Bakı. 27 fevral. REPORT.AZ/ “Azərbaycan Sığortaçılar Assosiasiyası” (ASA) İctimai Birliyinin (İB) təşkilatçılığı ilə “Kənd təsərrüfatı sığortası modelinin Azərbaycanda tətbiqi” ilə əlaqədar işçi qrupunun növbəti görüşü keçirilib.
“Report” ASA-ya istinadən xəbər verir ki, qurumun sədri Mustafa Abbasbəylinin, İB-nin digər nümayəndələrinin, həmçinin sığorta şirkətlərinin təmsilçilərinin və bu sahə üzrə ekspertlərin iştirakı ilə keçən görüşdə “Kənd təsərrüfatı sığortası haqqında” qanun layihəsi sığortaçılara təqdim edilib və müzakirəyə çıxarılıb.
Müzakirələr nəticəsihndə sığortaçılar üçün mübahisəli məqamlara aydınlıq gətirilib, müəyyən məsələlərlə bağlı qanun layihəsinə düzəlişlər və əlavələr edilməsi, bununla əlaqədar təkliflərin hazırlanıb müvafiq quruma müraciət edilməsi qərara alınıb.
Xatırladaq ki, sözügedən qanun layihəsini Maliyyə Bazarlarına Nəzarət Palatası, ölkə prezidentinin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş “Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi” və “Kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulmuş kənd təsərrüfatı sığortası mexanizminin yaradılması və icrasının təmin edilməsi ilə bağlı hazırlayıb.