Play Store

Bir hadisəni TƏKRAR yaşamaq - Yuxu, öncəgörmə, yoxsa DEJAVU?

Bəzən hansısa bir hadisəni daha öncədən yaşamış, ilk dəfə gördüyümüz yeri daha öncədən görmüş kimi hiss edirik. Yaşlı insanlar bunu insan ruhunun yaşlı olması ilə əlaqələndirir. Deyilənə görə, ruh yaşlı olduğu zaman insan cavan olsa belə bu hiss yarana bilir.

Şair Ramiz Rövşənin “Dünya mənə tanış gəlir” şeirində də deyilir:

Bir dəfə də gəlmişəmmi?
Gəlmişəmmi, görmüşəmmi?
Yaşamışam, ölmüşəmmi
Dünya mənə tanış gəlir.

Əksər insanın başına gələn bu hadisə insanlar arasında öncəgörmə kimi qəbul edilsə də, əslində bunun elmi bir izahı var – Dejavu. Dejavu-fransızca 2 sözün birləşməsindən əmələ gəlmiş bir termin olub, deja - daha öncədən, voir - görmək deməkdir.

Dejavunın mənşəyi qədimlərə gedib çıxsa da, mövzu ilə bağlı elmi tədqiqatlar XX əsrdə başlayıb. İlk dəfə dejavu termini 19-cu əsrin sonlarında fransız psixoloqu Emil Buarak tərəfindən “Gələcəyin psixologiyasi” kitabında işlədilib. 1896-cı ildə psixologiya üzrə professor Artur Allin dejavu prosesinin yaddan çıxmış yuxularla əlaqədar olduğu nəticəsinə gəlib.

Elmi yanaşma bu təcrübənin qeyri-adi bir hadisə olmadığını, yaddaş ilə bağlı yaşanan anomaliya nəticəsində hadisənin daha əvvəl yaşanmış kimi qəbul edildiyini deyir. Tədqiqatçıların apardığı araşdırmalar insanların 70%-nın bu təcrübəni həyatlarında ən azından bir dəfə yaşadığını göstərir.

“Dejavu xəstəlik deyil, ancaq onu sindrom adlandırmaq olar”.

Bunu Metbuat.az-a açıqlamasında Respublika Təhsil İnstitutunun “Psixogigiyena və tibbi-psixoloji diaqnostika laboratoriyası”nın direktoru, professor Yaşar İbadov bildirib.

Onun sözlərinə görə, dejavu daha öncədən görülmüş mənasını verir:

“Yəni, dejavu hazırda baş verən hər hansı bir hadisənin və ya görüntünün daha əvvəlcədən rast gəlindiyi təsəvvürünü yaradan psixi prosesdir. Bu prosesin 3 növü ayırd edilir:

Deja vekyu (artıq yaşanmış) - hər hansı bir hadisənin əvvəllər də olduğu hissini yaradır və belə şəxslər gələcəkdə nələr baş verəcəyini söyləyə bilərlər. Ancaq qeyd etməliyik ki, bu, heç də “öncəgörücülük” deyil.

Deja senti (artıq hiss edilmiş) - hansısa bir hissin (məs. qoxu, səs və s. kimi hisslərin) daha əvvəlcədən yaşandığını izah edən bir haldr.

Deja vizit (artıq gedilmiş) - hansısa görüntünün əvvəllər də rast gəlindiyi təsüratını yaşamaqdır. Belə halda insan getdiyi yeni məkanda əvvəllər olduğunu təkid edir.

Statistikaya görə deja vekyu halları daha çox rast gəlinir. Ümumiyyətlə isə dejavu həyatda orta hesabla 60-70% insanlarda (bəzi mənbələrdə bu faizi daha çox, hətta 97% göstərirlər) ömrü boyu heç olmasa bir dəfə rast gəlinir. Belə qərara gələ bilərik ki, bu hal yer kürəsində mövcud olan insanların çoxunda baş verə bilən psixofizioloji bir prosesdir. Belə halların az-az rast gəlinməsi müəyyən mənada qeyri normal sayılmasa da (məs, dejavunun hər bir insanda həftədə bir və ya iki dəfə baş verməsi normal sayılırsa), onun bir insanda tez-tez təkrarlanması faktları müxtəlif mənşəli problemlərlə əlaqədar ola bilər. Məsələn, uşaqlarda beynin gicgah payının epilepsiyası xəstəliyində, xroniki yorqunluq hallarında, yaşlılarda beyin pozuntularında, depressiyada, şizofreniyada, həmçinin bir çox psixotrop dərman preparatlarının istifadəsi zamanı və s.

Hər gün dejavu olursa...

Elə təsadüflər də qeydə alınır ki, bəzi insanlarda dejavu hər gün rast gəlinir. Əsasən bu hallar müxtəlif dərəcədə diskomfort hissiyyatı yaradırsa, bəzən onlar qorxu və stress keçirə bilirlər. Dejavu xəstəlik deyil, ancaq onu sindrom adlandırmaq olar. Əslində, o normada rast gəlinən psixoloji haldır. Dejavunu xarakterizə edən elementlər sırasına onun bir insanda təkrar olması, adətən gənc yaşlarda daha çox rast gəlinməsi, baş verəndə davam etmə müddətinə görə fərqliliyi (1-2 saniyədən başlayaraq bəzən 3-4 dəqiqəyə qədər uzana bilir) xarakterikdir.

İslam fəlsəfəsi bunu qəbul etmir

Dejavunun yaranma səbəblərindən bir çoxunu müxtəlif dövrlərdə müxtəlif alimlər müxtəlif nəzəriyyələrlə izah etməyə çalışıb. Belə ki, tarixə bu məzmunda müraciət etsək, aşağıdakı mənzərənin şahidi olarıq. Hələ qədim dövrlərdə yunanlar reinkarnasiya (insan ruhunun təkrar qayıdışı və ya bir bədəndən başqasına keçməsi) prosesinə inanırdılar. Parapsixoloqlar indi də dejavunun izahında reinkarnasiya teoriyasını əsas tuturlar. Bu izaha görə, insan bir neçə dəfə həyatda doğula bilər və əvvəlki həyatda yaşadığı epizodları yada sala bilər. Ancaq bildiyimiz kimi İslam fəlsəfəsi bunu qəbul etmir.

İnsan indiki zamanı keçmiş zaman kimi qəbul edir

Çoxları dejavunu genetik yaddaşla - əcdadların həyatları haqqında olan yaddaşla əlaqələndirirlər. Daha sonralar əsl səbəb hələ tam aydın olmasa da, dejavunuizah edə bilən əsas 2 populyar nəzəriyyə yarandı ki, onlardan birincisi gözlərlə əlaqədardır. Buna Optik gecikmə nəzəriyyə adı verilib. Bu nəzəriyyə dejavunu bir gözün gördüyünü o biri gözdən qabaq qeydə alması ilə izah etməyə çalışdı. Ancaq bəzi hallarda olan dejavu proseslərini izah edə bilmədi. Məs, bir gözü kor olan adam da dejavu halı yaşayır, yaxud eşitmə və toxunma ilə əlaqədar dejavulər necə baş verir sualına aydınlıq gətirə bilmədi. İkinci nəzəriyyə (Beynin funksiyasının bölünməsi nəzəriyyəsi) isə dejavunun səbəbini insan yaddaşının anomaliyası ilə əlaqələndirdi. Beyin baş verən hadisəni hələ analiz etməmiş yaddaşda saxlayır. Bu qısamüddətli və uzun müddətli yaddaş arasında (nevroloji sistemdə hippokamp və parahipokamp arasinda) qarşılıqlı əlaqənin pozulması nəticəsində baş verir. Nəticədə qısaca desək, insan indiki zamanı keçmiş zaman kimi qəbul edir.

Dejavu fizik alimlər tərəfindən də izah edilməyə çalışılıb. Nəticədə ekstatik bir konsepsiya yaradılıb ki, həmin konsepsiyaya görə zaman keçmişdə, indiki zamanda və gələcəkdə eyni anda cərəyan edir. İnsan şüuru isə hadisələri ancaq bizim “indiki zaman” adlandırdığımız məfhum çərçivəsində qavrayır. Fiziklər dejavu halını zaman içərisində yaranmış dəyişikliklərlə əlaqədar baş verdiyini təkid edirlər.

Bu deyilənlər Holoqram nəzəriyyəsində daha da aydınlaşdı. Burada izah edilir ki, hazırda yaşanan hadisənin tam mənzərəsini yaratmaq üçün bütün hisslərdən informasiya toplamağa çalışan beyin keçmişdə yaşanan hadisəyə aid qoxu, görüntü və səs kimi eyni, yaxud oxşar detalları uzun müddətli yaddaşdan geri gətirir. Keçmişə aid həssas təəssüratlar yeni baş vermiş hadisənin təəssüratları ilə üst-üstə düşür və ona uzun müddətli yaddaşdan gəlmiş xatirə görüntüşü verir. İnformasiyanın yeni, ən son hissəsi xatırlandığı zaman insan həmin hissənin uzun müddətli yaddaşdan gəldiyini və ona görə də uzaq keçmişə aid olduğunu fikirləşir.

Sağlamlığa təhlükə yaratmır

Bununla yanaşı dejavunu süni olaraq gipnozla və ya beynin gicgah nahiyyəsinə elektrostimulyasiya ilə də yaradaraq tədqiqatlar davam etdirilir. Dejavunun belə bir qeyri adi və sirli bir psixoloji hal olmasına baxmayaraq, o insan saqlamlığına təhlükəli sayılmır. Lakin yuxarıda qeyd etdiyimiz kimi dejavunu xarakterizə edən elementlər artarsa onda artıq müalicə haqqında düşünmək lazımdır və bu sahədə ixtisaslı kadrlara muraciət etmək lazımdır. Bu halın mualicəsi onunla yanaşı olan xəstəliklərin müalicəsindən başlanılmalıdır. Yanaşı olaraq dejavu İnformasiya yükündən, güclü yorğunluqdan və ya “xroniki yorğunluq” adlı diaqnozdan sonra arta bilər ki, belə hallarda bədənə və beyinə dinclik və istirahət verilməlidir. Sanator kurort, fizioterapiya və təbiətlə müalicəyə, meditasiya və relaksasiya kimi metodlara üstünlük verilməlidir. Zərərli vərdişlərdən uzaq olmağa, aktiv həyat tərzinə yiyələnməyə, idman və gimnastika ilə məşqul olmağa çalışmaq lazmdır. Pozitiv enerjiyə köklənmək üçün psixoreablitasiya seansları qəbul etmək yorğunluğu tez çxarır, iş qabiliyyətini bərpa edir. Düzgün iş, qida və yuxu rejiminə əməl edilərsə daha tez və daha keyfiyyətli nəticə alınır”.

Xəyalə Məmmədova / METBUAT.AZ

Yuxudakı səs ondan evin zirzəmisini qazmasını istədi - Qazıb baxın nə tapdı / VİDEO – Oxumaq üçün tıklayın!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR