Qoşulmama Hərəkatı dünyada sabitliyin və təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayır.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda "Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi" mövzusunda Qoşulmama Hərəkatının nazirlər konfransının açılış mərasimində çıxışı zamanı bildirib.

Dövlətimizin başçısı qeyd edib ki, Qoşulmama Hərəkatı beynəlxalq hüquq normalarına, bütün üzv ölkələrin ərazi bütövlüyü, suverenliyi və müstəqilliyi prinsiplərinə qətiyyətlə sadiqdir.

Prezident vurğulayıb ki, Azərbaycan Qoşulmama Hərəkatının nisbətən yeni üzvüdür: "Biz bu ailəyə 2011-ci ildə qəbul edilmişik və elə həmin andan təşkilatımız, üzv ölkələr tərəfindən dəstək görməyə başlamışıq. Bu dəstək Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi proseduru zamanı da nümayiş etdirildi. 2011-ci ildə qəbul edildikdən dərhal sonra tərəfdaşlarımızdan da bu dəstəyi hiss etmişik. Bu, asan olmayıb, çünki bizim güclü rəqiblərimiz var idi. Rəqiblər təşkilatımızın üzvləri deyildilər. Bizə seçilməyimiz üçün 155 ölkənin dəstəyi ilə 16 raund lazım oldu. Qoşulmama Hərəkatının, eləcə də İslam Əməkdaşlıq Təşkilatının dəstəyi bizim aparıcı beynəlxalq orqana seçilməyimiz üçün həlledici oldu.

Bu, bir daha bizim gücümüzü nümayiş etdirir və göstərir ki, biz birlikdə olanda bir çox şeylərə nail ola bilərik. Bu, həmçinin üzv dövlətlər arasında həmrəyliyi və təşkilatın imkanlarını göstərir".

İlham Əliyev bildirib ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasına üzv seçildikdən sonra iki il ərzində bütün üzv dövlətləri təmsil etdi: "Biz bəyan etdik ki, bir çox illər ərzində bir çox hallarda pozulan ədaləti və beynəlxalq hüququ müdafiə edəcəyik. Azərbaycan beynəlxalq hüququn və ədalətin pozulmasının şahidi olub, bunu yaşayıb".

Dövlət başçısı əlavə edib ki, Azərbaycan torpaqları 25 ildən artıqdır ki Ermənistanın işğalı altındadır: "Azərbaycanın tarixi hissəsi olan Dağlıq Qarabağ və digər tarixi bölgələrimiz, 7 rayonumuz erməni işğalı altındadır. Azərbaycanın beynəxalq səviyyədə tanınmış ərazilərinin 20 faizi Ermənistan tərəfindən işğal olunub. İşğal nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Bizim xalqımız Ermənistanın yürütdüyü etnik təmizləmə siyasəti ilə üzləşib. Ermənistan azərbaycanlılara qarşı Xocalı soyqırımını törədib. Dünyanın 10-dan çox ölkəsi bu soyqırımı tanıyıb. Biz, həmçinin üzv dövlətlərin bu problemin həlli üçün dəstəyinə və insanlığa qarşı törədilmiş bu cinayətə münasibətdə mövqelərini ifadə edəcəyinə ümid edirik".

Azərbaycan Prezidenti vurğulayıb ki, Xocalı soyqırımı nəticəsində 613 günahsız insan, o cümlədən 106 qadın, 63 uşaq ağır işgəncələrə məruz qalıb və qətlə yetirilib, minlərlə insan itkin düşüb: "Təəssüflər olsun ki, işğal bu günə qədər davam edir.

Qoşulmama Hərəkatına Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü əsasında həllini dəstəkləyən qətnamə qəbul etdiyinə görə bir daha minnətdarlığımı bildirmək istərdim".

Dövlətimizin başçısı qeyd edib ki, digər beynəlxalq təşkilatlar da analoji qətnamələr qəbul ediblər: "BMT Təhlükəsizlik Şurası erməni qoşunlarının Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib. Lakin bu qətnamələr yerinə yetirilməyib, onların icra mexanizmi mövcud deyil. İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, ATƏT və digər aparıcı beynəlxalq təşkilatlar da Azərbaycanın ərazi bütövlüyünün bərpasını tələb edən qətnamə və qərarlar qəbul ediblər. Təəəssüf ki, beynəlxalq hüququn kobud şəkildə pozulmasına, ermənilər tərəfindən azərbaycanlılara qarşı soyqırım törədilməsinə baxmayaraq, bu ölkəyə qarşı hər hansı sanksiya qəbul edilməyib. Əgər Ermənistana münaqişənin əvvəlində sanksiya tətbiq edilsəydi, düşünürəm ki, münaqişə çoxdan nizamlanmışdı".

İlham Əliyev vurğulayıb ki, işğal olunmuş ərazilərimizdə hər şey dağıdılıb: "ATƏT bu ərazilərə iki dəfə faktaraşdırıcı missiya göndərdi. Missiyanın hesabatı da göstərdi ki, bizim bütün tarixi abidələrimiz, məscidlərimiz, qəbiristanlıqlar, muzeylər erməni vandalları tərəfindən dağıdılıb. Bu, mədəniyyətimizə qarşı soyqırımdır. Azərbaycan ərazisinin işğalı dayandırılmaılıdır, yalnız bundan sonra regiona sülh gələcək".

Dövlət başçısı bildirib ki, Ermənistanda ksenofobiya artır: “Ermənistan monoetnik ölkədir, orada digər xalqlar yaşamır. Bütün azərbaycanlılar və digər etnik qrupların nümayəndələri bu ölkədə etnik təmizləməyə məruz qalıb. Ermənistandan fərqli olaraq, bu gün Azərbaycan dünyada mədəniyyətlərarası, dinlərarası dialoqun, sivilizasiyaların dialoqunun, həmçinin multikulturalizmin mərkəzi kimi tanınır. Multikulturalizm Azərbaycanda dövlət siyasətidir".

Prezident xatırladıb ki, 2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan olunub: “Biz multikulturalizm dəyərlərini, dinlər arasında sülh və əməkdaşlığı təşviq edən çoxsaylı beynəlxalq tədbirlər təşkil etmişik. Bu tədbirlər arasında multikulturalizm işinə töhfə verən BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu, Dünya Dini Liderlərinin Forumu, Bakıda müntəzəm keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və digər beynəlxalq tədbirlər var”. //Trend