Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyası qrup toplantısında jurnalistlərin suallarını cavablandırıb.
Metbuat.az-ın "Yeni Şafak"a istinadən məlumatına görə, Ərdoğan ABŞ prezidenti Tramp ilə telefon görüşməsi edib-etməyəcəyi ilə bağlı suala "hazırda zəng edərsə, danışmamaq üçün heç bir səbəb yoxdur, vəziyyətə görə lazım olsa, mən də zəng edərəm"-deyə cavab verib.
Daha sonra Ərdoğana Rusiya Xarici İşlər naziri Lavrovun "Afrinin Suriya rejiminə verilməsini gözləyirik" açıqlaması xatırladılıb. Ərdoğan isə cavabında "bu, səhv yanaşmadır. Biz Afrini kimə verəcəyimizi yaxşı bilirik. Hazırki vəziyyətə görə, Suriyada başqa ölkələrin nəzarət altında saxladığı yerlərin Suriyaya təslimi danışılsın. "Oraları rejim verdi" ifadəsi bizi inandıra bilməz. Biz yeri gəldiyi zaman Afrini afrinlilərə təslim edə bilərik, amma bunun zamanı bizə aiddir, onu da biz müəyyən edərik, cənab Lavrov yox"-deyib.
Amerikadan gələn açıqlamalar, Trampın Şərqi Quta və Duma ilə əlaqədar önəmli qərarlar alacağı ilə bağlı xatırlatmalara Ərdoğan "biz də izləyirik"-deyərək cavab verib.
Aysel Yaqubqızı / Metbuat.az