"Fiorentina"nın kapitanı Davide Astorinin ölümü dünya futbol ictimaiyyətini şoka salıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, İtaliya yığmasının sabiq üzvünün 31 yaşında dünyasını dəyişməsi komanda yoldaşları və azarkeşlərlə yanaşı, digər klublardakı həmkarlarını da sarsıdıb.

Astorinin ölümü ilə bağlı bəzi məqamlar da üzə çıxıb. Onu sonuncu dəfə sağ görən şəxs "Fiorentina"nın qapıçısı Marko Sportiello olub. Adı "Udineze" ilə oyunun start heyətinə salınan çərçivə qoruyucusu şənbə günü axşam saat 23:30-da Astorini görüb. Daha sonra isə bütün futbolçular yatmaq üçün otaqlarına çəkiliblər. Astori kapitan olduğu üçün otaq yoldaşı olmayıb.

Komanda səhər yeməyinə yığışanda məşqçilər korpusu və futbolçuların diqqətini bir məqam cəlb edib. Həmişə səhər yeməyinə birinci düşən Astori yeməkxanada yoxdu. Bu, "Fiorentina"nın üzvlərini təəccübləndirib və dərhal massajçını Davidenin otağına göndəriblər. İlk şoka düşən şəxs də elə o olub. Astorinin otağına daxil olanda kapitanı ölü vəziyyətdə tapıb. Dərhal digərlərinə məlumat verib. Klubun həkimi cəsədə baxan kimi yuxudan oyanmayan kapitanın bir neçə saat əvvəl öldüyünü deyib.

“O, atasının ideal insan olduğunu bilməyə layiqdi” - FOTO

Şoka düşən "Fiorentina" rəhbərliyi dərhal telefon vasitəsilə Astorinin ailə üzvlərinə, valideynlərinə və yaxınlarına məlumat verib. Onlar isə bəd xəbəri eşidən kimi Berqamodan - Astorinin anadan olduğu yerdən - futbolçunun Florensiyadakı evinə, fransız xanımı Françesko Fioretti, 2 yaşlı qız övladı Vittoria və iki həftə öncə doğulan digər qızı Nikolanın yanına yollanıblar. Mərhum futbolçunun cəsədi isə ölüm səbəbini müəyyənləşdirmək üçün Udinezedə morqa aparılıb. Məlum olub ki, Astori infarkt keçirdiyinə görə dünyasını dəyişib.

"Fiorentina" rəsmiləri ilə yanaşı, digər klublar və ulduz futbolçular da sosial şəbəkələrdə paylaşımlar edərək, başsağlığı verib, mərhum müdafiəçinin ailəsinin dərdinə şərik olublar.

Arturo Mastronardi ("Fiorentina"nın nümayəndəsi): "Çox söz yazmaq istəyirəm, amma bunu edə bilmirəm. Həmişə qəlbimdə qalacaqsan.

"Səhər yeməyinə birinci o gələrdi. Amma bu dəfə saat 09:30 olsa da, hələ də yeməkxanada yox idi. Buna görə də, Astorini yoxlamağa getdilər. Massajçılardan biri otaqda onun cəsədini tapıb".

“O, atasının ideal insan olduğunu bilməyə layiqdi” - FOTO

Andrea Della Valle ("Fiorentina"nın sahibi): "Hələ də şokdayam. Astori əsl kapitan idi. Onun üçün darıxacağıq. Martın 5-də onunla yeni müqavilə imzalayacaqdıq".

Canluici Buffon ("Yuventus"un kapitanı): "Salam, əzizim Astori. Mən bir insan haqda fikirlərimi ictimai şəkildə bildirməyi xoşlamıram. Çünki münasibətlərin gözəlliyi və unikallığını, qarşılıqlı hörmət və bağlılığı əks etdirən hisslər ona qiymət verə bilməyənlərə ötürülməməlidi. Bu dəfə isə sizin üçün öz qaydalarımdan kənara çıxıram. Çünki gənc xanımınız və ailə üzvləriniz var ki, onlar hazırda çox məyusdular. Xüsusilə, kiçik qızınız atasının ideal insan olduğunu bilməyə layiqdi. Siz böyük insan idiniz, eleqantlıq, savadlılıq və digərlərinə hörmət etmək bacarığını özünüzdə birləşdirirdiz. Siz idman həyatımda qarşılaşdığım ən yaxşı fiqurlardan biri idiniz".

Çezare Prandelli (İtaliya millisinin sabiq baş məşqçisi): "Astorini yığmaya ilk dəfə mən çağırmışam. Millinin düşərgəsinə gələndə uşaq kimi məsum və sevincli idi".

Françesko Totti ("Roma"nın əfsanəsi): "Bu, faciədi. İnana bilmirəm. Astorinin yaxınlarına səbr diləyirəm".

Serxio Ramos ("Real"ın müdafiəçisi): "Astorinin ölüm xəbəri bizi sarsıtdı. Hüzur içində yat, kapitan".

Mark-Andre Ter Ştegen ("Barselona"nın qapıçısı): "Şokdayam. Hazırda fikrim Astorinin ailəsinin, dostlarının yanındadı. "Fiorentina" klubu və İtaliya futboluna başsağlığı verirəm. Hamımız bir nəfər kimi yanınızdayıq. İstirahət et, kapitan".

“O, atasının ideal insan olduğunu bilməyə layiqdi” - FOTO

Qeyd edək ki, Davide Astori "Fiorentina"nın Avropa Liqasının 2016/2017 mövsümündə Bakıda "Qarabağ"la keçirdiyi oyunda 90 dəqiqə meydanda olub.

“O, atasının ideal insan olduğunu bilməyə layiqdi” - FOTO

Milli.Az