“Sarkisyan 10 ildir hakimiyyət olsa da bu gün də özünü terrorçu kimi aparır” – Arye Qut

Xəbər verdiyimiz kimi, Ermənistanın paytaxtı İrəvanda etiraz aksiyaları davam edir.

Metbuat.az-ın məlumatına görə, yüzlərlə etirazçı bu gün səhər saatlarından etibarən "Fransa" meydanına toplaşıb.

Qeyd edək ki, ötən gün Ermənistanda sabiq prezident Serj Sarkisyanın baş nazir təyin edilməsinə qarşı keçirilən etiraz aksiyalarına rəhbərlik edən müxalifətçi deputat Nikol Paşinyan “məxməri inqilab” komitəsinin yaradıldığını bəyan edib.

Nikol Paşinyan hərəkata rəhbərlik edəcək qurumun qələbə qazananadək fəaliyyət göstərəcəyini qeyd edib: “Dövlət qurumlarını blokadaya alacaq inqilab komitələri bütün bölgələrdə yaradılacaq. Tezliklə polis və dövlət qurumları inqilab komitələrinin əmrlərini icra edəcəklər”, - deyə Nikol Paşinyan mitinqdə bildirib.

Onun sözlərinə görə, bu gündən bölgələrdə dövlət qurumlarının blokadaya alınmasına başlanılacaq, paytaxt İrəvanda isə onun tərəfdarları hakimiyyət nümayəndələri üçün nəzarət-buraxılış məntəqələri quracaq.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən beynəlxalq məsələlər üzrə ekspert Arye Qutun sözlərinə görə, Ermənistanda baş verən hadisələr onu göstərir ki, ölkədə inqilabi vəziyyət yaranıb: “Yəni, faktiki olaraq bu gün xalq Serj Sarkisyanın baş nazir vəzifəsinə seçilməsini istəmir. Buna baxmayaraq, Sarkisyan bütün administrativ resurslarını istifadə edərək ötən gün 77 səslə parlament vasitəsilə Ermənistanın baş naziri seçildi. Bununla da o, öz hakimiyyətinin davam etməsinə əsas verdi. Ermənistanda vəziyyət çox ağırdır. Bildiyimiz kimi, Sarkisyanın 10 illik hakimiyyət dövrü erməni xalqına yaxşı heç nə vermədi. O, öz xalqına bəlalar, problemlər, iqtisad əziyyətdən başqa heç nə vermədi. Baxmayaraq ki, Sarkisyan 10 ildir hakimiyyətdədir, bu gün də özünü terrorçu kimi aparır.

Heç birimiz unutmuruq ki, Sarkisyanın əlləri Xocalı qətliamının içindədir, yəni, bu faciəni törədən, təşkil edənlərdən biri məhz Serj Sarkisyandır. Onun əlləri qan içərisindədir. İndi isə faktiki olaraq o, erməni xalqının “qanını içir”. Gördüyümüz kimi, orada vəziyyət düzəlməyəcək. Bu gün Ermənistanda müxalifət birləşir, Sarkisyana qarşı açıq-aydın məxməri inqilab keçirməyə başlayır və xalqı bu inqilabı dəstəkləməyə hazırlayır. Bu bir daha onu göstərir ki, baxmayaraq ki, Sarkisyan prezidentlikdən baş nazir vəzifəsinə keçdi, real olaraq Ermənistanda vəziyyət dəyişmir, orada vəziyyət çox pisdir. İnsanlar kütləvi şəkildə ölkəni tərk edir.

Təsəvvür edin ki, bu gün ölkədə cəmi 1-1,5 milyon əhali yaşayır. Yəni, faktiki olaraq Ermənistanın əsas əhalisi ölkəni tərk edib. Vəziyyət olduqca pisdir, Ermənistan heç bir geosiyasi və geoiqtisadi layihələrdə iştirak etmir. Ona görə ki, Azərbaycanın 20% torpağını işğal edib. Bu vəziyyətdə aydındır ki, Ermənistanın gələcəyi də böyük sual altındadır. Eyni zamanda Serj Sarkisyanın hakimiyyəti də sual altında qalıb. İnanıram ki, bunu yalnız bizlər deyil, eyni zamanda beynəlxalq ictimaiyyət də görəcək. Hamı anladı ki, faktiki olaraq Sarkisyan güc-bəla ilə özünü Ermənistanın baş naziri seçdirdi. Baxmayaraq ki, xalq bunu istəmir. Minlərlə insanın İrəvanda “Fransa” meydanına çıxıb məxməri inqilaba başlaması onu göstərir ki, Serj Sarkisyan hakimiyyətinin gec-tez məsələsi qalıb”.

Günay Elşadqızı / METBUAT.AZ

“Ermənistan hakimiyyətinin öz xalqına qarşı cinayətini beynəlxalq birlik görmək istəmir” – Elman Nəsirov


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı