Prezident İlham Əliyevin hüquqi islahatlar siyasəti və iqtisadi inkişaf - Millət vəkili yazır

İnsan hüquq və azadlıqlarının, eləcə də vətəndaşlara layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətin ali məqsədidir. İnsan hüquq və azadlıqlarının müdafiəsi ilə layiqli həyat səviyyəsinin təmin olunması bir-birindən ayrılmaz, qarşılıqlı asılılıqda olan anlayışlardır. Mütərəqqi hüquqi islahatların həyata keçirildiyi dövlətlərdə iqtisadi və sosial rifahın daha yüksək səviyyədə təmin olunması artıq əksər dövlətlərin təcrübəsində öz təsdiqini tapmışdır.

Bu səbəbdəndir ki, Dünya Bankı və Birləşmiş Millətlər Təşkilatı başda olmaqla, bir çox beynəlxalq təşkilatlar, inkişaf qurumları öz fəaliyyətlərində hüquqi islahatların təşviq edilməsi və bu sahədə dəstək göstərilməsini prioritet istiqamətlərdən biri kimi həyata keçirirlər. Avropa İttifaqı hüquqi islahatları təşkilata üzv olmaq üçün əsas şərtlərdən biri kimi müəyyən etmişdir. Dünya Bankının İnkişaf Problemlərinin Araşdırılması Qrupu tərəfindən hazırlanmış “Dövlət idarəetməsinin əhəmiyyəti” (“Governance Matters”) adlı hesabatlarında da uğurlu iqtisadi inkişafın şərti kimi dövlət idarəetməsinin iştirakçılıq, hesabatlılıq, siyasi stabillik, idarəetmənin effektivliyi, qanunun aliliyi və sair kimi müxtəlif göstəriciləri təhlil edilir və bu göstəricilərin təmin olunmasının ən mühüm vasitələrindən biri kimi hüquqi islahatlar göstərilir.

İqtisadi inkişaf üçün hüquqi bazanın və islahatların əhəmiyyəti ondan ibarətdir ki, hüquqi baza və normativ əsaslara söykənərək fəaliyyət göstərən dövlət institutları əlverişli biznes mühitinin yaranmasını və tərəflər üçün bərabər imkanları təmin edir. Belə ki, şəxsi mülkiyyət hüquqlarının qorunmasını təmin edə bilən və uzunmüddətli müqavilələrin bağlanmasını təşviq edən qanunvericilik sistemi investisiyaların həcminin artması və iqtisadi inkişaf üçün mühüm şərtlərdir.

Hüquqi islahatlara olan yanaşma və onların davamlılığı sosial-iqtisadi rifahı təmin edir. Digər ölkələrin də təcrübəsi göstərir ki, məhz demokratik sistemin və hüququn aliliyinin inkişafını daha möhkəm təmin etmiş dövlətlər daha sürətli və uğurlu iqtisadi inkişafa nail olmuşlar. Eyni zamanda, iqtisadi göstəricilərin və inkişafın zəif olduğu ölkələr daha kövrək hüquq sisteminin və siyasi sabitliyin olduğu ölkələrdir. Yəni, iqtisadi inkişafı hüquqi islahatlarla paralel həyata keçirən, bir-birini tamamlayan yanaşma ortaya qoyulduqda həmin dövlətlərdə iqtisadi inkişaf və vətəndaş rifahı dayanıqlı olur.

Dövlətin inkişafı və vətəndaşların rifahı ilkin olaraq sosial-iqtisadi siyasətlə və göstəricilərlə əlaqələndirilir, ancaq bu proses paralel həyata keçirilən dərin, hərtərəfli hüquqi islahatlarsız səmərəli olmur. İlham Əliyevin prezident seçildiyi 2003-cü ildən ötən dövr ərzində ölkəmizin iqtisadi sahədə olan uğurları birmənalıdır və statistik rəqəmlərlə, eləcə də beynəlxalq qiymətləndirmələrlə təsdiqlənmişdir. Həyata keçirilən sosial proqramlar, yoxsulluq səviyyəsinin azaldılması, infrastruktur layihələri, təhsil və səhiyyə islahatları vətəndaşların rifahını əhəmiyyətli dərəcədə yaxşılaşdırmışdır.

