, bu müsbət addım vəkillərin fəaliyyətindəözünü biruzə verəcək. Əsas vurğulamaq istədiyim məqam odur ki, 2 manatın 6 manatadək artırılması çox mühüm məsələdir. Bu həm vəkil üçün normal bir gəlir deməkdir, zəhmət haqqının normal dəyərləndirilməsi deməkdir. Bu eyni zamanda müdafiə etdiyi təqsirləndirilən şəxs üçün də xeyirlidir. Çünki ən azından vəkili daha da həvəslə çalışacaq. Düşünürəm ki, bu sərəncamdan sonra vəkillər fəaliyyətlərini daha da müsbət məcrada davam etdirəcəklər.

Bilirsiz ki, Azərbaycanda zona üzrə məhkəmələr var – Sumqayıt, Gəncə, Lənkəran, Şəki, Şirvan və s. Sərəncamda eyni zamanda göstərilib ki, vəkillər həmin zonalarda müvafiq binalarla təmin olunsunlar. Bu, birbaşa olaraq vəkilliyin təşkili baxımından vəkillərin maddi-texniki bazasının möhkəmləndirilməsidir. Vəkil hansısa bir zonada gedib çalışırsa, orada çalışması üçün şərait olmalıdır. Sərəncamda əksini tapan bu məsələyə texniki problemlərin də həllinə kömək olacaq”.

Qeyd edək ki, Vəkillər Kollegiyasının sədri Anar Bağırov prezident İlham Əliyevin sərəncamı ilə bağlı müraciət edib. Müraciətdə deyilir: “Bu gün ölkə başçısı cənab İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalanıb. Vəkillik institutunun müstəqilliyinin əsasını qoyan, 1999-ci il 28 dekabr tarixdə Ulu öndər Heydər Əliyev tərəfindən imzalanmış “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun qəbulu həmin dövrdən etibarən Respublikamızda güclü və peşəkar vəkilliyin formalaşmasına təkan vermiş oldu ki, qeyd olunan qanun beynəlxalq təşkilatlar tərəfindən mütərəqqi normativ akt kimi qiymətləndirilmişdi.

Bu gün ölkəmizdə insan və vətəndaş hüquqlarının peşəkar müdafiəsinin təmin edilməsi istiqamətində dövlətimiz tərəfindən çoxsaylı tədbirlər və layihələr icra edilməkdədir. Bu, nəinki vəkilliyin, həmçinin ümumən məhkəmə-hüquq sisteminin ən mütərəqqi meyarlara cavab verəcək şəkildə təşkilini ehtiva etməkdədir. Bu mənada, adı çəkilən sərəncamın qəbulu təsadüfi deyil və onun ali məqsədini vətəndaşların hüquqlarının müdafiəsinin məhz ən yüksək səviyyədə təmin edilməsi təşkil edir ki, sərəncam dövlətimizin bu sahəyə nə qədər diqqət ayırdığını əyani sübut etmiş oldu. Belə ki, bundan sonra hüquqi yardımın göstərilməsinə görə vəkillərə ödənilən haqq 3 dəfə artırılaraq 6 manat təşkil edəcək, regionlarında apellyasiya məhkəmələrinin, ağır cinayətlər məhkəmələrinin və inzibati-iqtisadi məhkəmələrin yerləşdikləri Gəncə, Lənkəran, Sumqayıt, Şəki və Şirvan şəhərlərində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının vəkil qurumlarının fəaliyyətinin təmin edilməsi məqsədilə onların müvafiq binalarla (yerlərlə) təmin ediləcək, respublikanın şəhər və rayonlarında yerləşən hüquq məsləhətxanaları təmir edilməklə, vəkil qurumlarının müasir İKT-nin imkanlarından yararlanmalarına imkan yaradacaq.

Sərəncamda Vəkillər Kollegiyası və onun orqanlarının normal fəaliyyətinin təmin edilməsi üçün zəruri sahələrin ayrılması da nəzərdə tutulub. Eyni zamanda Vəkillər Kollegiyasına tövsiyə edilmişdir ki, Kollegiyaya yeni üzvlərin, xüsusən gənc hüquqşünasların qəbul edilməsi üçün şərait yaratsın, hüquqi xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə vəkillərin peşə hazırlığının artırılması ilə bağlı tədbirlər görsün, vəkillərin öz fəaliyyətində yüksək peşə standartlarına ciddi riayət etmələrini təmin etsin, ölkə üzrə vətəndaşların yüksək keyfiyyətli hüquqi yardıma tələbatını təmin etmək məqsədilə regionlarda vəkillərin fəaliyyətinin stimullaşdırılması üçün tədbirlər hazırlayıb həyata keçirsin, hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslər üçün Vəkillər Kollegiyası tərəfindən pulsuz hüquqi xidmətlər göstərilməsini təşkil etsin, Vəkillər Kollegiyasının fəaliyyətində şəffaflığın artırılması və ictimaiyyətlə əlaqələrin daha da genişləndirilməsi ilə bağlı tədbirlər görsün, Vəkillər Kollegiyasının və vəkillərin fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini və hüquqi xidmətlərin elektron formada göstərilməsi təcrübəsini genişləndirmək üçün vəkilliyin vahid elektron informasiya sisteminin təşkili və bu sistemin “Elektron məhkəmə” informasiya sisteminə inteqrasiyası istiqamətində tədbirlər görsün.

Sonda Azərbaycan Respublikasının Vəkillər Kollegiyası öz üzvləri adından bildirir ki, Kollegiya respublikamızda Ölkə başçısı cənab İlham Əliyevin başçılığı ilə aparılan mütərəqqi məhkəmə-hüquq islahatlarını tam dəstəkləyir və vəkillərin müstəqil fəaliyyəti üçün yaradılmış bütün zəruri şəraitə görə möhtərəm cənab Prezidentə öz minnətdarlığını bildirir”.

Xatırladaq ki, prezident İlham Əliyevin vəkilliyin inkişafı ilə bağlı imzaladığı sərəncamda vətəndaşların yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun həyata keçirilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi və ədalət mühakiməsinin səmərəli fəaliyyəti üçün güclü və nüfuzlu vəkillik təsisatının böyük əhəmiyyəti xüsusi vurğulanıb.

Sərəncama əsasən, Nazirlər Kabinetinə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin və Kollegiyanın digər strukturlarının fəaliyyətinin təmin edilməsi məqsədilə onun Bakıda müvafiq bina ilə təmin olunması üçün əlavə tədbirlərin görülməsi barədə tapşırıq verilib. Həmçinin Azərbaycanın regionlarında apellyasiya, ağır cinayətlər və inzibati-iqtisadi məhkəmələrin yerləşdikləri Gəncə, Lənkəran, Sumqayıt, Şəki və Şirvan şəhərlərində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının vəkil qurumlarının fəaliyyətinin təmin edilməsi məqsədilə onların müvafiq binalarla (yerlərlə) təmin olunması üçün tədbirlərin görülməsi tapşırılıb.

Bundan başqa, Nazirlər Kabinetinə vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına göstərilən hüquqi yardıma görə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 20-ci maddəsinin I hissəsinə müvafiq olaraq, müəyyən edilmiş məbləğin üç dəfə artırılmasının nəzərdə tutulması, habelə Vəkillər Kollegiyasının maddi-texniki təminatı ilə bağlı məsələlərin həlli üçün tədbirlər görmək, o cümlədən Kollegiyanın istifadəsində olan binaların təmiri, zəruri kompüter və digər avadanlığın, habelə nəqliyyat vasitələrinin alınması məqsədilə vəsaitin ayrılmasını təmin etmək barədə də tapşırıq verilib.

Vəkillər Kollegiyasına tövsiyə edilib ki, ixtisas imtahanlarının müntəzəm keçirilməsini təşkil etməklə, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına yeni üzvlərin, xüsusən gənc hüquqşünasların qəbul edilməsi üçün şərait yaratsın, göstərilən hüquqi xidmətlərin keyfiyyətinin daim yüksəldilməsi məqsədilə vəkillərin peşə hazırlığının və ixtisasının artırılması ilə bağlı zəruri tədbirlər görsün, vəkillərin öz fəaliyyətində qanunçuluğa, ədalət mühakiməsinin prinsiplərinə və yüksək peşə standartlarına, o cümlədən əldə etdikləri məlumatların konfidensiallığı, hüquqi yardım üçün müraciət etmiş şəxslərə münasibətdə vicdanlı və nəzakətli davranış tələblərinə ciddi riayət etmələrini təmin etsin, Azərbaycanın şəhər və rayonlarında vətəndaşların yüksək keyfiyyətli hüquqi yardıma tələbatını təmin etmək məqsədilə regionlarda vəkillərin fəaliyyətinin stimullaşdırılması üçün tədbirlər hazırlayıb həyata keçirsin.

Kollegiyaya, həmçinin hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslər üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tərəfindən pulsuz hüquqi xidmətlər göstərilməsini təşkil etmək, Vəkillər Kollegiyasının fəaliyyətində şəffaflığın artırılması və ictimaiyyətlə əlaqələrin daha da genişləndirilməsi ilə bağlı, eləcə də Kollegiyanın və vəkillərin fəaliyyətində müasir İKT-nin tətbiqini və hüquqi xidmətlərin elektron formada göstərilməsi təcrübəsini genişləndirmək üçün vəkilliyin vahid elektron informasiya sisteminin təşkili və bu sistemin “Elektron məhkəmə” informasiya sisteminə inteqrasiyası istiqamətində tədbirlər görmək tapşırılıb.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı