Telefon mağazasında cibgirlik edən şəxs yaxalandı

Bakıda cibgir yaxalanıb.

DİN mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə müraciət edən zərərçəkən rayon ərazisində yerləşən telefon mağazalarından birinə müştəri kimi daxil olan zaman cibindən naməlum şəraitdə içərisində 120 ABŞ dolları və 100 manat olan pul kisəsinin oğurlandığını bildirib.

Şöbə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakini Hüseyn Abbasov saxlanılıb.

Qeyd edək ki, oğurluq əməli obyektin təhlükəsizlik kameraları vasitəsilə də anbaan lentə alınıb. Saxlanılan şəxs istintaqa verdiyi ifadəsində etdiyi cinayəti etiraf edib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. Polis əməkdaşları cibgirlik etməkdə şübhəli bilinən bu şəxsin digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmirlər. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə, Nərimanov RPİ və ya 18-ci PŞ-nə müraciət edə bilərlər.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR