“İran Azərbaycanın təhlükəsizliyi və sabitliyini öz təhlükəsizliyi və sabitliyi kimi görür”

“Tehran-Bakı gələcəkdə Asiya, Afrikanın Şimali Avropaya bağlanacağı marşruta çevrilə bilər”.

Metbuat.az-ın İRNA agentliyinə istinadən xəbərinə görə, bunu İran prezidenti Həsən Ruhani Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevi qəbul edən zaman deyib.

Yaxın zamanlarda Azərbaycana səfər edəcəyinə toxunan dövlət başçısı, bu səfərin iki ölkənin münasibətlərinin, dostluq və iş əlaqələrinin artmasına səbəb olacağını bildirib. Ruhani, İran-Azərbaycan əlaqələrinin inkişaf etdiyini və bunun iki ölkənin maraqlarına uyğun olduğunu qeyd edib. İran və Azərbaycanın mədəniyyət və tarixinin bir-birinə bağlı olduğunu deyən Ruhani iki dövlətin siyasi, iqtisadi və sosial sahələrdə yaxın əlaqələrinin olduğunu deyib.

İran və Azərbaycanın heç vaxt bir-birinə təhdid olmadığını deyən Ruhani, İranın Azərbaycanın təhlükəsizliyini və sabitliyini öz təhlükəsizliyi və sabitliyi kimi qiymətləndirdiyini qeyd edib. Dövlət və özəl sahələrdə birgə investisiya və əməkdaşlığın inkişafını vurğulayan prezident iki ölkənin yaxşı əlaqələrə sahib olduğunu və tranzitlə Xəzər dənizində də əməkdaşlıq üçün ortaq addımlar atılacağını deyib.

Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev də iki ölkə arasında qarşılıqlı sərmayələr və ticarət həcminin artıdığını qeyd edərək bildirib ki, İran prezidenti Həsən Ruhaninin yaxın zamanlarda Azərbaycana edəcəyi səfəri əlaqələrimizin inkişafına səbəb olacaq.

Qeyd edək ki, İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin martın 28-nə Azərbaycana səfəri planlaşdırılır. Səfər zamanı İran prezidendi Bakıda bir sıra rəsmi görüşlər keçirəcək, onun eyni zamanda Naxçıvana səfəri və Neftçalada Maşınqayırma Zavodunun açılışında iştirakı gözlənir. Səfər zamanı bir sıra ikitərəfli sənədlərin imzalanması da nəzərdə tutulur.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR