"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola "Liverpul"la oynanılan cavab qarşılaşmasının (1:2) yekunlarını dəyərləndirib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, katalon çalışdırıcı baş hakim Mateu Laosun qərarlarının cütün taleyinə təsir etdiyini vurğulayıb.

"Hakimə epizodun qol olduğunu, topun Leroy Saneyə Milnerdən getdiyini dedim, qarşılığında məni texniki zonadan uzaqlaşdırdı. Fasiləyə 2:0 öndə yollanmaq tamamilə fərqli olardı. Hakimi təhqir etməmişdim, sadəcə, dedim ki, Mateu, epizod qoldu. Laosu İspaniyadan tanıyıram, odu ki, olacaqları təxmin edirdim. Ona qarşı nəzakətli davranmışdım, etirazımda haqlı idim" - deyə, baş məşqçi bildirib.

Onun fikrincə, Laos fərqli qərarlar verməyi sevən biridi: "Hamının eyni fikirdə olduğu epizodlarda tamamilə fərqli qərarlar qəbul edir. Məni texniki zonadan uzaqlaşdırması ağır qərar idi, çünki yanlış bir ifadə işlətməmişdim. "Enfild"dəki qarşılaşmada "Liverpul"un ilk qolu oyundankənar vəziyyətdən vurulmuşdu. Belə səviyyəli oyunlarda səhv qərarların təsiri böyük olur. İlk matçda Qabriel Jesusun qolu hesaba alınmamışdı, həmin epizodda ofsayd yox idi, həmçinin Rahim Sterlinqə qarşı qayda pozuntusu penalti kimi dəyərləndirilməli idi. "Liverpul"u mərhələ adlamaları münasibətilə təbrik edirəm. Ümid edirəm ki, ingilis futbolunu yarımfinalda layiqincə təmsil edəcəklər. "Liverpul" güclü komandadı və yüksək səviyyəli məşqçiyə sahibdilər. Yarımfinalda olmağa layiqdilər".

Qeyd edək ki, iki oyunun ümumi nəticəsinə görə "Mançester Siti"ni 5:1 (3:0, 2:1) hesabı ilə üstələyən "Liverpul" Çempionlar Liqasının yarımfinalına vəsiqə qazanıb.

Milli.Az