Dünya ədalətsiz deyil, oğlum! - Qorxular

Bunu həmişə deyirəm: övladım dünyaya gələn, onu qucağıma alan kimi özümü ana hiss etməmişəm. Analıq hissi məndə zamanla formalaşıb. Onu daha çox qucağıma aldıqca, toxunduqca, öpdükcə, bağlandıqca, qoruduqca, əmizdirdikcə, çimizdirikcə, ağlayanda canım yandıqca, xəstələnəndə üstündə əsdikcə... güləndə, diş çıxaranda, dil açanda, yeriyəndə sevindikcə... Siyahını nə qədər uzatmaq olar. Elə deyil, analar?..

Eynilə, humanizm cərəyanının yaradıcılarından olan Erasmusun dediyi kimi, insan doğulanda insan kimi doğulmur, insan kimi böyüdülür, yetişdirilir. Ailəsində, məhəlləsində, bağçasında, məktəbində, ali təhsil ocağında, iş yerində – bütövlükdə cəmiyyətin içində. Cəmiyyətdə natamamlıqlar, çatışmazlıqlar varsa, o insan da qüsurlu yetişir, onda nə isə çatışmır. Çatışmazlıq isə ən çox və ən birinci onun özünə əziyyət verir. İnsan özünü hər kəsdən yaxşı tanıyır və hiss edir, əksər hallarda özündə nəyin çatışmadığını da bilir. Xoşbəxt insan odur ki, o cəhəti axtarıb tapır, düzəltməyə, dəyişməyə çalışır, özüylə, nəticədə başqalarıyla davaya çıxmır. Bunu təbii insanlıq halı kimi qarşılayır. Bu zaman heç kim ziyan görmür. Əksi isə çox təhlükəli və qorxuludur.

Elə cəmiyyətin ən ağır silahı da qorxudur, qorxulardır. Bir toplumda ki qorxular ağalıq edir, onun yetişdirdiyi insan da yarımçıq olur, daim qorxur. Özündən və hər kəsdən...

Sayğı və sevginin, sağlam ənənə və dəyərlərin hakim olduğu cəmiyyətlərdə isə insan formalaşmaq üçün münbit şərait tapır, yetkin insana çevrilir, bütöv olur. Arzuları, hədəfləri olur və onların arxasınca tam gücü ilə qaça bilir.

3 yaşlı oğlumu sağlam insan kimi yetişdirə bilmək üçün bu sahədə qarşıma çıxan hər şeyi oxuyur, nəticə çıxarmağa çalışıram. Və görürəm ki, elə əksəriyyətimizin uşaqdan fərqimiz yoxdur, bünövrəmiz laxdı, yenidən yetişdirilməyə ehtiyacımız var. Bir neçə ailənin bir evdə yaşaması, o evdə doğulan uşağa şəxsiyyət, insan yox, elə uşaq kimi baxılması, ancaq yaşaya bilməsi üçün ən təbii ehtiyaclarının ödənilməsi cəmiyyətimizi natamam insanlarla doldurub. Uşaqlara vaxtdan başqa, sevgidən, dəyərdən başqa hər şey verilib. Gözünün qarşısında ana əzilib, döyülüb, qab-qacaq qırılıb, uşağın özünün daim başından basılıb, ona inanılmayıb, güvənilməyib, onun gözünün içinə baxılmayıb, dinlənilməyib, nə istədiyi bilinməyib. Onun təsəvvüründə ailə də belədir, cəmiyyət də, dünya da: sevgisiz, ədalətsiz, zorakı. Lap Nazim Hikmətin şeirində deyildiyi kimi, dünya adaletsiz, çocuk, dünya zorba...

***

Təkcə bizdə yox, bir çox cəmiyyətlərdə insan sağlamlığını və xoşbəxtliyini kölgədə qoyan, hətta təhlükə altına salan adət-ənənələr, inanclar var. Və nə yazıq ki, bu inanc və ənənələr insan həyatına nə qədər zərər vursa da, nəsildən-nəslə ötürülür. Genetik xəstəlik kimi… Ancaq bir fərq var ki, biz bu zərərli mentallıqla mübarizə apara, ondan və onun ziyanlarından qurtula bilərik. Ağıllı cəmiyyətlər və ya cəmiyyətin qeydinə qalan ağıllı adamlar buna çalışırlar.

Amerikalılar hətta uşaq istismarı, narkotik maddə istifadəçiləri, müxtəlif xəstəliklərlə bağlı teleproqramların və qəzet, sayt materiallarının cəmiyyətə vura biləcəyi zərəri müzakirəyə çıxarır. Sinir xəsətəliklərinə və qadın zorakılığına gətirib çıxaran inancları qətiyyətlə zəhərli, patriarxat toplumları isə təhlükəli hesab edir.

Geridə qalmış cəmiyyətlər isə qız uşaqlarını öldürür, onları təhsildən yayındırır, erkən yaşda ərə verir, namus üstündə başını kəsir, həyatı bahasına olsa da qurduğu ailəni dağıtmamağa məcbur edir. Nəticədə elmsiz, savadsız, sevgisiz, bir-birinə nifrət edən fərdlər yetişir və onlar yeni və yenə təhlükəli bir cəmiyyət yaradırlar.

Bizim cəmiyyətimiz də hazırda insanına kapital qoyub gələcəyini daha sağlam qurmaq əvəzinə, məhz, bu təhlükəli inanc və ənənələrini təbliğ edir.

Fikir vermisinizsə, son dövrlərdə telekanallara çağırılan bütün qonaqlar bütün verilişlərdə mövzunun nə olmasından asılı olmayaraq, mühafizəkar, ancaq mentalitetin qorunub-saxlanmasını müdafiə edən fikirlər səsləndirirlər. Müğənnisindən tutmuş psixoloquna, riyaziyyat müəlliminə, həkiminə, professoruna kimi... Mənə görə, bunun iki səbəbi var: birincisi, adamlar özlərini əxlaqlı göstərmək istəyir, ikincisi, onların məişət səviyyəli mentalitet anlayışından başqa anlayışları, dilə gətirəcək əsaslı fikirləri yoxdur. Və bu susması labüd, susdurulması vacib insanlara meydan verilməsi gələcəyimizi də məhvə sürükləyir.

Elə bunun nəticəsidir ki, bu gün bizi necə sağlam cəmiyyət qurmaq, dünyada baş verən qlobal proseslərdən, elmi-texnoloji inkişafdan xəbər tuta bilmək deyil, adamların evinin içi, şəxsi həyatı, geyimi, harda kiminlə oturub-durması maraqlandırır. Beyin, ruh, ürək o qədər mənfi enerji, informasiya ilə yüklənir ki, bax bir az əvvəl dediyim kimi, evimizin bir küncündə unutduğumuz övladımıza sevgimiz, zamanımız qalmır.

Belə bir fikir var: bütün toplumlar xəstədir, amma bəziləri daha çox xəstədir. Bax, bizim cəmiyyət bu ikinciyə aiddir. Amma gec deyil, heç vaxt gec deyil. Qurtula bilərik bu xəstəliklərdən. Vallah qurtula bilərik! Yetər ki, istəyək, çaba göstərək, başlayaq. Dünyaya gətirdiyimiz uşaqlardan başlayaq... Onlara deyin ki, onlara göstərin ki, dünya ədalətsiz deyil, sevgisiz deyil, zorba deyil. Deyil!

Sevinc Fədai/ Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı