“Yezidi kürdlərin sıxışdırılması erməni xuntasının dəsti-xəttidir” – Ekspertlərdən açıqlama

Ermənistanın digər xalqlara qarşı dözümsülüyünün dəfələrlə şahidi olmuşuq. Bildiyimiz kimi, XX əsrin əvvəllərindən Ermənistanda yaşayan azərbaycanlılar və digər milli azlıqlar bir neçə mərhələdə deportasiya edilib. Mərkəzi hökumətin dəstəyi ilə 1948-1953-cü illərdə 144.654 azərbaycanlı zorla Ermənistandan Azərbaycana deportasiya edilib.

Məlumata görə, Ermənistanın təzyiqlərinə baxmayaraq, 1989-cu ilə qədər bu ölkədə 200 mindən çox azərbaycanlı yaşayıb. Nəhayət, 1989-cu ilin sonlarına qədər Ermənistanda yaşayan bütün azərbaycanlılar zorla deportasiya edilib. Ermənistanda yaşayan digər milli azlıqlar Ermənistan üçün təhdid olmasa da, hökumət milli azlıqlara, o cümlədən yezidi kürdlərinə təzyiq edir.

Təsadüfi deyil ki, Ermənistanda bütün sahələrdə, o cümlədən hərbidə də milli azlıqlar sıxışdırılır. Bir neçə gün öncə isə Ermənistan ordusunun milliyətcə yezidi kürd olan hərbi qulluqçusu xidmət yoldaşları tərəfindən döyülüb. Hadisə işğalçı ordunun Ağdərə yaşayış məntəqəsində yerləşdirilmiş 6-cı alayın bölmələrindən birində baş verib.

İnsidentdə Volodya Hunayanın adı hallandığından faktla bağlı istintaq davam edir. Kürd əsilli hərbi qulluqçunun aldığı xəsarətlər barədə ekspertiza rəyi veriləcək. Hadisə ictimaiyyətdən gizlədilsədə hərbçinin ailəsi bundan xəbər tutub və əgər məsələ ört-basdır edilərsə, yuxarı instansiyalara şikayət edəcəklərini bildiriblər.

Yezidi kürdlərin Ermənistanda sıxışdırılması məsələsini Metbuat.az-a şərh edən politoloq Mübariz Əhmədoğlunun sözlərinə görə, Ermənistan ümumiyyətlə irqçi, nasist nəzəriyyə ilə idarə olunanan dövlətdir: “Yəni düşüncə tərzinə görə, ermənilərin böyük əksəriyyəti faşist düşüncəsinin daşıyıcısıdır. Hətta yezidi kürdlərə qız vermirlər, onlardan qız almırlar.

Təsəvvür edin, onlar ermənilərlə bir arada olanda, ermənilər çalışır ki, həmin məclisi mümkün qədər tez tərk etsin. Amma təbii ki, dövlət rəsmiləri müəyyən qədər fərqli münasibət nümayiş etdirirlər. Bu da onunla əlaqədardır ki, onların İraqdakı kürdlərlə müəyyən bağlılığı, əlaqələri var, Türkiyənin əleyhinə istifadə etmək istəyirlər.

Kürdlərin bütöv olmaması yezidi kürdlərinin vəziyyətini daha da çətinləşdirir. Yəni, onlar öz problemlərini İraq Kürdüstan rəhbərinə çatdıra bilmirlər ki, “ermənilərlə əməkdaşlıq etməyin, onlar bizə yuxarıdan aşağı baxır” və s. Dediyim kimi, Ermənistanda onlara münasibət irqçi, faşist nəzəriyyənin qüvvədə olduğunun ən bariz nümunəsidir.

Orduda da ən ağır işləri onlara gördürürlər. Ümumiyyətlə yezidi kürdləri Ermənistanın bütün təbəqələrində sıxışdırılırlar. Onlar üçün Ermənistanda rahat sahə yoxdur. Ermənistan Milli Məclisinin deputatları hətta Parlamentin iclasında yezidi kürdlərlə bağlı aşağılayıcı bəyanatlar verib, fikirlər səsləndirirlər. Düzdür, sonradan təkzib veriblər, amma fakt budur ki, ermənilərin düşüncəsi budur”.

Ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov isə Metbuat.az-a açıqlamasında bildirib ki, yezidi kürdlərinin Ermənistanda sıxışdırılması ilə bağlı məlumatlar doğrudur: “Bu da ermənilərə xas xüsusiyyətdir. Çünki ermənilər özlərindən başqa heç kimi istəmirlər. Bu tarixdən belə gəlib, əgər bir yerdə erməni varsa, onlar digər millətləri sıxışdırırlar. O ki, qaldı yezidi kürdlərinə, aprel hadisələrindən sonra erməni elçiləri gedib İraqda və Suriyada olan yezidi kürdlərinə müraciət etmişdilər. Bildiyimiz kimi, əsas Mosula yaxın ərazidə onların iqamətgahı var. Qarabağda bilirsiz ki, aprel hadisələrindən sonra müharibənin hər an başlayacağından qorxan bəzi ermənilər çıxıb getmişdilər. Həm təsərrüfatı böyüdə bilmirdilər, çünki bilmirlər onları orada nə gözləyir, həm də əminlik olmadığı üçün oranı tərk edirdilər. Hətta biz bilirik ki, cəbhə bölgəsində, təmas xəttinə yaxın yaşayış məntəqələrində gecə postlarda dayanmaq üçün əsgər çatışmayanda, pul qarşılığında oradakı əhalidən istifadə olunur.

Aprel hadisələrindən sonra bu böyük bir problemə çevrilib. Problemin biri odur ki, aprel hadisələrindən sonra Ermənistanda olan valideynlər övladlarını hərbi xidmətə göndərməkdən imtina etdilər. Digər bir problem isə odur ki, təmas xəttinə yaxın yerlərdə yaşayan ermənilər çıxıb getməli oldu. O boşluğu doldurmaq üçün erməni elçiləri o zaman qaçqın problemi ilə üzləşən Avropa, o cümlədən Yaxın Şərq, Suriya və İraqda olan yezidi kürdləri Qarabağa yerləşdirmək üçün müraciət etdilər və yerləşdirdilər. Indi isə yezidi kürdlərin sıxışdırılması problemi ortaya çıxıb. Ona görə ki, yezidi kürdlər Avropa ölkələrində olan qaçqınlar kimi başqa şeylər gözləyirdilər. Yəni müəyyən qanunların olduğu, müəyyən imtiyazların verilən qaçqın əhali birdən-birə gəlib düşüb Qarabağa. Onlar əvvəl bilmirdilər Qarabağ nədir, haradır. Öz əhalisinin sosial problemlərini həll edə bilməyən Ermənistanda təbii ki, yeni gələn qaçqınların sosial problemlərini lazımi formada həll edə bilmədilər, verilən vədlər yerinə yetirilmədi.

Əhalini sıxlığını artırmaqdan başqa, onların Qarabağa yerləşdirilməsinin ikinci əsas məqsədi də odur ki, ermənilər yezidi kürdlərdən təmas xəttində muzdlu kimi istifadə etsinlər. Ancaq təbii ki, yezidi kürdləri də digər insanlar kimi özlərinə sosial təminat, problemlərinin həll olunmasını istəyirlər. Təmas xəttində Azərbaycan Hərbi Qüvvələrinə qarşı olan ermənilərlə birgə yezidi kürdləri müəyyən şərtlər irəli sürürlər. Erməni Hərbi Komandanlığı da əvvəl o şərtləri qəbul etsələr də, sonra onları yerinə yetirə bilmədilər. Zamanla ermənilər onlara digər əsgərlər kimi yanaşmağa başladılar, yezidi kürdləri başqa şərtlərlə gəlmişdilər və o şərtlərlə xidmətə başlamışdılar. Şərtləri yerinə yetirilməyəndə də öz etirazlarını bildirirdilər. Bu etirazlar isə Qarabağda olan hərbi rəhbərliyi qane etmir. Buna görə də müəyyən ziddiyyətlər ortaya çıxır. Həmin ərazidə olan həm erməni əsgərlər, həm də komandanlıqla yezidi kürdləri arasında problemlər yaşanır. Dediyim kimi, bu etirazların əsas səbəbi müəyyən vədlərlə Qarabağa gətirilib orada yerləşdirilən yezidi kürdlərə verilən vədlərin daha sonra yerinə yetirilməməsidir. Bu etirazlar gözlənilən idi. Çünki onlar öz ərazilərini tərk edib qaçqın şəklində daha rahat, daha imtiyazlı, verilən vədlərin yerinə yetirilməsini istəyən bir kütlədir. Ancaq onlar Qarabağa gəlib bunu görmədilər. Avropada yaşayan qaçqınlar təbii ki, onlardan qat-qat daha yaxşı yaşayırlar. Çünki orada müəyyən qanunlar işləyir, müəyyən imtiyazlar verilir, qaiməlik var. Bu, təbii ki, erməni xuntasının dəsti-xəttidir. Bunu biz bilirik, amma yezidi kürdlər bilmirdi, indi onlar da bilir, ona görə də belə problemlərin içindədilər”.

Günay Elşadqızı / METBUAT.AZ

“Onların məqsədi yalnız şəxsi ambisiyalarıdır” – Millət vəkilləri


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı