Qışın oğlan çağı Maldiv adalarına səfər hazırlığı günlərində ağlımda tək olan şey isti Hind okeanı sularında üzüb ”sümük qızdıran” qumluqda özümü günə vermək idi, ayrı heç nə.
Bilirəm, soyuq havada elə hamının könlündən isti yer keçir. Dini kitabların yazdığı cənnət də elə adamların kölnündən keçən yerlərin təsviridi, başqa bir şey deyil. Günü günəş altında ötən insanlar sərin bulaqlı meşə-çəmən arzuladığı kimi soyuq yerin adamı da isti qumu, palması olan dəniz sahilini cənnət hesab edir.
“Ölkələr və şəhərlər” silsiləsindən olan əvvəlki səyahət yazılarımı oxuyanlar görmədiyim yerlərə getmək həvəsimin səbəbini anlamış olarlar. Olmadığı yeri olduğu yerlərdən daha gəzməli-görməli zənn edənlərdənəm. İnsan belədi, elə bilir ağacda qalan alma dərdiyindən dadlıdı.
Elə o görmək, gəzmək həvəsiylə yolumu bu dəfə Maldiv adalarından saldım. Stokholmda yaşayan dostlarla birlikdə “düşdük yolların ağına”.

Stokholmdan Dohaya 6, Dohadan Maleyə 5 saatlıq uçuşa yaşadığım şəhərdən İsveç paytaxtına 500 kilometrlik məsafə qət etməyim də əlavə olunsa “sümük qızdırmaq” bəhanəsiylə dünyanın o başına getməyin macəradan başqa bir şey olmadığını siz də deyərsiniz. Sizi bilmirəm, mənim xoşuma gəlir macəralı səfərlər. İllah da əvvəl görmədiyim cazibədar yer ola.
Bəribaşdan onu deyim ki, işdi-şayəd, Maldivə səfər eləmək istəsəniz elə qış aylarını seçin.
Üfüqün itdiyi an

Maldivdə bizim kimi mövsüm bölgüsü yoxdu, yerli əhali üçün yaz, yay, payız, qış fərq eləməz. Onlar ili yağışlı, bir də yağışsız mövsümə bölürlər. Bizim səfər etdiyimiz yanvar ayı ilin yağışsız dövrünə təsadüf eləsə də bir-iki dəfə ürəyim istəyən yağışa düşdüm.
İsti dənizə yağan ilıq leysan altında çimməkdən ötrü sino gedirəm. Bir kərə belə yağışa Karib dənizində düşmüşəm, Kubada, Varadero çimərliyində. Bir dəfə də cənubi Afrika sahilində, Durban şəhərində keçirilən konfransda girəvələyib özümü vermişdim yağışlı Hind okeanına.

Bu səfər isə isti leysanın birinə – Ukulhas adasında – çatdıra bildim özümü. Bunun keyfini necə təsvir edim ki, siz də hiss edəsiniz?!
Təsəvvür eləyin, bir yanda okeanla göyün sərhədi itib: yaşımtıl, göyümtül, bozumtul rənglərin tünd çalarları bir-birinə qarışıb – üfüq yoxdu! Ayvazovskinin rəsmləri təki. İlk baxışda qorxulu gəlir adama, amma elə deyil, nə qədər qəribə səslənsə də, xoş qılığı var bu “qorxulu” mənzərənin.