Miliyyətçi Hərəkat Partiyası (MHP) lideri Dövlət Baxçalı "Twitter" hesabından növbədənkənar prezident seçkiləri ilə bağlı açıqlamalar verib.
Metbuat.az "A Haber"ə istinadən xəbər verir ki, lider prezident seçkilərində ən uğurlu namizədin Rəcəb Tayyib Ərdoğan olduğunu bildirib.
"Cənab Ərdoğan növbədənkənar seçkilərin iyun ayının 24-də olduğunu mətbuat konfransı ilə elan edib. Doğrusu budur. Türkiyənin önü açılıb. Prezidentlik üsul idarəsinə keçə bilmək üçün demokratik yol xəritəsi bəlli olub.
Türkiyənin daxili və xarici istiqamətli bir çox məsələsi, həll olunması şərt olan vacib məşğuliyyətləri var. Bunun üçün sandığa müraciət, millət iradəsini hərəkətə keçirmək böyük məcburiyyətdir. Edilən və edilməsi vacib olan budur.
Seçim qərarının millətimizə, ölkəmizə, demokratiyamıza, siyası partiyalarımıza xeyirli olmasını arzu edirəm. Cənab prezidentimizə dəyərləndirmələrindən, sağlam düşüncəsindən və rəftarından dolayı minnətdarlığımı ərz edirəm.
Təkrar deyirəm ki, Prezidentliyə namizədimiz cənab Rəcəb Tayyib Ərdoğandır. Cəhd bizdən, təqdir Türk millətindən, himayə isə Cənab-i Haqqdandır".
Aysel Yaqubqızı / Metbuat.az