Xəbər verdiyimiz kimi, Ermənistanın baş naziri Serj Sarkisyan vəzifəsindən istefa verib.

Metbuat.az xəbər verir ki, istefa verən Sarkisyan xalqa müraciətində səhv etdiyini etiraf edib: “Nikol Paşinyan haqlı idi. Mən səhv etdim. Yaranan vəziyyətdən bir neçə çıxış yolu var, lakin mən onlardan heç birinə getməyəcəyəm. Bu, mənlik deyil. Mən ölkə başçısı, Ermənistan baş naziri postunu tərk edirəm. Küçə hərəkatı mənim baş nazirliyimə qarşıdır. Mən sizin tələbinizi yerinə yetirirəm”.

Nikol Paşinyan bildirib ki, yeni baş nazir xalqdan biri olacaq. Maraqlıdır, Rusiya Paşinyanın və ya başqa Qərbyönümlü siyasətçinin baş nazir olmağına razı ola bilərmi?

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən politoloq Zaur Məmmədov bildirib ki, Sarkisyanın hakimiyyətdən getməsinin Rusiya üçün heç bir ziyanı olmayacaq: “Baxmayaraq ki, bəziləri bunun əksini düşünür, amma əksinə, burada söhbət qalibiyyətdən gedir. Sarkisyanın getməsilə Moskva bir müddət sonra itirə biləcəyi müəyyən məsələləri əlinə almış oldu.

“Etirazlar təkcə Sarkisyana yox, onun qurduğu kriminal-xunta rejiminə qarşı yönəlmişdi”

Ermənistan bundan sonra da eyni dəsti-xətti davam etdirəcək. Düzdür, Ermənistanda hər bir ağıllı siyasətçi başa düşür ki, Qərbə tərəf də yaxınlaşmaq lazımdır. Lakin hər şey onların istəklərindən asılı deyil. Digər tərəfdən, hesab edirəm ki, Ermənistana Qərbin simpatiyası və dəstəyi kifayət qədərdir. Bundan başqa, hesab edirəm ki, Ermənistana Qərbin simpatiyası və dəstəyi kifayət qədərdir. Hazırda Qərb xalq arasında ideoloji istiqamətdə beyinlərə nüfuzda Rusiyanı qabaqlayır. O ki, qaldı hakimiyyətə kimin gəlməsindən, bu siyasi partiyaların konsensusu nəticəsində həllini tapacaq. Təbii ki, Paşiyanın deyəcəkləri xalq üçün əsas olacaq”.

Politoloq Ceyhun Əhmədli isə Metbuat.az-a açıqlamasında qeyd edib ki, Ermənistanda “Məxməri inqilab”ın başa çatmadığı qənaətindədir: “Çünki hələlik iqtidar dəyişməyib. Sarkisyan baş nazir postundan istefa versə də, hazırda baş nazir vəzifələrini onun müavini Karen Karapetyan icra edir ki, o da hakim Respublikaçılar Partiyasının üzvüdür. Nəzərə alaq ki, Ermənistandakı xalq etirazları təkcə Sarkisyana yox, onun qurduğu kriminal-xunta rejiminə qarşı yönəlmişdi. Əgər inqilab bununla yekunlaşmış hesab olunsa, Ermənistanda yenə də Sarkisyanın kölgə hakimiyyəti davam edəcək. Bir növ, Serj Sarkisyan Ermənistanın “boz kardinal”ı hesab olunacaq. Bu baxımdan, hesab edirəm ki, Ermənistanda inqilabın qələbə ilə yekunlaşdığını indidən demək yanlış olardı. Hadisələrin bundan sonrakı inkişafı maraqlı olacaq. Bildiyim qədərilə, inqilabın rəhbəri Paşinyan xalqı etirazları davam etdirməyə çağırıb.

“Etirazlar təkcə Sarkisyana yox, onun qurduğu kriminal-xunta rejiminə qarşı yönəlmişdi”

Amma bu məqamda onu qeyd etməliyik ki, hadisələrin bundan sonrakı inkişafı Moskvanın müdaxiləsi ilə müşaiyət oluna bilər. Çünki hazırda baş nazir vəzifəsini icra edən K.Karapetyan Rusiyaya loyallığı ilə seçilir. İndiki situasiya isə Rusiyanı tam qane edir. Rusiya ilk mərhələdə proseslərə müdaxilə etməməklə Ermənistan iqtidarına sətiraltı mesaj göndərdi ki, rəsmi İrəvan Qərblə münasibətlərə yenidən əl gəzdirsin. Həmçinin, Sarkisyanın istefası ilə Moskvaya yaxınlığı ilə seçilən Karapetyanın baş nazir vəzifəsinə yolu açıldı. Hesab edirəm ki, əgər hazırkı status-kvonu dəyişməyə cəhd olunsa və inqilab davam etsə, Rusiya mütləq şəkildə proseslərə müdaxilə etməli olacaq. Bu halda cəbhədə vəziyyətin gərginləşdiriləcəyi də istisna deyil”.

Xatırladaq ki, Serj Sarkisyan aprelin 17-də Ermənistan parlamentində keçirilən səsvermə nəticəsində baş nazir seçilmişdi. Ancaq aprelin 13-dən başlayaraq İrəvanda Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyaları keçirilir. Sarkisyan ötən gün istefa verdiyini açıqlayıb.

Günay Elşadqızı / METBUAT.AZ