ABŞ dünya super dövləti kimi Koreya Xalq Demokratik Respublikasına (KXDR) hücum etməmək barədə zəmanət verə bilmir.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Koreya yarımadasının nüvə problemi haqqında danışıqlarda iştirak etmiş Cənubi Koreya siyasətçisi, dövlət kəşfiyyat idarəsinin direktorunun keçmiş birinci müavini Li Su Hek bildirib.
“Hələ ki söhbət Şimali Koreya və ABŞ arasında hücum etməmək haqqında müqavilədən getmir. ABŞ Konqresinin Senatı onu onsuz da təsdiq etməzdi. Dünyanın super gücünün kiçik ölkəyə hücum etməmək barədə söz verməsi sadəcə ağlasığmazdır. Belə presedentlər olmayıb, baxmayaraq ki, gücün tətbiq edilməməsi BMT-nin xartiyasında yazılıb”, - o deyib.
Onun sözlərinə görə, ABŞ-la münasibətlərin qurulması Pxenyanın prioritetlərinə daxildir. Siyasətçi hesab edir ki, yalnız belə münasibətlərin qurulması vasitəsilə rejimi saxlamaq olar.
Qeyd edək ki, ABŞ və KXDR 1950-1953-cü illər müharibəsindən sonra rəsmi olaraq müharibə vəziyyətindədir. Pxenyanın Vaşinqtonla sülh razılaşması imzalamaq üçün göstərdiyi bütün cəhdləri indiyə kimi uğursuz nəticələnib.
Ötən həftə KXDR və Cənubi Koreya arasında yüksək səviyyədə danışıqlar olub. Liderlər Koreya yarımadasının tam denuklearizasiyası haqqında razılaşma əldə ediblər. Bu ay Şimali Koreya lideri Kim Çen Inla ABŞ-ın prezidenti Donald Trampın görüşünün keçirilməsi planlaşdırılır. Pxenyan bu görüşdə öz təhlükəsizliyi üçün zəmanət amlağa ümid edir.
Ömər Dağlı