SENSASİYALI İDDİA: ​​​​​​​“Beşiktaş”ın Bakıdakı dərnəyi bizim şəklimizlə prezidenti aldadır - FOTOLAR

SENSASİYALI İDDİA: ​​​​​​​“Beşiktaş”ın Bakıdakı dərnəyi bizim şəklimizlə prezidenti aldadır - FOTOLAR
18:28 20 Aprel 2018
65 İdman
Ölkə mətbuatı
A- A+

“Beşiktaş” dünyanın ən çılğın, ən səs-küylü və aktiv azarkeşlərinə məxsus komanda kimi tanınır. Bu komandanın Azərbaycanda da az dəstəkçisi yoxdur. Hər komanda oyun tərzinə, ulduzlarına və tarixinə görə öz tərəfdarı tərəfindən fərqli şəkildə sevilir. “Beşiktaş”ın fərqliliyi isə onun azarkeşlərinə aşıladığı fəlsəfəsində, sadəcə futbol deyil, sosial həyatda da mövqeyini ortaya qoymaqda özünü göstərir. “Beşiktaş” azarkeşi üçün insan, dünya, topluluq, dəyərlər, yeniliklər və fəlakətlər futbolun önünə keçən detallardır. Məsələn, “Çarşı” adı altında toplanan bu komandanın sadiq və çılğın azarkeşləri yazıçı Orhan Pamukun Nobel mükafatı almasına, dünyada nüvə bombasının yayılmasına, “Gezi Parkı” hadisələrinə, “Soma faciəsi”nə, Van vilayətində baş verən zəlzələyə reaksiyası ilə xüsusi seçilib, bir növ, hadisələrin şahidi olmuş insanların dilində dastana çevriliblər. “Çarşı”nın bir çox şeyə qarşı olması və ümumi fəlsəfəsi Azərbaycandakı “Beşiktaş” tərəfdarlarına da yansıyıb. Ancaq onlar daha çox sosial sahələrdə fəaliyyət göstərməyə üstünlük verirlər.

Publika.az “Baku kartalları” adı altında toplaşan, “Beşiktaş”ın Azərbaycandakı ən böyük azarkeş ordusunun başçıları ilə həmsöhbət oldu.

2015-ci ilin may ayında yaranan bu qrupun idarə heyəti 4 nəfərdən ibarətdir: Elçin Behbudov, Emil Məmmədov, Azad Məlikov, Kamran Orucov. Bu 4 şəxs beşiktaşlıların təşkilati problemləri ilə maraqlanır, oyunlara baxmaq üçün məkanlar tapır, fərdi geyim, pankart və bu kimi şeylərin həll edilməsinə çalışır. İdarə heyətinin fəaliyyəti bunlarla da sərhədlənmir. “Baku kartalları”nın varolma səbəbini və fəaliyyətini geniş şəkildə öz dillərindən öyrənək.

Elçin Behbudov:

- “Baku kartalları”ından daha əvvəl “Çarşı Bakı” qruplaşması var idi. Azərbaycanda ilk “Beşiktaş” fanklubu o idi. Daxili çəkişmələr səbəbilə fanklub dağıldı. Həmin fankluba hörmət xatirinə biz öz qruplaşmamızı yaradarkən eyni addan istifadə etmədik. Ancaq biz də “Çarşı” fanklubunun bir qoluyuq. Onlardan heç bir fərqimiz yoxdur.

- Nə zamandan bəri “Beşiktaş”lısınız?

- Uşaqlıqdan. Demək olar, özümüzü tanıyandan.

- Niyə məhz “Beşiktaş”?

- Ağlımız kəsəndən ətrafımızda ancaq “Beşiktaş”ın adını eşitmişik. Böyüyə-böyüyə də dərk etməyə başlamışıq. Bizdə belə biz söz var: “Beşiktaş”lının laytı (light - ingiliscədən tərcümədə “açıq”, “yüngül” deməkdir - red.) olmur. Bizim həyatımız bu komandadan ibarətdir. İdarə heyətinin dördü də tək oyunlarda və tribunada deyil, hər yerdə birlikdədir. Birlikdə yaşayırıq, hər anımız birlikdə keçir.

- Fanklubun nə qədər üzvü var?

- Üzvlərin sayını heç bir fanklub dəqiq təyin edə bilmir. Ancaq hazırda feysbukda səhifəmizi izləyən aktiv üzvlərin sayı 4000-ə yaxındır. Qapalı qrupumuzda isə 1400 aktiv istifadəçi var. Böyük oyunları izləməyə gələnlərin sayı 400-ə çatır. Hər oyunda isə 60-70 nəfər yığışır.

- “Çarşı”nın bəlli bir fəlsəfəsi, istiqaməti var. Yəqin ki, siz də tanışsınız prinsipləri ilə.

Emil Məmmədov:

-“Çarşı”nın tribuna nizamnaməsi var. Tribunadan başı çıxan hər kəs bunu yaxşı anlayır. Azarkeşlik təkcə tribuna ilə yekunlaşmır. Bizim üçün sosial həyat mövqeyi də önəm daşıyır. Türkiyədə nə problem olsa, “Çarşı” ən birinci reaksiya verir, özünü göstərir: istər inqilab, istər mitinq, istər sosial yardım. İnsanların “beşiktaşlı” olmasının ən böyük səbəbi elə “Çarşı” və onun fəlsəfəsidir.

Azad Məlikov:

- Azərbaycanda “Beşiktaş” azarkeşlərinin sayının artmasında komandanın çempion olmasından çox “Gezi Parkı olayları”nın rolu oldu. Həmin hadisələrdən sonra Azərbaycanda çempionların... mmm, beşiktaşlıların sayı çoxaldı.

Elçin Azadın fikirlərinə müdaxilə edir:

- Birinci düzünü dedin elə. Biz hər zaman çempionuq (gülürlər).

- Sosial fəaliyyət deyəndə konkret nəyi nəzərdə tutursunuz?

Emil:

- Məsələn, “Çarşı”nın “Köy okullarına yardım” kompaniyası var. Biz də həmin kompaniyanı ölkəmizdə davam etdirməyə çalışırıq. Bu çərçivədə elə bir neçə gün öncə Daşkəsənin ucqar dağ kəndlərində təhsil alan uşaqlara müxtəlif dərs ləvazimatları, geyim, idman malları apardıq. Bu əslində fanklubun fəaliyyətindən kənar bir işdir. Sırf vicdan, mərhəmət məsələsidir. Türklərin bir sözü var: duyarlılık. Bu hissi bizə məhz “Çarşı” aşılayıb. Azərbaycanda belə kompaniyalara nadir halda rast gəlinir. Xüsusilə fanklublar belə fəaliyyətlərdən uzaqdırlar.

Elçin:

- Azərbaycanda yardım işini həyata keçirmək çətin məsələdir. Pul toplamaq, ehtiyacı olanlara gedib çatmaq. Hələ ki, bu hər hansı tədris müəssisəsi olursa. Reallığı qəbul etməliyik ki, ucqar kəndlərdə yaşayan şagirdlərin belə dəstəklərə daha çox ehtiyacı olur. Məsələn, bizim getdiyimiz kənddə elə uşaq var idi ki, həyatında ilk dəfə hədiyyə alırdı. Hədiyyə anlayışının nə olduğunu belə bilmirdi. Elə kəndlər var ki, müəllimlərlə danışmağa çalışırıq. Ancaq kənd o qədər ucqar olur ki, zəng etmək üçün şəbəkə tutmur. Belə yardımlar edəndə rəsmi qurumlar bizə mane olmağa çalışır. Təxribat xarakterli işlər gördüyümüzü zənn edirlər. Ancaq biz yorulmadan izah edirik ki, burada heç bir pis niyyət yoxdur.

Biz sadəcə ölkəmizin insanlarının üzünü güldürməyə, ölkəmizin gələcəyi olan uşaqları sevindirməyə, dərs oxumağa ruhlandırmağa çalışırıq. Məqsədimiz sadəcə sağlam gələcəyin yaranmasına yardımçı olmaqdır. Bu yolda bizə sadəcə tələbələr, gənclər, öz ətrafımız və “Gəncə qartalları” dəstək oldu. Gəncəli beşiktaşlıların hər zaman bizə dəstəyi var. Xüsusilə Qurban Musazadə və İslam Üsyani, Türkiyədə yaşayan Ramin Musazadə hər zaman bütün işlərimizdə dəstək olur.

- “Çarşı”nın fəlsəfəsi ilə tanışam. Daha öncə xarici bir klubun Azərbaycandakı azarkeş qrupu ilə müsahibə etmişdim. Soruşdum ki, fanatlıqdan əlavə hansısa sosial bir işdə iştirak edirlərmi. Onlar mənə birtəhər baxdılar. Yəni “fanklubun elə bir fəaliyyəti də ola bilər?” tərzində.

Emil:

- Onlar futbola göz zövqü üçün, hobbi kimi baxırlar. Bizim üçün isə fanatlıq həyati məsələdir. Tərzdir. Biz oyunlara baxmağa yığışanda çox vaxt nə baş verdiyindən xəbərimiz olmur. Neçə qol vuruldu, kim vurdu, xəbərimiz olmur. Yalnız oyun bitəndən sonra təkrara baxırıq. Oyuna baxmaq istəyənlərə də imkan vermirik. Oyun zamanı yalnız bəstələr oxuyur, biz sözlə, coşuruq. Ötən mövsüm Samsuna “Beşiktaş”ın oyununa baxmağa getmişdik. 3 gün dayanmadan avtobusla yolda olduq. Matça getdik. Ancaq hələ də o oyunda neçə qol vuruldu, nə zaman vuruldu, yadımızda deyil. Çünki tribunada ancaq dəstək verməklə məşğul idik. Məncə, əsl azarkeşlik də elə bunu tələb edir.

Elçin:

-Bizim bir Şahin var. Aramızda ona “optik başkan” deyirik. Bir gecə oyundan çıxıb evə gedirdik. Yolda qayıtdı ki, “Beşiktaş” niyə 3 həftədir bərabərə qalır? Halbuki, həmin gün qalib gəlmişdik, hətta qollara birlikdə sevinmişdik. Yəni bizim matç zamanı oyunlarla əlaqəmiz belə olur (gülür).

Emil:

-Yəni biz işin hissiyyat tərəfinə bağlıyıq.

- Vahid bir məkanı var fanklubun?

Emil:

- Maddi baxımdan təminatımız, dəstəyimiz olmadığı üçün, təəssüf ki, yoxdur. Nəsə etməyə çalışırıq, amma alınmır. Hansısa məkanın davamlı fəaliyyətini aparmaq çətin işdir. Oyunlara baxmağa gedəndə məkanlarla danışırıq. Əlavə depozit istəyirlər. Ancaq 2-3 manatı verməyə belə gücü çatmayanlar olur. Çox zaman narazılıq edirlər. Ancaq bu, bizdən asılı olan bir şey deyil.

-“Beşiktaş”ın Azərbaycanda dərnəyi var. Bəs dərnək belə məsələlərdə sizə yardımçı olmur?

- Yox. Dərnək bizi heç üzdən tanımır. Bizim onlarla heç bir münasibətimiz yoxdur. Onlara olan etirazımızın da ən böyük səbəbi Azərbaycandakı beşiktaşlılara olan laqeydliyidir.

Elçin:

- “Beşiktaş”ın Bakıda futbol məktəbi var. İdarəçisi də Kadir Öz adlı bir türkiyəlidir. Fanklub yarananda idarə heyətində olanlar həmin şəxslə görüşüblər. Onlar hazırda aramızda yoxdurlar, özlərinə başqa fanklub açıblar. Görüşdə azarkeşlər hər bir məqamı müzakirə ediblər ki, “Beşiktaş”ın Azərbaycanda təmsilçisisənsə, bizə yardım et, məkan aç, dəstək ol.

- Ümumiyyətlə, dərnəyin fəaliyyətinin məqsədi nədir?

Elçin:

-Dərnəyin məqsədi klubu başqa bölgələrdə təmsil etmək, fanatlara yardımçı olmaq, oyuna bilet almaqda kömək etməkdir. Klub da dərnəyə aylıq müəyyən miqdarda maddi yardım ayırır. Hətta klub dərnək üçün xüsusi biletlər də ayırır ki, azarkeş onlayn bilet tapa bilməsə, dərnək vasitəsilə əldə edə bilsin. Məsələn, biz Türkiyəyə matça baxmağa gedəndə oradakı dərnəklər vasitəsilə bilet tapa bildik. Burada heç bir yardım olmadı. Fanklubun nümayəndələri dərnəyin başçısı ilə görüşəndə o, pul məsələsini ortaya atıb. Yəni, siz mənə pul qazandıracaqsınızsa, məkan açım. Pul gəlməyəcəksə, məkan mənə lazım deyil. Əslində, dərnək özü bizi axtarıb tapmalı, bizim üçün var olmalıdır. Ancaq oturub gözləyir ki, biz onun ayağına gedək, ağız açaq. Məsələn, klubun prezidenti Fikrət Ormanı Bakıya gətirirlər. Bizim bir üzvümüz gedib ki, görüş üçün bilet götürsün. Kadir Öz deyib ki, mən sizin üçün bilet ayırmamışam, çünki siz mənə “xeyirli olsun”a gəlməmisiniz.

Təkcə bununla bitmir. Birincisi, Kadir Öz niyə görüş üçün məhz 2000 nəfərlik zal tutur ki? Məgər, Azərbaycanda 2000 beşiktaşlı var? Azərbaycandakı beşiktaşlılar Tofiq Bəhramov stadionunu dolduracaq qədərdir. Belə çıxır, yerdə qalan 38 000 adam prezidenti görməyə layiq deyil? Demək, dərnək deyib ki, mənim 2000 üzvüm var və beşiktaşlılar o zala yığılanda fəxrlə deyəcək ki, bu da dərnəyimizin üzvləri. Hətta bilet almağa gedənlərdən şəxsiyyət vəsiqəsi tələb edilir. Halbuki, biletlər pulsuzdur. İkincisi isə odur ki, “Beşiktaş”ın Azərbaycanda ən böyük ordusu bizik. “Baku Kartalları”ından başqa, Azərbaycanda “Beşiktaş” üçün yığışan ikinci fanklub yoxdur. Bizə başqa fanklublar belə həsəd aparır ki, bu qədər adamı bir araya necə gətirə bilirsiniz?

Emil:

-Biz millinin oyununa da dəstək verməyə gedirik. Stadiona girəndə hamı deyir ki, aha, gəldilər. İndi ortalığı dağıdacaqlar.

Elçin:

-Yəni yerli azarkeşlər belə bizi ən çılğın azarkeşlər kimi tanıyır. Bu durumda bizə yer ayrılmırsa, bilet verilmirsə, kimə verilməlidir. Belə çıxır “Beşiktaş”ın ən böyük ordusu onun tədbirində iştirak etməyə layiq deyil? Buna görə də dərnəklə bütün iplərimizi qopardıq. Biz özümüz Türkiyədə Fikret Ormanla görüşmüşük, şəxsən tanış olmuşuq. Mübariz Mənsimov belə bizi tanıyır, kim olduğumuzu bilir. Bununla belə, Kadir Öz bizi saymadı, bizdən qarşılıq, minnət gözlədi.

Emil:

-Dərnək işiniz davam etdirə bilmək üçün fəaliyyətdə olduğunu göstərməlidir. Nə isə bir iş görməlidir. Ancaq bu dərnək heç bir iş görmür. Bizdə belə bir məlumat var ki, həmin dərnək bizim oyunlarda yığışarkən çəkdirdiyimiz videoları, fotoları istifadə edir və öz fəaliyyətini klubda belə təsdiqləyir. Klubda da elə təqdim edir ki, guya “Baku Kartalları”nı dərnək bir araya gətirir.

Elçin:

- İndi bizim üçün maraqlısı odur ki, azarkeş üçün barmağının ucunu tərpətməyən insan prezidentin qarşısında necə çıxış edəcək? Nə deyəcək? Çünki “Beşiktaş”ın adı çəkilən yerdə davasına da biz getmişik, uğuruna da ən çox biz sevinmişik, pis günündə də yanında olmuşuq. Bizim “Beşiktaşlılıq” haqqımız var. Əminliklə deyə bilərik ki, Kadir Öz Azərbaycanda “Beşiktaş” tribunasını tanımır, azarkeşini tanımır. Bizim məqsədimiz bu haqsızlığın qarşısını almaq, hesabını sormaqdır. Çünki komandanın üzərində ən çox azarkeşin haqqı olur. Azarkeş komandanı ayaqda saxlayan təməldir.

- Bütün haqsızlıqların bir gün yox olması diləyi ilə sizə təşəkkür edir, çempionunuza isə neçə şərəfli çempionluqlar arzu edirəm. Təşəbbüsləriniz örnəkdir.

- Biz də sizə dəstəyiniz və problemlərimizi işıqlandırdığınız üçün təşəkkür edirik.

Zümrüd Kərimova,

Foto: Səfiyar Məcnun


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/238255.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR