Avropa İttifaqı prezident seçkiləri barədə - bəyanat yaydı

Avropa Xarici Əlaqələr Xidməti aprelin 11-i Azərbaycanda keçirilmiş prezident seçkiləri barədə bəyanat yayıb.

Metbuat.az xəbər verir ki, bəyənatda deyilir: “Avropa İttifaqı prezidentin yeni səlahiyyət müddətində Azərbaycan xalqının rifahı naminə Azərbaycanla dialoqun və sıx əməkdaşlığın davam etməsini gözləyir. ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun müşahidə missiyasının da qeyd etdiyi kimi, Azərbaycan hakimiyyəti beynəlxalq müşahidəçilərə müsbət münasibət sərgiləyib və onlar sərbəst şəkildə öz fəaliyyətini həyata keçirib. Bu isə konstruktiv addımdır”.

Qeyd edək ki, aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyasının son məlumatına görə, 5641 seçki məntəqəsində sayılmış səslərin nəticəsinə əsasən hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev səslərin 86,03 faizini toplayıb.

Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərib. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkün olub. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb. Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR