Play Store

“Respondentlərin 83,4 faizi İlham Əliyevi seçib” - Fransa təşkilatının sorğusu

Fransanın “OpinonWay” Sosioloji Tədqiqatlar İnstitutu “Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzi ilə birlikdə prezident seçkiləri ərəfəsində Azərbaycandakı ictimai-siyasi və sosial-iqtisadi vəziyyətin qiymətləndirilməsi, habelə əhalinin seçkilərdə iştirakına maraq səviyyəsinin öyrənilməsi məqsədilə cari ilin mart ayında sosioloji sorğu keçirib.

Metbuat.az xəbər verir ki, martın 30-da sorğunun nəticələri elan olunub. “OpinonWay” təşkilatının nümayəndəsi Bruno Janbart bildirib ki, sorğuya Naxçıvan Muxtar Respublikasının ərazisi və işğal olunmuş rayonlar istisna olunmaqla respublikanın digər şəhər və rayonlarında yaşayan və yaşı 18-dən yuxarı olan 1200 respondent cəlb olunub.

Sorğuda iştirak edəcək respondentlərin müəyyənləşdirilməsi cins, yaş qrupu və yaşayış məntəqələrinin tipləri (şəhər və kənd) üzrə kvotalar tətbiq edilməklə çoxmərhələli təsadüfi seçmə metodologiyası əsasında aparılıb. Sahə işləri bu tip tədqiqatlarda geniş təcrübi bilik və bacarıqlara malik tədqiqat qrupu tərəfindən strukturlaşdırılmış sorğu anketindən istifadə edilməklə üz-üzə müsahibə formasında həyata keçirilib.

Sorğuda iştirak edən respondentlərin 48,1 faizini kişilər, 51,9 faizini qadınlar təşkil edib. Respondentlərin 15,6 faizi 18-24, 24,5 faizi 25-34, 33 faizi 35-49, 18,5 faizi 50-64 yaş, 8,4 faizi isə 65 yaş və daha yaşlı qruplara aid olub.

Respublikadakı mövcud iqtisadi vəziyyətin qiymətləndirilməsi məqsədi daşıyan suala respondentlərin 45,9 faizi vəziyyətin əvvəlki illərə nisbətən daha da yaxşılaşdığı, 23,4 faizi dəyişilməz qaldığı, 11,7 faizi isə pisə doğru dəyişdiyi qənaətində olduqlarını bildirib. Bir sıra ictimai, siyasi və iqtisadi məsələlərlə bağlı mövcud vəziyyətin nə dərəcədə qənaətbəxş olduğunu öyrənmək üçün respondentlərə verilmiş suala rəyi soruşulanların 67,6 faizi milli təhlükəsizlik, 66,1 faizi iş imkanlarının mövcudluğu, 60,4 faizi isə cinayətkarlıqla mübarizənin onları qane etdiyini vurğulayıb.

Sorğu zamanı respondentlərin 68,9 faizi Azərbaycanda mövcud siyasi sistemin fəaliyyətindən razı, 15,4 faizi isə narazı olduğunu göstərib. Rəyi soruşulanların 15,7 faizi sualı cavablandırmaqda çətinlik çəkib.

“Prezident İlham Əliyevin ölkə başçısı kimi vəzifəsinin icrası sizi nə dərəcədə qane edir” sualına rəyi soruşulan respondentlərin 81,4 faizi bu məsələnin onları qane etdiyini, 11,2 faizi isə qane etmədiyini göstərib. Respondentlərin 7,4 faizi bu sual ilə bağlı hər hansı münasibət bildirməkdə çətinlik çəkdiyini bildirib.

Sorğunun nəticələri onu söyləməyə imkan verir ki, əhali arasında prezident seçkiləri ilə bağlı aparılan kampaniyaya maraq kifayət qədər böyükdür. Belə ki, respondentlərin 78,2 faizi bu kampaniya ilə bağlı maraqlı olduğunu qeyd edib. Sorğuda iştirak edənlərin 15,2 faizi seçki kampaniyası ilə ümumiyyətlə maraqlanmadığını göstərib, 6,6 faizi isə sualı cavablandırmaqdan imtina edib.

Seçkilərdə iştirak edib-etməyəcəkləri ilə bağlı sualı cavablandıran respondentlərin 80,5 faizi qarşıdan gələn seçkilərdə iştirak edəcəyini, 12,7 faizi istə iştirak etməyəcəyini bildirib. Respondentlərin 6,8 faizi seçkidə iştirakları ilə bağlı hələ yekun qərar qəbul etmədiyini göstərib.

“Aprelin 11-də keçiriləcək prezident seçkiləri bu gün keçirilsəydi hansı namizədə səs verərdiniz?” sualına cavabda sorğuda iştirak edən respondentlərin 83,4 faizi İlham Əliyevi seçib. Rəyi soruşulanların 12 faizi seçki kampaniyasında iştirak edən digər 7 nəfərə səs vermək niyyətini bildirib. Respondentlərin 1,9 faizi namizədlərdən heç birinə səs vermək istəmədiyini, 2,7 faizi isə bununla bağlı hazırda hər hansı bir fikri olmadığını göstərib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR