Finlandiya və Norveç Arktik dəmir yolu layihəsini həyata keçirəcək

Finlandiya və Norveç hökumətləri arasında Finlandiyanın şimalından Barents dənizi sahillərinə qədər Arktik dəmir yolunun tikintisi layihəsinin həyata keçirilməsinə dair saziş imzalanıb.

Metbuat.az xəbər verir ki, regionda ticarət marşrutları və biznes imkanlarının yaxşılaşdırılmasına xidmət edəcək yeni dəmir yolu Finlandiyanın şimalındakı Rovaniemi şəhərindən Rusiya sərhədlərinin 15 kilometrliyində yerləşən Norveçin Kirkenes limanınadək uzanacaq.

İki ölkənin hökumətlərinin hesablamalarına görə, 2030-cu ildə istifadəyə veriləcək dəmir yolunun tikintisi 2,9 milyard avroya başa gələcək. Bu, Avropa İttifaqına üzv dövləti Şimal Buzlu okeanı limanı ilə birləşdirəcək ilk dəmir yolu olacaq.

İmzalanma mərasimindən sonra Finlandiyanın nəqliyyat və kommunikasiyalar naziri Anne Berner bildirib ki, Arktik dəmir yolu layihəsi Arktik Avropa ilə kontinental Avropanı birləşdirəcək mühüm nəqliyyat dəhlizi olacaq, bir çox sənaye sahəsinin inkişafına təkan verəcək.

Finlandiyalı nazir əlavə edib ki, dəmir yolu gələcəkdə inşa ediləcək Finlandiya-Estoniya dənizaltı tuneli, həmçinin 2026-cı ildə tamamlanacaq Tallinn-Varşava nəqliyyat dəhlizi ilə birləşdiriləcək.

Arktik ölkə olmamasına rəğmən, ötən ay Çin hökuməti də Şimal Buzlu okeanı ilə yükdaşımalarında fəal iştirak etmək niyyətini açıqlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR