Ermənistan prezidenti Serj Sarkisyanın səlahiyyət müddəti bu gün başa çatıb.
Metbuat.az-ın məlumatına görə, artıq Ermənistanın yeni seçilmiş, sayca 4-cü prezidenti Armen Sarkisyanın bu gün andiçməsi olub. Təntənəli mərasim parlamentin xüsusi iclasında baş tutub.
Aprelin 17-də isə Ermənistanın yeni Baş naziri seçiləcək. Baş nazirin Serj Sarkisyan olacağına isə şübhə yoxdur.
Ermənistan tarixində ilk dəfə olaraq dövlət başçısı ümumxalq səsverməsi ilə deyil, parlamentin deputatları tərəfindən seçilib. Bu dəyişikliyə görə, əsas hakimiyyət Baş nazirin əlində cəmləşəcək.
Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən millət vəkili Tahir Kərimlinin sözlərinə görə, Qarabağ klanı Serj Sarkisyan hakimiyyəti əlində saxlamaq üçün çox düşünürdü: “Bir yol ondan ibarət idi ki, Konstitusiyada müvafiq dəyişiklik edib prezidentlik müddətini artırsın. Lakin o, başqa yolla getməli oldu və belə hesab etdi ki, parlamentli respublikaya keçmək daha uyğun olar ki, hakimiyyəti əlində saxlaya bilsin. Bildiyimiz kimi, Konstitusiya dəyişikliyinə görə, parlament çoxluğu Baş naziri seçir və o da ölkəni idarə etməklə məşğul olur və prezident simvolik fəaliyyət göstərir. Serj Sarkisyanın Baş nazir olacağına heç kim şübhə etmir. Baxmayaraq ki, aktiv müqavimətlər var, mitinqlər keçirilir, onun əleyhinə fikirlər səsləndirirlər, qəti etiraz edirlər, ümumiyyətlə Sarkisyandan beziblər, amma əsas məsələ odur ki, Rusiya onun Baş nazir olmağını dəstəkləyib. Yaxın bir həftə ərzində artıq bu proseslər başa çatacaq.
O ki, qaldı Ermənistanın siyasətinə, böyük dəyişiklik aparılacağını güman etmirəm. Çünki prezidentli respublikaların bəzilərində belə hökumətin, iqtisadiyyatın idarə olunması Baş nazir də olsa da, adətən xarici siyasətlə müdafiə sahəsi prezidentin öz əlində olur. Ancaq Ermənistandakı Konstitusiya dəyişikliyi xarici siyasəti və hərbi sahəni də Baş nazirin əlində saxlamağına imkan verir. Bu o deməkdir ki, Sarkisyan Qarabağ danışıqlarını özü birbaşa aparacaq. Bir şey də məlumdur ki, yeni prezident Armen Sarkisyan onun kuklasıdır, bu ifadəni işlətmək daha doğru olar. Çünki yeni prezident Serj Sarkisyanın dediklərinə əməl edən, İngiltərədə yaşamış adamdır və hamının əleyhinə onu gətirib prezident seçdirib. Hətta gələcəkdə müəyyən sənədlərə prezident qol çəkməli belə olsa, bu yenə də Serj Sarkisyanı xəbəri və təlimatı olmadan baş verməyəcək.
Yəni, Serj Sarkisyan yenə də hakimiyyəti əlində saxlayır. Buna görə artıq Ermənistanın gələcək taleyi xaricdəki diasporanı da o qədər maraqlandırmır. Çünki həm böyük dövlətlər, həm də diaspora bilir ki, ayrılan yardımları Sarkisyan özü mənimsəyir və ya özünə yaxın adamların arasında bölüşdürür. Bildiyiniz kimi, Ermənistan ianə ilə yaşayan dövlətdir, bundan sonra da elə olacaq və ayrılan ianələr yenə də Sarkisyanın əlində olacaq. Düşünürəm ki, fövqəladə bir hadisə baş verməsə, hansı ki, belə bir şey də gözlənilmir, hakimiyyət elə əvvəlki formada davam edəcək. Sadəcə olaraq mahiyyət dəyişməyəcək, sadəcə bir az şəkli dəyişəcək. Amma hər bir halda görünür ki, struktur dəyişiklikləri olacaq. Güman edirəm ki, Baş nazir kimi Sarkisyan özünə daha yaxın adamları seçəcək. Çünki əsl Yerevandan olan birini prezident seçməklə insanları sakitləşdirməyə çalışıb ki, ali rəhbər bizdən deyil. Amma buna baxmayaraq, Qarabağ klanının rəhbərliyi davam edəcək. Çünki dediyim kimi, iqtisadiyyat, bank sahəsi, ianələr hamısı onların əlində toplanıb. Ona görə mahiyyət dəyişikliyinin olacağını gözləmirəm”.
Günay Elşadqızı / METBUAT.AZ
“Ermənistan daxili auditoriyasını nəzarətdə saxlamaq üçün bu cür məlumatlar yayır” – Şair Ramaldanov