“Arzu edirəm ki, Azərbaycan çox tezliklə Türkiyə ilə belə bir strateji saziş imzalasın” – Millət vəkili

Xəbər verdiyimiz kimi, rusiyalı politoloq Qriqori Trofimçuk “1in.am” saytına açıqlamasında bir sıra sensasiyalı açıqlamalar verib.

Metbuat.az xəbər verir ki, rusiyalı politoloq bildirib ki, Qarabağda müharibənin yenilənməsi təhlükəsi həqiqətən mövcuddur: “Tarix bu konfliktin iştirakçılarına Aprel müharibəsindən sonrakı iki il ərzində gərginləşən geosiyasi situasiyada həll tapmağa şans verdi. Lakin tərəflərə hələ də strateji həll tapmaq mümkün olmayıb. Bəzi taktiki təkliflər edilib, amma strateji həll yoxdur.

Qarabağ Azərbaycanın daxili siyasətində ciddi problemdir və Azərbaycanın davranışında əsas faktor hesab edilir. Qarabağ məsələsi Ermənistan üçün də çox vacibdir, amma birinci yerdə dayanmır. Əgər biz Aprel müharibəsində Azərbaycanın bəzi əraziləri öz nəzarəti altına almasını nəzərə almasaq, o zaman indiki situasiyanın Ermənistan üçün sərfəli olduğunu deyə bilər. Ona görə ki, Azərbaycan Aprel savaşında Qarabağı geri qaytara bilmədi. Ermənistan və Azərbaycan arasında Qarabağ məsələsinə münasibətdə bu cür fərq qaldığı müddət ərzində bu disbalans situasiyanı partladacaq.

Mən çoxdan demişəm ki, biz gərək təkcə Qarabağa yox, digər istiqamətlərə də nəzər yetirək. Fərqli istiqamətlərdən biri Naxçıvan ola bilər. Bu isə müharibədə balansın bərpası vasitəsi ola bilər. Əgər Azərbaycan Qarabağda hərbi əməliyyatlara başlasa, Ermənistanın situasiyanı Naxçıvan ətrafında gərginlik yaradaraq balanslaşdırması mümkündür”.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən millət vəkili Tahir Kərimlinin sözlərinə görə, Dağlıq Qarabağ məsələsi hər zaman şübhəli məqamlara istinad olunaraq, Rusiyada çox geniş şəkildə təbliğ olunur: “Düşünürəm ki, o zamanlar Osmanlı imperiyası (ermənilərin yaşadığı İraq, Suriya və digər ərazilər də orada idi) və İran, yəni, o vaxtki Qacarlar dövləti çox böyük səhv elədi ki, ermənilərin Qafqaza gəlməyinə icazə verdilər. Onlar başa düşmürdülər ki, kompakt şəkildə Qafqaz arealında yaşayacaq ermənilər gələcəkdə Rusiyanın köməkliyi ilə öz dövlətlərini qura bilərlər. Bunu görə bilmədikləri üçün onun bütün əzablarını bu gün də çəkirik. Rusiya hələ də Ermənistanın himayəçisidir, onların politoloqları çox ciddi şəkildə erməniləri müdafiə edirlər. Rusiyanın demək olar elə bir sferası yoxdur ki, erməni lobbisi orada təmsil olunmasın. Xüsusilə də onların təbliğat-təşviqat işlərində çox ciddi şəkildə iştirak edirlər. Bunu Rusiyanın bütün televiziyalarında, saytlarında görmək olar. Əslində onlar ermənilərin adından danışmırlar. Politoloq əslində demir ki, Azərbaycan Qarabağ məsələsini dərinləşdirsə, Ermənistan Naxçıvan məsələsini ortaya qoyar, demək istəyir ki, belə bir şey olarsa, biz, Naxçıvan məsələsini ortaya qoydurarıq. Yəni birmənalı şəkildə onları himayə etməkdən əl çəkmirlər.

Çox təəssüf edirəm ki, Azərbaycan tərəfi Rusiya tərəfinə nə qədər müsbət reveranslar edir, amma onun nəticəsi görünmür."

Millət vəkili deyir ki, Naxçıvanda bir zamanlar ermənilər yaşasa da, Ermənistanda da axı azərbaycanlılar, türklər yaşayıb: “Naxçıvanda hər zaman azərbaycanlılar, türklər yaşayıb. Ermənilər ora gəlmələr olublar, onlar indiki Ceyhan limanının yaxınlığında bir balaca ərazidə, Balkanlarda, Dəclə-Fərat çayının ətrafında olublar. Sonra oradan paylanıblar digər ərazilərə. Onlar indi böyük dövlətlərə müdaxilə edə bilmirlər, məsələn, kürdləri müdafiə edirlər ki, İraq, Suriya, Türkiyəyə iddiaları olsun. Amma onlar çox deyillər və o coğrafi ərazilərin çoxunu itiriblər. Ona görə də gəlib Azərbaycanı hədələyirlər. Çox təəssüf edirəm ki, Rusiyanın bu cür politoloqları onları belə həvəsləndirir, körükləndirir. Ancaq bu, heç vaxt baş verə bilməz. Rusiya ilə Türkiyə arasında Qars müqaviləsi var, ona əsasən də Naxçıvan Azərbaycanın tərkib hissəsidir. Əgər ora hər hansı bir hücum olarsa, Türkiyə dövləti buna qarışa bilər, onun qarantiyası var. Həm də əvvəlki zaman deyil ki, onlar belə bir iddiada olsunlar, indi Azərbaycan dövləti çox qüvvətlənib”.

- Tahir müəllim, rusiyalı politoloq açıqlamasında bildirib ki, Rusiya konfliktə heç bir tərəfdən, özəlliklə Ermənistan tərəfindən - onun Moskvanın müttəfiqi olduğunu nəzərə alaraq belə - qoşulmayacaq. Digər tərəfdən, əgər Rusiya Ermənistan tərəfdən müharibəyə qoşulsa, o zaman Azərbaycan tərəfindən müharibəyə ciddi güc mərkəzləri – ilk növbədə isə Türkiyə və ABŞ müdaxilə edəcək.

- Rusiya və Ermənistanın strateji sazişi var. Bu sazişə görə, Ermənistan ərazisinə müdaxilə olsa, Rusiyanın hüquqi cəhətdən qarışmaq ixtiyarı var. Amma bizim nə Amerika ilə, nə də Türkiyə ilə belə bir sazişimiz var. Ona görə də, rusiyalı politoloqun dediyi düz məlumat deyil. Arzu edirəm ki, Azərbaycan çox tezliklə Türkiyə ilə belə bir strateji saziş imzalasın ki, analoji hücum olarsa, hər iki dövlətə hücum kimi qarşılansın. Bu, mütləq lazımdır. Ruslar bir tərəfdən erməniləri qorxudurlar, istəyirlər ki, Rusiyaya daha da bağlı olsunlar, digər tərəfdən isə onları müdafiə edib şirnikləşdirirlər. Düşünürəm ki, bu açıqlama ancaq təbliğat vasitələrindən biridir.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı