“BakuBus”un sürücüsünü təhqir edən avtobus sürücüsü ondan üzr istədi.
Bu barədə Publika.az-a “BakuBus”MMC-nin mətbuat xidmətinin rəhbəri Mais Piriyev məlumat verib.
Onun sözlərinə görə, hadisə barədə hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılıb.
“Fevralın 28-i saat 14:08-da 1 saylı marşrut xətti üzrə hərəkət edən “BakuBus”a məxsus 99-JX-256 dövlət qeydiyyat nişanlı avtobus sürücüsünün, qaydaları pozaraq avtobusun hərəkət zolağında saxlamış 99- AL-789 dövlət qeydiyyat nişanlı avtomobil sürücüsü tərəfindən sərnişinlərin gözü önündə təhqir olunması ilə bağlı hüquq-mühafizə orqanlarına rəsmi müraciət olunub.
Artıq araşdırmanın nəticəsi ilə bağlı rəsmi məlumat “BakuBus” MMC-yə daxil olub. Belə ki, hadisənin araşdırılması Bakı şəhəri Nizami RPİ-nin 25-ci polis bölməsi tərəfindən həyata keçirilmiş və hadisəni törədən şəxs N. Musayev polis bölməsinə gətirildikdən sonra tutduğu əməldən səmimi peşmançılıq hissi keçirdiyini bildirib, avtobus sürücüsündən üzr istəyərək bağışlanmasını xahiş edib. Bununla belə polis orqanları tərəfindən toplanmış materiallar əsasında vətəndaş N.Musayev barəsində törətdiyi qanunsuz hərəkətlərə görə İnzibati Xətalar Məcəlləsinin 510-cu madəsinə (xırda xuliqanlıq) uyğun olaraq inzibati tənbeh tədbiri həyata keçirilib”.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə görə, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur.