Son vaxtlar oğlum Kəramət Böyükçölün qəzetlərə və internet saytlarına verdiyi müsahibələr, yazdığı statuslar və mənim haqqımda səsləndirdiyi fikirlər cəmiyyətimizdə birmənalı qarşılanmadı. Məni qınayanlar oldu ki, guya oğlum sözümə baxmır, vaxtında yaxşı tərbiyə verə bilməmişəm. Nə isə... Bütün günahlar mənim üstünə yıxıldı və hətta Türkiyənin “Hüriyyət” qəzeti də bu barədə silisilə yazılar verdi.

Guya oğlum tərbiyəsizdir, “Müqəddəslər”i, “toxunulmazlıq” statusu almış adamları tənqid edir. Amma o, başıaşağı bir oğul olsaydı, hamıya “bəli” desəydi və mənim də imkanım olub, ona yaxşı bir iş düzəltsəydim, o da işlədiyi yerdə xımır-xımır dövlət mülkiyyətini mənimsəsəydi, görünür, onda çox “tərbiyəli” övlad olacaqdı. Necə ki, ataların belə oğulları cəmiyyətimizdə yüzlərlədir.

Kəramət vətənini, dövlətini ürəkdən sevən və vətənə yaltaqlanıb, onun şah damarını kəsənlərə qarşı mübarizə aparan kövrək, həssas bir insandır.

Kəramət Böyükçöl heç bir ictimai-siyasi qurumun üzvü deyil. O, çox istedadlı, maraqlı bir yazıçıdır. Üç roman və xeyli sayda hekayə və esselərin müəllifidir. Bu əsərlər ədəbi ictimaiyyətin diqqətini çəlb etdi və “Çöl” romanı haqqında 19 məqalə yazıldı.

Kəramətlə mənim aramda ata-oğul münasibətləri tamamilə normaldır. Lakin onun mənimlə bəzi mübahisələrini araşdıranda öz atamla mənim aramda olan münasibətlərə qayıtdım, bu məsələnin səbəbini orda axtarmağa başladım.

Atam çoban idi, balaca fermamız vardı. İtimiz, atımız, qoyun-quzular, çöl-çəmən, tülkü, canavar-hamısı mənim ilk kitabım idi.

Atam gənclik illərində sağ əlinin üstünə “Allah Məhəmməd, ya Əli” kəlməsini döydürmüşdü.

Həmişə o yazını düşünürəm. Hərf tanımırdı atam. Qol çəkə bilmirdi, eləcə şəhadət barmağını mürəkkəbə batırıb, basardı ağ kağızların üstünə. Sonra ona qol çəkməyi mən öyrətdim.

Atam düz adamıydı. Mənə düzlük öyrətmişdi.

Sonralar mən hardasa bir pis adamla qarşılaşanda atama hirslənirdim. İçimdə balaca bir intiqam vardı.

Ədəbiyyatdan haqsız olaraq mənə “3” yazan müəllimə ürəyimdə bir hirs, məni rüşvətlə işə götürən direktora bir qəzəb yarandı o vaxt. İlk dəfə ürəyim intiqam hissi ilə döyünməyə başladı.

Yumruqlarımda balaca düyünlər əmələ gəldi. Atama hirslənirdim, məni bu dünyaya niyə tək buraxıb?

Xoş günlərimdə atam üçün darıxırdım, pis günlərimdə hirslənirdim onun düz adam olmağına.

Dindar idi, dindarlığına hirslənirdim. Müqəddəs idi, müqəddəs olmağına hirslənirdim.

Çobanlığına, kimsəsizliyinə hirslənirdim. Harda çətinliyim olurdu, baiskar atamı görürdüm.

Böyüdükcə atamdan bir az uzaqlaşdım, günahı başqa adamlarda axtarmağa başladım, ən çox da sevdiyim adamlarda.

Məsələn, Bakıda tikdiyim kiçik bir komanı polislər uçuranda və balalarım qışın soyuğunda çölə atılanda (Kəramət uşaq vaxtı bu stressi yaşadı) Bəxtiyar Vahabzadəyə hirsləndim, Zəlimxan Yaquba hirsləndim...

Atamı vətənin bir parçası bilirdim, ona görə hirslənirdim. Ərk eləyirdim.

Bəxtiyar Vahabzadəni, Zəlimxan Yaqubu vətən bilirdim, ona görə həyəcanlanırdım.

1985-ci ilə “Yazıçı” nəşriyatında kitabımı tematik plandan çıxarmışdılar deyə, əlimə iri bir söyüd payası götürüb, Ərik ağacını döyməyə başladım.

Ərik, sən məni niyə duymursan?

Ərik, sən səsini niyə çıxartmırsan?

Ərik, o şeirləri sənin kölgəndə yazmadımmı?

Ərik, sən bu torpağın, bu göyün deyilsənmi?

Ərikdən sonra keçdim quşa, quşdan sonra iydəyə, bülbülə, poçtalyon Əvəzə, yola daş tökənə, arx çəkənə, qoyun otarana, yoldan keçənə - hamısına söydüm.

Bax onda Sabir Rüstəmxanlıdan da incidim, Sabir də o kitabı plandan çıxarana kömək eləyirdi, Sabirə də Çingiz kömək eləyirdi, Çingizə də Nüsrət kömək eləyirdi.

İndi Kəramət məndəki sadəlövhlüyə, müqəddəsliyə, etibarıma, etimadıma yanıb tökülür. O, görür ki, mən nəyin xəyalı ilə yaşayıram?! Eynən atam kimi. Hələ də müqəddəs bildiyim şeylərə, adamlara inanmağıma hirslənir oğlum.

Mənim saflığımdı, düzlüyümdü Kəraməti düzdə qoyan. Mən elə bilirəm, öz gücümə deputat seçilə bilərəm, Kəramət buna dünəndən inanmır.

Mən elə bilirəm ki, xalq şairi olacam, Kərəmətsə on yerə parçalanmış vətənin xalq şairinin oğlu olmaqdan utanır.

Mən elə bilirəm kinolar gerçəkdi, Kəramət kinoların yalan olduğunu bilir.

Mən çox adamı tanımıram, Kəramət hamını tanıyır.

Mən layiq olmayanlara hörmət edirəm, Kəramət buna gülür.

Mən Sovet adamıyam, Kəramət belə adamı qəbul etmək istəmir.

Mən iş yerimi itirəcəyimdən ehtiyat edirəm, Kəramətin vecinə deyil.

Biz uşaq olanda – indi də elədir - qonşu uşaqlar bizi döyəndə anam çıxardı küçəyə. Bizi döyən uşaqların anası da çıxardı. Anam qonşu uşaqlarına heç nə deməzdi. Həmin uşaqların acığına bizi o qədər döyərdi ki, əlinin yeri kürəyimizdə qalardı. Əslində, bu hərəkət qonşu uşağını döyməkdən betər idi, anamın bu hərəkəti bizi döyən uşaqların anasına ağır zərbə olardı. İndi Kəramət də məni “döyür”. Çünki onu əzənləri mən həmişə müqəddəs bilmişəm, həmin adamlara etibarlı olmuşam, həmin adamları tərif eləmişəm.

Kəramət sıxan fikirlərin yaranmasında mənim də əməyim olub, özü də çox olub. Bax, əsas məsələ budu.