Bu inkişafı və artımı şərtləndirən, onun üçün zəmin yaradan və davamlılığını təmin edəcək hüquqi islahatlar da daim İlham Əliyevin islahatlar konsepsiyasının ayrılmaz hissəsi olmuşdur. 2003-cü ildən başlayaraq Azərbaycanda iqtisadi inkişafı gücləndirəcək və onun davamlılığını təmin edəcək kompleks məhkəmə, inzibati-idarəçilik və kadr islahatları həyata keçirildi. Müstəqil Azərbaycanın ilk Konstitusiyasında müəyyən edilmiş əsaslarla qurulan məhkəmə sisteminin İlham Əliyevin prezidentliyi dövründə təkmilləşdirilməsi davam etdirildi. Azərbaycan Milli Lider Heydər Əliyevin prezidentliyi dövründə, 2002-ci ildə ədalət mühakiməsində daha yüksək standartları təmin etmək üçün Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət hüququnu tanıyan Avropa İnsan Hüquqları Konvensiyasını ratifikasiya etmişdi. İlham Əliyev 19 yanvar 2006-cı il tarixli Fərmanında Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi işini təşkil etmələri və onu məhkəmə təcrübəsində nəzərə almalarını tövsiyə etdi. Həmin Fərmandan sonra İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir çox işləri Azərbaycan dilinə tərcümə olundu, hüquq-mühafizə orqanlarının əməkdaşları və ümumiyyətlə, bütün hüquqşünaslar tərəfindən geniş şəkildə öyrənilməyə başlandı.

İlkin hüquqi islahatlardan biri məhkəmə hakimiyyətində şəffaflığın artırılması idi. 2004-cü ildə “Məhkəmələr və hakimlər haqqında” Qanuna edilən dəyişikliklə kassasiya və apellyasiya instansiyası məhkəmələrinin bütün qərarlarının elektron qaydada yayılması tələbi gətirildi. Bu istiqamətdə tədbirlər daim diqqətdə saxlanıldı və müasir informasiya texnologiyalarının tətbiq edilməsi ilə təkmilləşdirildi. 2014-cü ildə Prezident İlham Əliyevin Fərmanı ilə yaradılan “Elektron məhkəmə” informasiya sistemi belə tədbirlərin əhəmiyyətli nümunələrindən biridir. Bu sistem məhkəmələrdə şəffaflığın artırılmasını, prosessual hərəkətlərin izlənilməsini, məlumatların sistemləşdirilmiş şəkildə saxlanılmasını, ərizə, şikayət və digər sənədlərin elektron formada qəbulunu və ümumi olaraq məhkəmələrin fəaliyyətində informasiya texnologiyalarının tətbiqini və səmərəliliyin artırılmasını təmin edir.

İlham Əliyevin prezidentliyi dövründə Azərbaycanda mühüm hüquqi islahatlardan biri məhkəmə hakimiyyətinin özünüidarə оrqanı оlan Məhkəmə-Hüquq Şurasının yaradılması idi. 28 dekabr 2004-cü ildə “Məhkəmə-Hüquq Şurası haqqında” Qanun qəbul edildi və 2005-ci ilin fevralından Məhkəmə-Hüquq Şurası fəaliyyətə başladı. Məhkəmə-Hüquq Şurasının yaradılması ilə hakimlərin fəaliyyətinə kənar müdaxilə olduqda, onların bu barədə Məhkəmə-Hüquq Şurasına müraciət imkanı da yaranmış oldu. Həmin Qanunla, həmçinin, vakant hakim vəzifələrinə hakim olmayan namizədlərin seçkisini həyata keçirmək məqsədi ilə müstəqil qurum оlan Hakimlərin Seçki Kоmitəsi formalaşdırıldı. Bununla da Azərbaycanda hakimlərin qabaqcıl beynəlxalq təcrübəyə əsaslanan şəffaf seçki proseduru yaradılmış oldu. Hakimlərin seçki proseduru ilə yanaşı, onların hüquqlarının müdafiəsi və məhkəmə hakimiyyətinin müstəqilliyinin gücləndirilməsi məqsədilə 2004-cü ildə hakimlərin ictimai birliklər (assosiasiyalar) yaratmaq və birləşmək hüququ Qanunla tanınmış oldu. Həyata keçirilən məhkəmə islahatları bu sahə üzrə qiymətləndirmələr aparan beynəlxalq qurumlar və Avropa təsisatları tərəfindən təqdirəlayiq hesab edilmişdir.

Azərbaycanda iqtisadi inkişaf bazar iqtisadiyyatının prinsiplərinə əsaslanır. Ancaq dövlət sosial rifahı nəzərə almayan, əhalinin bir qrupunun daha çox varlandığı, digər bir qisminin isə yoxsullaşdığı iqtisadi mühiti qəbul etmir. Təbii ki, dövlətin sərbəst iqtisadi mühitdə iqtisadiyyatın əsas sahələrini öz əlində saxlaması mümkün deyil və üstəlik, hüquq sistemi də buna imkan tanımır. Ancaq dövlət iqtisadi siyasətində sosial rifahı nəzərə alır və bunu hüquq normaları vasitəsilə edə bilir. İqtisadi fəaliyyət subyektlərinin mənafeyi ilə əhalinin sosial rifahı bir-biri ilə ziddiyyət təşkil etməsə də, aradakı balansı tam qorunmaq o qədər də asan deyil. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2009-cu ildə keçirilən referendumla Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi konstitusion səviyyədə dövlətin ali məqsədi kimi tanındı.

Bu referendumla həmçinin Ali Məhkəmənin qərarlarının dərc edilməsi məcburiyyəti gətirildi, uşaq hüquqlarının müdafiəsi və ətraf mühitin mühafizəsi gücləndirildi, Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşına qanunvericilik təşəbbüsü hüququ verildi və insan hüquq və azadlıqlarının, ədalət mühakiməsinin müstəqilliyi və şəffaflığının yüksəldilməsi üçün digər əlavə və dəyişikliklər edildi.

26 sentyabr 2016-cı ildə keçirilmiş digər referendumla da Konstitusiyamıza insan hüquq və azadlıqları, xüsusilə seçki və ədalətli mühakimə hüquqlarının genişləndirilməsi, sosial, iqtisadi təhlükəsizliyin gücləndirilməsi ilə bağlı əlavə və dəyişikliklər edilmiş oldu. Beləliklə, İlham Əliyev tərəfindən təşəbbüs edilən iki referendum da xalq tərəfindən müsbət qarşılandı və nəticədə, insan hüquq və azadlıqlarına daha ali səviyyədə təminat verən, şəffaf cəmiyyət və dövlət aparatının ən qabaqcıl beynəlxalq standartlarda qurulmasını asanlaşdıran Konstitusiya və hüquq sistemi formalaşdırılmış oldu.

Hüquq sistemi islahatlara daim əlverişli və açıq olmalıdır, yeni ortaya çıxan məsələlərin tənzimlənməsində gecikməməlidir. Prezidentin son illərdə həyata keçirdiyi dərin iqtisadi islahatlar proqramları da paralel hüquqi islahatlarla müşayiət edilmiş və bu islahatların da uğurunu şərtləndirmişdir.

2015-ci ildə İlham Əliyevin təşəbbüsü ilə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanun qəbul olundu və bu Qanuna 2017-ci ildə edilən dəyişikliklə sahibkarlıq sahəsində aparılan yoxlamalar 2021-ci il yanvarın 1-dək dayandırıldı. Bu Qanunların qəbul edilməsi biznes mühitinin əlverişliliyinin artırılması barədə hüquqi-inzibati islahatların davamı idi.

İqtisadi inkişafı dayanıqlı hala gətirmək məqsədilə həyata keçirilən mülki (vergi, sahibkarlıq və s. hüququ daxil olmaqla) hüquqi sahədə islahatlara paralel olaraq cinayət qanunvericiliyi də diqqətdə saxlanılmış və dövrün tələblərinə uyğunlaşdırılmışdır. Azərbaycan Respublikasının cinayət qanunvericiliyi iqtisadi fəaliyyət sahəsində inkişafın dinamikası ilə əlaqədar mütəmadi olaraq təkmilləşdirilmişdir. Keçən il İlham Əliyevin təşəbbüsü ilə cinayət qanunvericiliyində iqtisadi fəaliyyət sahəsini də əhatə edən köklü dəyişikliklər edilmişdir. Belə ki, Prezident İlham Əliyev 10 fevral 2017-ci il tarixində cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı Sərəncamında iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılması məsələsini xüsusi qeyd etmiş və bunun davamı olaraq 20 oktyabr 2017-ci ildə Milli Məclisə Prezident İlham Əliyev tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim edilən qanun layihəsi ilə Cinayət Məcəlləsinə iqtisadi fəaliyyət sahəsində bir sıra cinayətlərin dekriminallaşdırılması, bir sıra cinayətlərə görə müəyyən edilən cəzaların yüngülləşdirilməsi, zərərçəkmiş şəxslə barışmaqla və ziyanın ödənilməsi şərti ilə cinayət məsuliyyətindən azadetməni nəzərdə tutan yüzlərlə dəyişiklik edilmişdir.

İlham Əliyevin prezidentliyi dövründə yeni hakim korpusunun formalaşdırılması da daxil olmaqla, məhkəmə, prokurorluq orqanlarının və ümumiyyətlə, dövlətin hüquqi-inzibati sahədə fəaliyyətini həyata keçirən demək olar ki, bütün qurumların əməkdaşlarının işə qəbulunda şəffaflıq təmin olundu.

Hüquq islahatlar həmçinin korrupsiyanın qarşısının alınması və açıq hökumət prinsiplərinin tətbiqi sahələrini də geniş əhatə etmişdir. 2004-cü ildə ilk dəfə Korrupsiyaya qarşı mübarizə sahəsində Dövlət Proqramının imzalanması, sahəvi qanunların təşəbbüs edilməsi ilə bu sahədə möhkəm siyasi iradə ortaya qoyulmuş və həmin istiqamətdə davamlılığın təmin edilməsi üçün mütəmadi proqramlar və milli fəaliyyət planları qəbul edilmişdir. İnzibati-iqtisad məhkəmələrinin yaradılması, məhkəmə qərarlarının elektron formada yayılması, korrupsiyaya qarşı mübarizədə ixtisaslaşmış orqanların yaradılması iqtisadi fəaliyyətin subyektləri üçün iqtisadi mühitdə atılacaq hər addımın nəticələrini qabaqcadan görməyi asanlaşdırır, sağlam, proqnozlaşdırıla bilən sahibkarlıq mühitinin mövcudluğunu təmin etmişdir.

Hüquq sisteminin təkmilləşdirilməsi yüksək iqtisadi inkişafı şərtləndirən və onun ayrılmaz hissəsidir. Eyni zamanda, uyğun hüquqi çərçivə təmin edilmədən iqtisadi inkişaf uzunömürlü ola bilməz. Bu qarşılıqlı asılılığı hər mənada dərk edən və idarəçiliyi buna uyğun təşkil edən dövlətlərin inkişafı digərlərindən müsbət mənada xeyli fərqlənir. Hüquqi islahatlarla bağlı son 15 ildə Prezident İlham Əliyevin iradəsi və mövcud nailiyyətlər, tətbiq edilən yanaşmanın səmərəli və düzgün olmasını bir daha təsdiq edir və gələcəkdə bu sahənin inkişafını, iqtisadiyyatın daha da güclənməsini və vətəndaş rifahının artmasını təmin edəcəkdir. (APA)

Millət vəkili Vüsal Hüseynov

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR