“Dəhşətdən gözümün yaşı qurumuşdu”

Bu il azərbaycanlılara qarşı törədilmiş 1918-ci ilin mart soyqırımının 100 ili tamam olur. Həmin dəhşətli hadisələri xatırlamaq üçün sizə unikal bir mətn təqdim edirik. Bu mətni həmin hadisələri bilavasitə yaşamış Məhəmməd Muradzadə adlı bir Bakı sakini Osmanlı türkcəsində qələmə alıb və 1920-ci ildə hökümət mətbəəsində ərəb əlifbası ilə çap edilib. Yazının üslubunu saxlamaq şərtilə müasir Azərbaycan dilinə tarixçi Yeganə Kamal Cabbarlı uyğunlaşdırıb.


Məhəmməd Muradzadə

“Xatirə dəftərimdən bir hekayə”

Əzablı mart hadisəsi

Birinci hissə

Dünən gecə uzaqvuranlardan və səsli atəşli tüfənglərdən açılan atəşlər bütün şəhəri vəlvələyə saldı. Dünən gecə və bu gün camaat arasındakı həyacan axşamadək bir hadisə üz verəcəyini bildiridi. Başlanacaq bu mənzərənin necə bir qəflətə sürüklənəcəyini indidən təyin etmək qaranlıq idi.

Bazar günü, martın on səkkizi idi. Yalnız orda-burda baş verən əhvalatları təqib edərək, öyrənirdim. Axşam saat altıda hər şey bəlli olacağını rəsmi və qeyri-rəsmi mənbələr xəbər verirdilər. Saat üç radələrində Nikolayev küçəsində öz dostlarımla vədələşib, evə nahar etməyə gəldim. Ailə üzvlərimizin hamısı evə toplaşmamışdı, toplaşanlar da bu dərddən danışırdılar. Anam nahar etmək istədiyimi soruşdu. Mən isə nahar edib-etməmək tərzində anlaşılmaz bir halda cavab verdim: “Halsızam. Atam və qardaşım nahar etmişlərmi?”.
- Atan səhər tezdən namaz qıldıqdan sonra nahar etməyərək, tələsik bilmirəm yenə hara getdi. Kiçik qardaşın nahar etdi; O birisi isə hələlik evə gəlməyib,– deyə cavab verdi.

Kürsudə oturub divar saatının siferblatına və əqrəblərin rəqəmlər üzərində hərəkətinə tamaşa eləyirdim. İndi əqrəblər bir bucaq şəklini almışdılar. Artıq o fəlakət vaxtın gəlməsinə üç saat qalmışdı. Bu yelqovan əqrəb şaquli şəkil aldıqda necə bir fəlakətə səbəb olacaqdı, kimsə bilmirdi... İstiqbal düşüncəsilə saat ikidə özümdə hiss etdiyim naməlum bir istək məni dərin bir fəlakətə sövq edirdi. Anamın masa üzərinə verdiyi ət suyu buğlanaraq zəfəran ətrini ətrafa yayır və beləliklə, küsmüş iştəhanı oyadırdı. Sabah qəhvəsindən bu vaxtadək ac qaldığımdan, xəstələnməmək üçün bir qab yemək yeməyə məcbur oldum. Yağlı loxmaları mədəmin isti ocağında həzmə vermək üçün üstündən bir qədər soyuq su da içdim.

Artıq zamanı gəldiyinə və hadisələrin başlayacağına özümdə yəqinlik hasil etmişdim. Bimirəm, nə düşündümsə, kürsüdən durub, dərhal o biri otağa qaçdım. Küncdə duran silahı əlimə aldım. Bu gün yalnız icad edənlərinin qanlarını axıdan bu Alt Avstriya sistemində iyrənc atəşli bir silah idi. Mən silahdan az xəbərdar olduğumdan, bir dəfə də olsun, əlimə silah almamışdım. Ehtiyat əskər kimi, sanki hərb zamanı yaxınlaşmış kimi bir manevr edirm. Silahı açıb-qapamada, güllələrini alıb, asanlıqla doldurmaqda özümü mahir bir əsgər sandım. Zatən keçmişdə pis bir əsgər də olmamışdım!!!

Silahın çıqqıltısına anam həmən mətbəxdən qaçıb gələrək, şeytan əməli bir şeylə oynamamağı tövsiyə etdi. Mən də həmən silahı əvvəlki yerinə qoyub, otağıma getdim. Vaxtın gəlib çatmasına iki saat yarım qalmışdı. Başlanacaq mübarizədə hansı igidlərin iştirak edəcəyini və hansı təşkilat tərəfindən və nə üçün müharibə elan ediləcəyini heç çür düşünə bilmirdim. Əcəba, əlində bir mauzeri ilə altı fişəng olub, yalnız o künc-bu küncə qaçaraq, öz qardaşının qanını tökməyə adət eləmiş, yaxud bu işdə iştirak edib də, öz dostuna zəruri olan vaxtda fişəngin birini yeddi-səkkiz rubla satan milli igidlərdirmi?! Necə bir həqarət, ətraf düşmənlə dolu, onlardan bir təminat alınmamış, uzaqvuranlarını susdurmağa bir tüfəng belə yox, dənizdə hazır duran donanmalarına Batamdarda bir top belə yox... Hamısı da mənim kimi mahir əsgər!!! Onda atəşli nitqlər nə üçündür!? Xülasə, həqiqi vəd verən o millətçilərin tövsiyəsini dinləməyən millət canbazları bilmirəm, necə bir qan bahasına bu işə ağıl edəcəkdilər?!

Başımı əllərimin arasına alıb, gözlərimi masanın yaşıl mahuduna zilləyib, fikrə dalmışdım. Gələcəyin baş verəcək o qanlı faciələri bir film lenti kimi xəyalımdan keçirdi. Bu faciələrdə edilən sitəm oxlarının məni çulğaladığını görür-görməz, sanki qorxdum; əsəbi bir halda kürsüdən qalxıb tez bayıra çıxdım.

Evimizin arxasındakı ikiqatlı evin kölgəsi həyətimizə baxan üçqatlı qonşu evin üçdəbirini qapamışdı. Günəş get–gedə evlərin arxasından qarşıdakı evlərin divarına zəif bir işıq salırdı. Artıq günortadan keçmişdi. Göy üzündə matəm buludları yavaş-yavaş süslənirdi. Hər tərəf dərin bir sakitliyə qərq olmuşdu. Yalnız küçədə duran adamların danışıqları və küçədən tələsik ötüb keçənlərin ayaqqabılarının çıxardığı səslər bu sükutu pozurdu. Bugünkü siyasətdən nə nəticə çıxdığını bilmək üçün küçəyə çıxamaq istədim. Elə təzəcə bayıra çıxmışdım ki, bir atəş açıldığını eşitdim; bunun ardınca ikiinci, üçüncü, dördüncü dəfə atəş səsləri gəldi. Şəhərin hər tərəfində böyük bir qarışıqlıq düşdü. Bütün diqqətimi bir yerə toplayıb, səsin haradan gəldiyini dinləyirdim. Zavallı quşlar pərakəndə bir surətdə şəhərin şimal–şərqindən başqa, tərəflərinə uçurdular. Daha betəri isə uzaqvuranlar şaqqıldayıb, guruldamağa başlayınca, hər tərəfdə bir mərəkə qopdu. Küçələrdən gurultu ilə örtülən qapıların və küçələrlə ötənlərin addımlarının şiddətli tappıltıları eşidilirdi. Harada və kimlərin atəş açdığını bilmirdim, doğrudan müharibəmi, yoxsa bir şənlikmı – deyə heyrətlənmişdim.

Atam və qardaşlarımın yoxluğu məni çox narahat edirdi. Məndən çox, zavallı anam nə edəcəyini bilmirdi. “Başladılar, nəhayət başladılar; evləri yandıracaqlar; bircə bilmirəm, bunlar harada qaldılar?”,- deyə öz-özünə deyinirdi. Nəhayət, həyət qapısı şiddətlə açılıb qapanınca, atam və qardaşlarımın addım səsləri eşidildi. Anam onları qarşılayaraq, belə bir qiyamətdə harada olduqlarını soruşub, uşaqlara yardım elədi.

Həmin axşam atam çox fikirli idi. Axşam namazını qıldıqdan sonra tüfəngini alıb, tələsik küçəyə getdi. Bu vaxtadək hər gecə lampaların işığından par-par parıldayan küçələr indi dərin bir zülmətə qərq olmuşdu. Yalnız donanmadan şəhərə buraxılan bəyaz projektor işığında hündür imarətlərin üst qatı arabir görünürdü. Havanın üzərini örtən qara buludlar, göydə parıldayan minlərlə kəvakibə, yer üzündə onlarla yalnız uzaqdan – uzağa hər gecə baxışan bu süni ulduzların bu gecə necə vəfasız bir aşiq olduqlarını göstərməmək üçün kölgə olmuşdular saat altıda. Aramsız açılan atəşlər indi bir az səngimişdi. Bu gecə hər kəs öz evini mühafizə edirdi.

O gecə bir ilə bərabər idi. Bütün ailə fərdləri pərakəndə düşmüşdü. Atam, dayım və qardaşlarım küçədə dayanmışdılar. Saat doqquz radələriydi. Birdən qardaşlarımın həyəcanlı səsləri eşidildi. Mən bir hadisə baş verdiyini eşitdim. Atam yaşlı bir adamın qolundan tutub onunla ehmallıca-ehmallıca gəlirdi. Bu, atamın işçilərindən olan qarovulçuydu. Zavallı adam axşam öz işinə gedərkən Armyanski küçəsində canilər tərəfindən silahla yaralanmışdı. Güllə yalnız çiyninin dərisini dəlib, keçmişdi. Yarasına baxdıqdan sonra bu dəfə hamı yenə əvvəlki mövqelərinə getdilər. Arxada təkcə qocayla mən qalmışdım. Qoca bir küncdə peşiman oturub, özü-özünə: “İnsan da ölməzmiş. Mənə üç dəfə atəş açdılar, ətrafımı alov bürüdü, yalnız sonuncu güllənin mənə dəyib bədənimi lərzəyə gətirdiyini hiss elədim. Tələsik qaçıb bura gəldim. Nə isə. Allah balalarıma rəhm elədi”,- deyirdi.

Bu uğursuz gecəni böyük bir təlaşla keçirib yeni hadisələrlə dolu olacaq bazar ertəsi gününə gəlib çıxdıq. Bu gün şəhər tam bir müharibə vəziyyəti almışdı. Hər tərəfdə silahlar atırdı. Tüfəng və pulemyotlarla yanaşı, toplar da guruldayırdılar. Mən isə bu müharibənin birinci günündən hər şeydən ümidimi kəsib, doğrudan-doğruya xof və dəhşətdən xəstələnmişdim. Ev əhlindən əvvəlcə küçələrdə duranlar, yenə növbə ilə küçələrdə qalırdılar; Yalnız atam butün gecəni əlində tüfəng məhlənin ətrafını dolanıb. Bu gün yenə də küçədə idi.

Bu andan etibarən bütün dəhşətilə gedən müharıbənin hələlik nəticəsi məlum deyildi. Şəhərin digər yerləriylə əlaqələrimiz kəsilmişdi. Müharibənin axşamadək qurtaracağı sual altındaydı; Çünki məhəllənin keşikçiləri bir qədər atışdıqdan sonra ağ aman bayrağını sancıb öz ailələri ilə şəhərin yuxarı tərəfdəki məhləsinə qaçmışdılar. Bunun ardınca başqaları da həmən aman bayrağını qaldırıb, öz evlərini qorumağa qərar vermişdilər.

Saat iki radələriydi və sanki o heç vaxt bitməyəcəkdi. Artıq küçədə böyük bir tələşla çarpışanların səsləri eşidilmirdi. Yalnız pəncərə və qapı hesabı olaraq bütün evlərimiz bəyaz bayraqlı idi. İndi bizim növbətçilər də bəyaz bayraqların hökmündəki evlərə baş çəkirdilər.

İkinci hissə

Həyatım boyunca martın on doqquzuncu gecəsini - yeni bazar ertəsi günününün axşamını unutmaram. Gecə ailə fərdi bir–biriylə elə bir rəftar ilə davranırdılar ki, sanki sabah bir-birini görməyəcəkdilər və əbədi bir ayrılığa məhkum idilər. Hər kəsin danışığında bir hicran kəlməsi, keçmiş günləri yada salır kimi, cəhənnəm sayağı bir xatirədən danışılan bu gecədə, bizim ailə həyatında görünməyən bir dəyişiklik hiss olunurdu. Bütün bunlar hamısı masa arxasında baş verirdi: biri arxasını bəyaz tük yastığa söykəmiş, biri yorğanın altında kürsünün ləməsini tutaraq, oturmuşdu. Xülasə, hər kəs ailəyə uyğun ədəblə oturmuşdu.

Atam masanın başında, arxasındakı yastığa söykənmişdi. Hüzünlü gözləri bu gecə fikirli halda ətrafa tamaşa eləyirdi. Hər tərəfə diqqətlə baxır, ailə fərdlərini başqa bir nəzərlə seyr edirdi. Doğrusu, atamda bu vaxtadək belə bir baxış, belə bir hərəkət görməmişdim. Hər kəsin söhbətini diqqətlə dinləyir, hər kəsdən bir şey soruşmaq istəyirdi. Mən nə isə deyirmiş kimi atamın yanına getdim. Nədənsə, bu gecə məni bir hiss onun yanına sövq etmişdi. Yaralı qocanı tək qoymuşdum. Atam hamıdan çox mənə diqqətlə baxaraq, mənim yalnız bir tüfəng atəşi səsiylə pərişan və solğun olub, bütün gün xəstə düşməyimə təəssüf edirdi və səbəbini soruşurdu. Mən isə bir neçə dəfə: “Ana, ata, mən belə bir şeylər görməmişəm, atəş açıldlğında sanki ürəyimi qoparırdılar. Qorxuram, həm də çox qorxuram. Görəsən, belə bir qovğanın sonu nə olacaq?!” – deyirdim. Atam isə: - Heç nədən qorxma. Yalnız səbatlı və mətanətli olmaq lazımdır, nə olursa olsun, sonu ölümdür. Ölümdən başqa bir tərəfə gediləcək yer yoxdur – deyə belə təsəlli verir kimi, sanki ölüm hökmünü də özü vermişdi.

Atamın bu sözləri mənə dərin bir təsir bağışladı. Ürəyimdə indidən hər şeydən küsüb, uzaqda və yaxında atılan silahların sabah bizim bu xarabalıqda atılacağına heç şübhəm yox idi. Kim bilir, bəlkə bu gecə pəncərədə qoyulan və zəif işığıyla ətrafı işıqlandıran bu lampalar arxası üstə çeviriləcək; kim bilir, bəlkə həmişə öz qonqaları ilə fəxr edən bu masa sabah əbədi bir ayrılığa hakim olacaq... Kim bilir, xəyalıma daha nələr gətirirdim. Elə dərin bir xəyala dalmışdım ki, bayırda atılan silahların səsini belə eşitmirdim.

Atam şəhərimizdə vaqiə edən keçmiş müharibə və xırda mübahısələrdən danışırdı. Bu günkü müharibənin əvvəlkilərlə uyğun gəlməməsi və bunun doğrudan da böyük bir müharibə olduğunu və gələckdə bu müharibənin böyük dastan kimi nəql olunacağını söyləyirdi.

Bu gecə ailə fərdlərinin davranışlarının göstərdiyi kimi bir keçmişə gömülmüş olduq. Bu bulanıq gecədən sonra xanədanımız söndü. Bu gecədən sonra o otaqda kimsə başını rahat yorğan-döşəyə quyub yatmadı. O xanə doğrudan da bərbad oldu. Bilmirəm, ailə fərdləri o uğursuz gecəni neçə yatdılar. Amma mən sübhü gözümlə açdım.

Üçuncü hissə

Saat doqquz radələri idi. Yalnız mən atılan aramsız atəşlərin aramsız sədasından çox iztirabla yatağımda uzanmışdım. Zavallı ixtiyar isə: ”Nədən qorxursan? Dünəndən atılan bu qədər atəşlər insana dəysəydi, şəhərdə bir nəfər də olsun, adam qalmazdı. Atılan bu qədər mərmilər imarətlərə dəysəydi şəhər xarabalığa dönərdi”-deyə belə cümlələrlə təsəlli verirdi.

Bu gün çərşənbə günü, martın iyirmisi idi. Göy üzünü matəm buludları qapamışdı. Əsən soyuq və şiddətli rüzigar pəncərə şüşələrini titrədirdi. Atəş sədası həm yaxında və həm də uzaqdan eşidilirdi. Evdə və küçədə nə olduğunu bilmirdim.

Qəfildən otağımın pəncərəsindən iki nəfərin təlaşla atamı çağıraraq, bizim həyətə daxil olduqlarını gördüm. Yanımdakı ixtiyar və xanədəkilər tələsik bayıra çıxdılar. Bu haradan gəldiyi naməlum qovğadan ürəyim aramsız çırpınmağa başladı. Sonra bir inilti, bir zarıltı ildırım surətilə bütün sinirlərimi hərəkətə gətirdi. Xanə fərdlərinin birinin yaralı olduğunu yəqin etdim və tələsik yatağımdan qalxıb, əlbisəmi geyinərək qovğa olan yerə qaçdım. Ürəkyandıran bir mənzərə misilsiz bir duyğuyla durduğum yerdə bütün əsəblərimi qurutdu.

Bizim xanədən bir neçə ev uzaqda olan atamın dostlarından bir yaşlı hacı öz yaralı qardşını bizim evə gətirmişdi. Yaralı əlli-əlli beş yaşlarında şişman bir adam idi. Zavallının sağ qolunu çiynindən aşağı güllə elə bir şəkildə dağıtmışdı kı, əl vurmaq mümkün deyildi. Güllənin zərbəsindən bazu sümüyü və qalın ətləri sanki taxta üzərində balta ilə döyülmüş və qan ilə hövkələnmışdı. O şişman bazu yalnız bir-iki sinir liflərilə çiyninə bağlı idi. Damarlarından fəvvarə verən qan soyuğun təsirindən zavallının ənsəsi üzərində laxta–laxta qalmışdı. Atam yaralını qolları arasına alıb, şüşəbənddə hazırlanmış yatağa gətirdi. Biçarə damdan dama gəldiyi üçün çox əziyyət çəkmişdi. Atam onun yarasını bağlayırdı. Fəqət, qanı heç nə ilə saxlamaq olmurdu; çünki evdə bir dənə də olsun, tibbi ləvazimat yox idi. Xülasə, birtəhər yaralının qolunu bağlayıb, yatağında uzandırdılar.

Hacı ailəsinin harada olduğunu bilmirdi. Qəddar canilər hücum etdikləri zaman qardaşı ilə məhəllənin həyət qapısını bağlamağa çıxdıqda, qardaşı canilərin açdığı atəşlə qolundan yaralanmışdı. Həmən yaralının qolundan tutub damdan-dama dırmaşaraq, bizim evə gəlmişdi. İndi qardaşının kədərli vəziyyəti və gördüyü hadisədən çox təsirlənmişdi. Yaralını ilk görüyümdə atamda qəribə bir hərəkət müşahidə elədim. Biçarənin iztirabdan ayaqları yarpaq kimi titrəyirdi. Yaranı sarıdıqda hərdən başını tərpədib ah çəkir, təəssüflənirdi. Belə ürəkyandıran mənzərəni hüznlü bir qəlb ilə seyr etmək məni artıq dəli olmaq dərəcəsinə gətirmişdi.

Saat on bir radələriydi. Hava almaq üçün çölə çıxdım. İndi hər tərəfdə qızğın atışma gedirdi. Qonşumuz yəhudidən bir xəbər bilmək və bir də o faciəli mənzərəni görmək üçün yəhudinin evinə gəldim. Doğrusu, öz evimizi həmin saatdan tərk elədim. Atılan bu qədər top, pulemyot və tüfənglərin sədası yəhudilərin ailəsinə heç bir təsir etməmişdi. Hər kəs öz işində idi. Heç bizim ailədə də məndən başqa heç kəsə bir təsir etməmişdi. Fəqət, dünən gecə masa ətrafında danışılan o ayrılıq sözlərini və bugünkü ürəkyandıran mənzərə bizim ailə fərdlərinin ruhunu sarsıtmışdı. Burada mən özümü bunların təsirlərindənmi, yaxud, o faciəli mənzərəni bir də görmədiyimdənmi yaxşı hiss edirdim. Bu hadisə başlayan saatdan bu anadək bir sey yeməmiş, bir damla su da içməmişdim. Nədənsə, anamın buraya göndərdiyi naharı böyük bir iştəha ilə yedim.

Saat birin yarısı idi. Yəhudi bir əhval bilmək üçün tez küçəyə çıxdı. O, dəhliz qapısını açıq buraxdığı üçün külək qapını çırpıb, yuxarıdan bir şüşəsini qırdı. Arvadı bunu görüncə hiddətlənib, ədəbincə ərini məzəmmət etməyə başladı. Həmin vaxt atam buraya, məni aparmağa gəlmişdi.

Belə kiçik bir şey üçün onun hiddətləndiyini görüb, dedi: “Xanım heç də hiddətlənmə, şüşə qırılanda yenisini salmaq olar. Dünənki və bugünkü hadisədə kim bilir, nə qədər insan qanı axıdılır. Minlərlə canlar nahaqdan tələf olur. İndi ən əhəmiyyətli şey həyatdır. Belə həyatı necə taparsan?”

Zavallı həyatının bir saat sonra ona əlvida deyəcəyini necə də hiss edirmiş. Atamın gecə masa kənarında və bu gün söylədiyi sözlər sanki qəlbimdə həkk edilmiş, hər dəqiqə məni düşündürürdü. Müşahidə etdiyim o günkü faciələri, o günkü müsibəti, o günkü zülümlərı, o günkü ah-nalələri, o günki ölüm-dirim mübarizəsini yadıma salır, onları təhdid etməyə mətin bir qəlb,təsvir etməyə qadir bir qəlb tapa bilmərəm. Tanrı! Öz qullarını o zalımlara heç vaxt rəva görmə!

Yəhudi küçədən səslənib, bizim məhəllədə bir neçə müsəlləh əsgərin toplaşdığını söylədi. Atam ilə yəhudi tez küçə qapısını bağladılar.

İndi həyətimizin üstündən fişənglərin qıyıltı ilə keçdikləri eşidilirdi; Fəqət, əsl o sarıdan heç kim xoşbəxt deyildi. Atam yenidən gəlib yəhudiyə məni öz evində saxlamasını rica etdi. Fəqət, əfsus ki, bu ziyarət bir daha təkrarlanmadı! O, xanəmizə getdi, bir daha məni görməmək üzrə getdi. Öz ayaqları ilə ölümün qucağına getdi!...

Mən evimizi tərk etdikdən sonra orada vaqiə belə baş vermişdi: həmin vaxt bizim evdə atam, anam, iki qardaşım, dayım, ixtiyar liman qarovulçusu, Hacı öz qardaşıyla - cəmi səkkiz adam vardı. Yaralının qolunu bağladıqdan sonra ixtiyar liman qarovulçusu xidmət etmək üçün onun yastığının yanında oturmuşdu. Hacı isə çox yorğun olduğu üçün nahar etdikdən sonra yatmışdı. Atam, qardaşlarım, dayım yenə masa ətrafında toplaşmışdılar; Atamdan başqa hamı anamın bişirdiyi yeməklə nahar etmişdilər. Anam isə mətbəxdə ərinin naharı üçün yenidən yemək bişirməklə məşğul idi. Zatən atam: “Belə bir məhşərdə nə yemək qeydinə qalmısınız!”,- deyə anamı məzəmmət də eləmişdi. Fəqət zavallı ana nə bilsin ki, əməli zay olacaq, hazırladığı təam tabaq içində quruyacaq; Qazanda qaynayan dinabirin ölülərə tökülcək.

Xanəmız dar bir dalanın sonunda yalnız iki tərəfdən hündür imarətlər, başqa tərəflərdən isə özü kimi birqatlı imarətlərlə dövrəyə alınıb. Bu birqatlı imarətlər o gündən başlayaraq, bu vaxtadək evimizin iki küçənin kəsişməsinə qədər gediş-gəlişini qoruyur. Mətbəx evimizin böyüründədir. Çöl tərəfdə mətbəxə bitişik bir hovuz var. Mətbəx damindan hovuza 2 arşın qədər hündürlük vardır. Belə ki, bir nəfər hovüzun üstünə çıxarsa, həmən mətbəx damına dırmanıb oradan başqa damlarla küçəyədək gedə bilər. Yəhudinin rahatlıq içindəki evi isə bizim mətbəxə bitişikdir.

Günorta saat bir radələriydi. Yəhudinin külfəti masa kənarında nahar etməyə oturmuşdular. Hələ nahar bitməmişdi ki, damda bir tappıltı ilə bərabər bir neçə atəş açıldığı eşidildi. Evimizdə həmən bir qovğa qopdu. Tez masa kənarından qalxıb nə hadisə baş verdiyini bilmək üçün həyətə çıxdıq. Bu vaxt kiçik qardaşımın qışqıraraq bizə tərəf qaçdığını gördüm. Zavallı uşaq qorxu və iztirabdan hara dürtüləcəyini bilmirdi. Bizim evimizə üç nəfər soldat daxil olub axtarış apardıqda uşaqdan silahın harada olduğunu soruşmuşdular. Uşaq isə birtəhər canilərin əlindən qurtarıb qaçıb buraya sığınmışdı. Az keçməmiş liman qoruqçusu da böyük bir iztirabla, ayaq yalın halda buraya gəldi. Yəhudi onu haradasa gizlətdi. Bu vaxt evimizdən atamın səsi və əsgərlərin həyəcanlı bağırtıları eşidilirdi. Yəhudi evimizdə baş verənlərdən xəbərdar olmaq üçün bizim həyət qapısını açdı. Soldatlar onu görüncə “tez qapını ört”,- deyə hıddətlə bağırdılar. Yəhudi isə “onlar kasıb adamlardır,onlarla işiniz olmasın – söylədi. “Tez qapını bağla, yoxsa səni güllələyərik”,- deyə yenə hiddətlə bağırdılar. Yəhudi qorxudan qapını bağlayıb, öz evinə gəldi.

Qorxudan heç birimiz həyətə çıxmağa cürət eləmirdik. Yalnız bu qəfil hadisənin sonunu gözləyirdik. Qəfildən bizim qapı və pəncərələrin şiddətlə örtüldüyünü və ardınca ardıcıl bir neçə dəfə tüfəngdən atəş açıldığını eşitdik. Hamımızı böyük bir xof və həyəcan bürümüşdü. Daha atamın səsi eşidilmirdi. Qəfildən bizim həyət qapısı zorla açıldı və bir tüfəngli əsgər durduğumuz həyətə girdi. Yəhudinin uşaqları qorxudan anasına sarılıb “mama, mama” – deyə fəryad edirdilər. Yəhudinin arvadının bağırtısı bütün həyəti bürümüşdü. Soldatları görüncə otağa girmək istədi. Soldat isə “Durun!”,- deyə hiddətlə bağırıb uşaqları zorla bir-bir anasından ayırdı.

Bu şişman gənc caninin qurşağından boğazınadək bütün bədəni güllə gilizləri ilə sarınmışdı. Qeyzdən qızarmış qara gözlərindən sanki alovlu qığılcımlar saçırdı. Şiddətlə nəfəs aldığından köksü tez-tez qalxıb-enirdi. Mən bu vaxt yaxası-başı açıq və cansız bir cəsəd kimi koridorun qapısına söykənmişdim. Yəhudi mənim sol tərəfimdə, arvadı və uşaqları isə soldatların sağ tərəfində dayanmışdılar. İntiqama susamış cani hər kəsə böyük bir diqqətlə baxırdı. Məni görüncə tez tüfənginin çaxmağını çəkib başıma doğruldaraq məndən qeyzlə “Sən kimsən?”- deyə türkcə soruşdu; Mən isə qorxmadan yəhudini göstərərək rusca -“Mən onun qardaşıyam”,-deyə cavab verdim. Cani buna inanaraq, tüfəngi yanına salıb tez bizim həyətə, öz yoldaşlarının yanına getdi.

Canımıza qəsd edən canilər yuxarıda təsvir etdiyim yollarla çıxıb, yəhudinin damında durmuşdular. Bu vaxt bizim evimizdən cəfakeş anamın fəryadı eşidilirdi. Canilər damda durduqları üçün otaqdan çıxa bilmirdim. Birdən anam yanğılı bir fəryadla başı açıq, köynəyi parçalanmış halda həyətimizdən qaçıb, yəhudinin evinə gəldi. Məni gördükdə tez qucaqlayıb “Aman oğlum! Atanı öldürdülər! Evimizi yıxdılar!”,- deyincə, dəhşətdən bütün nitqim qurudu və dillənməyə güçüm çatmadı.

Birtəhər fəryad edən anamı sakitləşdirməyə çalışırdım. Zavallı indi iki əllərilə saçlarını yolur, bütün qüvvəsilə məni dartıb buradan bayıra çıxarmaq istəyirdi. Hərdən fəryadla mənim adımı çağırırdı. Heç çürə onu sakitləşdirə bilmirdim. Belə bir fəryad həm onun özünü,həm də məni ölümün pəcəsinə sürükləyirdi; Çünki canilər hələ də burada idilər. Anamı heç bir şeyin sakitləşdirməməsi və belə davranışı məni nəhayət hiddətləndirdi. Bütün qüvvəmlə onun əllərindən tutub döşəmənin üzərinə yıxdım.”Çığırma! Canilər hələ də buradadırlar, səsimizi eşitsələr məni zəhərli qurşunlara qurban edəcəklər”- dedim. Zavallı üzü üstə döşəməyə sərilib bir daha fəryad etməyə cürət etmədi. Kiçik qardaşım da bir küncdə üzünü divara tutub, səssiz-səssiz göz yaşı tökürdü.

Yəhudi ailəsi isə həyətdə dayanmışdı. Bütün bu dəhşətdən göz yaşım belə qurumuşdu. Atamın səbəbsiz olaraq düşmən gülləsinə hədəf olduğunu düşündükcə bütün bədənim lərzəyə gəlirdi. İndi daha çox qardaşımın və dayımın yoxluğu məni təşvişə salmışdı. Anam onların salamat olduğunu, Hacının isə atamla qətlə yetirildiyini söylədi. Bir az keçməmişdi ki, dayım ilə qardaşım əcələ ilə biz olduğumuz otağa gəlib, mənə canilərin getdiyini xəbər verdilər. Dayımın və qardaşımın qorxu və dəhşətdən gözləri bərəlmişdi. Dayım anama müraciətlə: “Bütün bu fəryadlar əbəsdir. Vaxt varkən hər kəs öz həyatını qorumalıdır. Mən uşaqları alıb özümə bir əlac axtarmağa gedirəm. Sən qadınsan, bəlkə sənə rəhm edərlər” – deyib uşaqların qolundan yapışdı. Yəhudi onları qonşu evlərin birinə apardı. Mən isə burada qalmağı qət elədim.

Bütün bu vəziyyətdən yəhudi ilə bir həyətdə olan müsəlman qadınlar bixəbər idi. Canilər getdikdən sonra anam yenə fəryad edərək bayıra çıxdı. Bu fəryad səsinə dediyim qadınlar hamısı həyətə çıxıb, bu ürəkyandıran – dilsuz faciədən xəbər tutunca anamla birlikdə tez bizim evə qaçdılar.

Artıq iki günlük müharibədə kimlərin iştirak etdiyini – nə üçün bunun belə davam etdiyini bir saat əvvəl gördüyüm səhnələr gözəlcə göstərirdi. İslam adı daşıyanlara aman yox idi, çünki o uğursuz qonşu millətin qaniçən canavarları indi vaxtdan istifadə edərək, başqa siyasi bir maska ilə qurşaqdan döşlərinədək silahlanıb ələ keçirmək məqsədilə özlərindən milyonlarca ziyadə və həm də qapı qonşuları olan nəcib bir milləti öz evlərində məhv etməyə böyük bir cürətlə əl atmışdılar.

Naməlum səbəbdən irəli gələrək başlayan və heç də gözlənilməyən bu müharibənin zatən milli deyil, siyasi olması gün kimi aydın idi. İlk gün belə sözlər heç kimin ağlına belə gəlməzdi. Min əziyyətli füqəra kasıbı dövləti bir siyasətə yardım göstərənlər nədənsə islam adını daşıyan burjua zəhmətkeşlərini beləcə doğramağa əhd-peyman etmişdilər. Bu gün onlarla küçə müharibəsi edənləri deyil, öz evlərində oturan sadəlövh islam əhalisini pənah istəmələrinə qulaq asmadan nahaqdan faciəli bir şəkildə zəhərli güllələrə qurban edirdilər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR