“Onlar bəyənatı əvvəlcədən hazırlamışdılar” – Şərhlər

Xəbər verdiyimiz kimi, Beynəlxalq Seçki Müşahidə Missiyası Azərbaycanda keçirilən 11 aprel prezident seçkilərinin müşahidə yekunu ilə bağlı mətbuat konfransı keçiriblər.

Metbuat.az-ın məlumatına görə, ATƏT-in Demokratik təsisatlar və insan hüquqları bürosu, ATƏT Parlament Assambleyası və Avropa Şurası Parlament Assambleyasının bəyənatında bəzi müsbət fikirlər səsləndirilsə də, ümumilikdə qərəz və reallığı əks etdirməyən fikirlər də yer alıb. Ötən gün müşahidə missiyasının nümayəndələri Xarici İşlər Nazirliyinə dəvət olunub və məsələ ilə əlaqədar Azərbaycan tərəfinin qəti etirazı onlara çatdırılıb.

Beynəlxalq seçki missiyasının ilkin hesabatına dair Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev mətbuat açıqlamasında bildirib ki, ATƏT-in Demokratik təsisatlar və insan hüquqları bürosu, ATƏT Parlament Assambleyası və Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyasının 11 aprel tarixində keçirilmiş prezident seçkilərinin nəticələri ilə əlaqədar hazırladıqları ilkin hesabatı ədalətli və obyektiv hesab etmirik:

“Haqqında bəhs olunan ilkin hesabatda seçkilərin müşahidə edilməsi üzrə metodoloji və texniki yanaşmadan çox subyektiv iddialar və qərəzli siyasi mülahizələr üstünlük təşkil edir. Hesabatda seçkilərin məhdud siyasi mühit şəraitdə keçməsi barədə iddia tamamilə əsassızdır. Seçki öncəsi prosesdə qeydə alınmış namizədlərin azad və sərbəst şəkildə aktiv seçki kampaniyası aparması üçün bütün zəruri şərait yaradılıb. Öz siyasi zəifliyinə və siyasi dəstək bazasının olmamasına görə marginal siyasi qüvvələrin fəaliyyətsizliyini və ya bəzi qeydə alınmış namizədlərin qeyri-fəal seçki kampaniyası aparmasını çatışmamazlıq kimi təqdim etmək tamamilə yanlış mövqedir.


Azərbaycan Respublikasında media tam azaddır. Seçki öncəsi dövrdə media ilə bərabər, sosial şəbəkələrdə və hətta bir çox hallarda bütün etik normalardan kənar fəal müzakirə mühiti mövcud olub. Səsvermə prosesi seçki subyektlərinin və seçicilərin azad davranışı və yüksək fəallığı şəraitində və ümumən qanunvericiliyin tələblərinə uyğun olaraq keçib. Bunun müqabilində hər hansı əsaslandırılmamış fakt ortaya qoymadan guya seçki günü məcburi prosedurlara riayyət edilməməsi, şəffaflığın olmaması və digər qüsurların olması barədə iddialar heç bir tənqidə sığmır. Biz ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosundan bu kimi faktlar varsa, onların təqdim edilməsini tələb edirik.

60000-dən artıq yerli və beynəlxalq müşahidəçinin heç bir maneə olmadan fəaliyyət göstərdiyi və 1000 veb-kamera vasitəsilə "online” rejimdə birbaşa izləmə imkanı təmin edilən bir şəraitdə iddia olunan bu cür məlumatların ciddi qəbul edilməsi qeyri-mümkündür. Seçki günü hər hansı texniki xarakterli qüsurların və çatışmamazlıqların baş verməsi halları istisna deyildir. Amma texniki qüsurların ümimiləşdirilməsi və bu kimi sıradan olan halların bütün seçki prosesinə şamil edilməsi mandatın aşılması və tamamilə qərəzli siyasi yanaşma kimi qiymətləndirilir.

İlkin hesabatı nəzərdən keçirdikdə müxtəlif paraqraflar arasında ziddiyyətli məqamların olması, bir paraqrafın digərini təkzib etməsi də açıq şəkildə özünü biruzə verir. Məsələn, sənəddə bir yerdə beynəlxalq müşahidəçilərə yaradılmış şəraitə görə Azərbaycan Hökumətinə təşəkkür ifadə olunduğu, Mərkəzi Seçki Komissiyasının peşəkar fəaliyyəti qeyd olunduğu halda, digər bir hissədə seçkilərin qeyri-şəffaf şəkildə keçirildiyini və ya prosedurlara riayyət edilmədiyini iddia etmək heç bir halda başa düşülən deyildir. Bu kimi hallar sənəddə kifayət qədərdir və onu oxuyan hər bir şəxs açıq şəkildə görə bilər.

Sözügedən müşahidə missiyası tərəfindən sərgilənən bu cür mövqe ilk növbədə milyonlarla azərbaycanlı seçicinin öz seçki hüququnu sərbəst ifadə etməsinə hörmətsizlikdir. Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq ölkəmizdə keçirilən seçkilər ilk növbədə Azərbaycan Respublikası vətəndaşları üçün təşkil edilir. Azad, demokratik, ədalətli və şəffaf şəkildə keçirilmiş prezident seçkilərində Azərbaycan Respublikası vətəndaşları öz siyasi iradələrini bir daha ifadə etdilər.

11 aprel tarixində keçirilmiş prezident seçkiləri ölkəmizin demokratik inkişafı və demokratik təsisatların güclənməsi yolunda növbəti vacib mərhələ oldu”.

Ötən gün mətbuat konfransı zamanı etirazını bildirən “İki Sahil” qəzetinin baş redaktoru, YAP Siyasi Şurasının üzvü Vüqar Rəhimzadə Metbuat.az-a açıqlamasında bildirib ki, 11 apreldə yüksək səviyyədə seçkilər keçirildi, xalq öz iradəsini ortaya qoydu: “Azərbaycana 1000-ə yaxın beynəlxalq müşahidəçi dəvət olunmuşdu və beynəlxalq təşkilatlardan, bir sıra dövlətlərin nümayəndələri gəlmişdi. Bütövlükdə bu müşahidəçilərin mütləq əksəriyyəti, yəni, 99%-i seçkilərin çox yüksək səviyyədə keçirildiyini dedilər, insanların azad, şəffaf şəkildə səs verdiklərini qeyd etdilər. Amma dünənki mətbuat konfransında ATƏT-in və AŞ PA nümayəndələrinin qərəzli, ədalətsiz mövqeləri təbii ki, bizi narahat etdi. Ona görə də biz orada öz fikirlərimizi səsləndirdik.

Onlar əvvəlcədən hazırlanmış bəyənatla Azərbaycana qarşı ikili standartlarla yanaşmağın nümunəsini ortaya qoydular. Onlara sifariş verilib və ümumiyyətlə seçkiyə aidiyyatı olmayan, reallığı əks etdirməyən fikirlər səsləndirdilər. Ona görə də bu, qəbulolunmazdır. ATƏT, AŞ PA kimi bir təşkilatın nümayəndələrinin belə qərəz nümayiş etdirməsi hesab edirəm ki, anti-Azərbaycan qüvvələrin sifarişini yerinə yetirməkdən başqa bir şey deyil. Bu təşkilatlar həm özlərini nüfuzdan salırlar, beynəlxalq müşahidəçilərin tam əksəriyyəti müsbət rəy verdiyi və reallığı dediyi halda, onlar Azərbaycan xalqının iradəsinə əks fikirlər səsləndirirlər. Bu, bizim kəskin etirazımıza səbəb oldu və yəqin ki, yekun hesabatlarında bunu korrektə edib, reallığı əsk etdirəcəklər. Yalan, böhtan, olmayan şeylər, haqsız, sübutsuz və ümumi sözlərlə seçkiyə kölgə salmaq qəbuledilməzdir və yolverilməzdir. Dediyim kimi, ATƏT bu bəyənatlarla ikili stansartlarının daha bir nümunəsini göstərdi”.

Ötən gün tədbirdə etirazını bildirən “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev isə Metbuat.az-a açıqlamasında bildirib ki, ATƏT və Avropa Şurasının verdikləri hesabatlarında Azərbaycan xalqının rəyi, seçki günü istəklərini ortaya qoymaqları nəzərə alınmayıb: “Hesab edirəm ki, onların verdikləri bəyənat həqiqəti əks etdirmir, ümumiyyətlə burada həqiqətdən söhbət belə gedə bilməz. Hamımız gördük, onların birinci cümləsindən iddiaları bu oldu ki, internet azadlığı olmayıb, internetdə məhdudiyyətlər olub. Halbuki hamımız şahidik ki, mənəm-mənəm deyən, özlərini demokratik dövlət adlandıran ölkələrdə belə internetdə məhdudiyyətlər var, müəyyən bloqlara, saytlara qarşı məhdudiyyət mövcuddur. Azərbaycanda isə internetə heç bir nəzarət mexanizmi yoxdur. Azərbaycanda internet tam sərbəstdir, azaddır və insanlar istənilən formada öz fikirlərini ifadə edə bilirlər. Seçki günü də gördük ki, istədikləri hadisəni, məqamı ictimailəşdirə bilirlər. Bu, onların birinci əsassız iddiasıdır.

İkinci iddiaları budur ki, deyirlər namizədlər arasında sağlam rəqabət olmayıb və onların şikayəti var. Amma namizədlər hamımızın gözü qarşısında dünən də, bu gün də hansısa formada sosial şəbəkələrdə, öz profillərində, mətbuata etiraf etdilər ki, məğlubiyyətlə razıdılar və İlham Əliyevin qələbəsi münasibətilə onu təbrik ediblər. Üçüncü iddia isə odur ki, deyirlər ki, guya texniki pozuntular olub. Mən onlara dedim ki, həmin pozuntulardan birini ortaya qoyun, amma heç nə göstərə bilmədilər. Özləri-özlərini təkzib edib etiraf edirlər ki, “səslərin sayılması prosesində iştirak elədik, tam dəqiqdir”. O proseslərdə problem var idisə, onda səslərin sayılmasında da saxtakarlıq olmalı idi. Demək istədiyim budur ki, birincisi, onlar özləri-özlərini təkzib edirlər, ikincisi, bu hesabat Azərbaycan reallığını əks etdirmir, üçüncüsü də onların əvvəlcədən hazırladıqları hesabat Azərbaycan haqqında yox, hansısa geridəqalmış, sivilizasiyadan aralı qalan bir Afrika ölkəsi haqqında yazılıb. Onlar gəlib Azərbaycan reallığını görəndən sonra hazır gətirdikləri bəyənatı dəyişməliydilər. Çox təəssüflər olsun ki, onlar elə əvvəldən hazırlanan bəyənatını oxudular.

Ümumiyyətlə bu qurum bütün dövrlərdə Azərbaycana qarşı hansısa formada qərəz, böhtan, şantaj, təxribat xarakterli addımlar atıblar. Seçki ərəfəsində onlar bir daha göstərdilər ki, hazır bəyənatla gəliblər və o bəyənatı da oxudular. Onlar ancaq problem axtarışında idilər. Nə yaxşı ki, onlar axtardıqları problemi tapmadılar, ancaq təəssüflər olsun ki, dəyişiklik də etmədilər. Onlar seçkidən sonra Azərbaycan paytaxtında, bölgələrində bu boyda böyük bayram əhsal-ruhiyyəsini, xalqın qələbə sevincini nəzərə almadılar. Bu cür addım atmaq elə bir ciddi qurum üçün düzgün addım deyildi. Çox təəssüf edirəm ki, xalqın bu cür pozitiv əhval-ruhiyyəsini görməyib o cür bəyənatlar verən insanlar, Azərbaycanı sevməyən qüvvələrin sifarişi ilə davranan beynəlxalq adlandırılan qurumlar da var”.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən Mətbuat Şurasının İdarə Heyətinin üzvü, tanınmış jurnalist Azər Həsrət isə deyir ki, əslində gözləyirdim ki, onlar balanslı açıqlama versinlər: “Amma təəssüflər olsun ki, balanslı olmadı, tək tərəfli, eyni zamanda faktlara söykənməyən, əsassız çıxış təqdim elədilər. Mən özüm bu proseslərin içində olan insanam, prezident seçkisi elan ediləndən, seçki prosesi başlayandan bütün prosesləri çox yaxından izləyirəm, istər mətbuatla bağlı hissəsini, istərsə də bütövlükdə seçki kampaniyasının özünü. Alternativsiz seçkinin keçirilməsindən danışırlar, bu, əsassız və absurd fikirdir. Həqiqətən də 8 nəfər namizədin bu yarışda iştirak etdiyini bütün dünya görüb, yalnız Azərbaycan deyil. Digər tərəfdən, mətbuatın fəaliyyətinin guya əngəllənməsilə bağlı deyilənlər əsassızdır. Çünki seçki elan ediləndən bu günə qədər, yəni hətta səsvermə bitəndən sonrakı günə qədər Azərbaycanda heç bir jurnalistə qarşı zorakılıq hadisəsi baş verməyib.

Eyni zamanda seçki komissiyalarında mətbuatın fəaliyyətləri işıqlandırması, izləməsi üçün heç bir əngəl olmayıb. Üstəlik də Mərkəzi Seçki Komissiyası dəfələrlə bəyan edib ki, Azərbaycan qanunvericiliyinə görə istər xarici, istərsə də öz jurnalistlərimiz heç bir yerdə qeydiyyatdan keçmədən bütün prosesi izləyə bilərlər. Səsvermə günündə də Mətbuat Şurası tərkibində monitorinq aparmışıq. Fərqli dairələrdə, məntəqələrdə apardığımız monitorinq nəticələrinə görə, heç bir jurnalistə qarşı əngəlləmə tətbiq olunmayıb. Yəni, onlar sərbəst şəkildə gediblər, seçkini müşahidə ediblər və s.

Bütün bunları əsas götürərək bu qənaətə gəlirəm ki, bu hesabat qərəzlidir, əsassızdır və ümumiyyətlə Azərbaycanda normal atmosferdə keçən seçkilərə kölgə salmaq məqsədi güdür. Təbii ki, Azərbaycan dövləti onların o fikirlərilə hesablaşmayacaq. Çünki biz nəyin nə olduğunu yaxşı bilirik. Ən azından bir faktı da deyim ki, əslində seçki günü səsvermə bitdikdən və ilkin nəticələr açıqlandıqdan sonra küçələrə çıxan yüz minlərlə azərbaycanlının qələbəni bayram etməsi onlara bir cavabdır. Yəni, doğrudan da saxta seçki olsaydı, insanların öz iradəsini ifadə etməsi əngəllənsəydi,yüz minlərlə insan küçələrə niyə çıxırdı, niyə bayram edirdilər? Ən azından evlərində sakit oturardılar, amma bu baş vermədi. Bakı şəhəri səhərə qədər bayram abu-havasında olub. Eyni zamanda Azərbaycanın rayonlarında da on minlərlə insan küçələrə çıxaraq bayram ediblər. Bütün bunlar baş verdiyi halda, onlar nəyə əsaslanıb obyektiv, ədalətli olmayan seçkidən danışırlar? Dediyim kimi, bu bir qərəzdir, Azərbaycanın üzərinə gəlmək, təzyiq altında saxlamaq üçün atılan addımdan başqa bir şey deyil”.

Günay Elşadqızı / METBUAT.AZ

“Ermənistan cəmiyyəti Sarkisyanın bu istəyinə çatmaması üçün çalışırlar” – Tahir Kərimli


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı