Rubrika: “ZƏRİFLƏRİN SAVAŞI”
Lent.az “Zəriflərin savaşı” layihəsini davam etdirir. Bu silsilədə müsahiblərimiz Qarabağ müharibəsində iştirak etmiş qadınlardır. O qadınlar ki, mənsub olduqları cins üçün xarakterik olmayan, o zərifliyə xas olmayan həyat yolu keçiblər. O qadınlar ki, cəsarət, şücaət göstərərək, qorxu bilmədən döyüş bölgəsində xidmət ediblər, silahla və ya silahsız, əllərindən gələn, bacardıqları işi görərək yardımlarını əsirgəməyiblər. O qadınlar ki, adları, xidmətləri, müharibə xatirələri unudulmamalı, tarixdə qalmalıdır.
Layihənin növbəti qəhrəmanı Azərbaycanın ilk bort atıcı qadını, Qarabağ veteranı və əlili Firəngiz Səttarovadır.
... 1990-cı il yanvarın əvvəllərindən başlayaraq Azərbaycanın İran və Türkiyə ilə sərhədləri açıldı. Çox keçmədən hər iki ölkəyə Bakıdan sərnişin avtobusları hərəkət etməyə başladı. Artıq ölkələr arasında gediş-gəliş yaranmışdı. İmkanı, istəyi olan hər kəs avtobusla İrana, Türkiyəyə gedib, gəzib, istirahət edə bilərdi. Onun da belə bir şansı vardı. Ali təhsili, işi, yaşam tərzi də buna imkan verirdi. Amma o, bu avtobusa minmədi...
... 1992-ci ilin əvvəllərindən Qarabağa avtobuslar hərəkət edirdi. Könüllü özünümüdafiə batalyonlarından ibarət avtobuslar. Onlar gəzməyə, istirahətə yox, Qarabağ uğrunda döyüşə gedirdilər. O da Şəhidlər Xiyabanını ziyarət edəndən sonra bu avtobuslardan birinə mindi. Qadın canıyla Qarabağın azadlığı uğrunda savaşmaq üçün. Bu yolda onu hansı çətinliklərin gözlədiyini isə heç xəyalına belə, gətirə bilməzdi...
- Məni Qarabağa aparan yol 1992-ci ildə başladı. Amma o yola doğru aparan cığırlar qanlı Yanvar hadisələrindən sonra ürəyimdə açılmışdı. Bir tərəfdən inanmırdıq ki, Sovet ordusu elə bir alçaqlıq edər. Amma digər tərəfdən də ürəyimizə dammışdı sanki. Öz-özümüzə deyirdik ki, uşaqları qırmasalar yaxşıdı. Biz o vaxt “Sovetski”də yaşayırdıq. Axşam güllə səslərindən bildik ki, camaatı güllənin ağzına veriblər. Həmin gecə çölə çıxa bilmədim. Səhərisi çıxdım və öz gözlərimlə o dəhşətli mənzərəni gördüm. Və o anda içimdə elə hisslər oyandı ki... Onda başa düşdüm ki, biz bir millət kimi özümüzə güvənib ayağa qalxmalıyıq.
1992-ci ildə Xocalı faciəsi baş verdi. Böyük sarsıntı keçirdim. Ardınca Şuşanın və Laçının işğalı da keçirdiyim sarsıntını birə-beş artırdı. Artıq bir yerdə qərar tuta, evdə sakit otura bilmirdim. Cavanşir Quliyevin “Əsgər” marşını eşidəndə, yolda əsgər görəndə də ağlayırdım. Ürəyimdə elə bir duyğu baş qaldırmışdı ki, nəsə eləmək lazımdı, kənardan baxa-baxa qala bilmərəm. Vətəni müdafiə etmək istəyi elə güclü hissdir ki, sözlə ifadə etmək olmur. Uşaqlarıma da həmişə deyirəm, inciməyin, birinci vətən, ikinci valideynlərim, üçüncü sizsiz. Vətənim olmasa, rahat yaşaya bilməsəm, uşaqlarıma da heç nə verə bilmərəm, arxayın ola bilmərəm. Qərib ölkədə insan özünü qonaq kimi hiss edir. Amma öz vətənində qonaq yox, ev yiyəsi olmalısan. Ev yiyəsi olmaq üçün də vətənin olmalıdır. Vətənin olmaq üçün onu qorumalısan. Qorumasan, vətən əldən gedəndən sonra sən kimə lazımsan axı?! Vətənə olan bax bu sevgi məni oyatdı.
- Siz o vaxt harda işləyirdiz? Neçə yaşınız vardı döyüş bölgəsinə gedəndə?
- Mən Azərbaycan Dövlət Texniki Universiteti bitirmişəm. İxtisasca mühəndisəm, amma AzTV-də video montajçı işləyirdim. Mayın 28-i doğum günümdür. 38 yaşım tamam olurdu. Hər doğum günlərində işdə kollektivlə yığışıb, çay süfrəsi açaraq, doğum günlərimizi qeyd edirdik. Elə süfrə arxasında iş yoldaşlarıma dedim ki, döyüş bölgəsinə gedəcəm. Sözün düzü, heç kim inanmadı. Çünki mən çox təmizkar, səliqəni sevən, baxımlı qadın idim. Müharibə şəraitində qala biləcəyimə, o cür çətinliklərə dözəcəyimə heç kim inanmırdı. Amma daxili güc elə bir nəsnədir ki, insana hər şeyi elətdirir. İndi də oturub fikirləşirəm, özümə təəccüblənirəm ki, o çətinliklərə necə dözdüm, yaralandım, yenə sağ qaldım, ölmədim. Hətta o şəraitsizlikdə xəstələnmirdik heç. Halbuki indi yanımızdan yel ötən kimi qrip oluruq. Görünür, qismət, alın yazısıdır. Gözəgörünməz qüvvə məni qoruyurdu sanki.
- Qərarınızı ailə üzvləriniz necə qarşıladı?
- Bir neçə gün onlara heç nə demədim. Günorta ad günü məclisindən çıxdım, işdən icazə alıb, birbaşa Müdafiə Nazirliyinə getdim. Qəti qərarımı dedim. İndi, çox şükür, güclü, nizami ordumuz var. O vaxt pərakəndəlik idi, nizamlı sistem yoxuydu. Döyüşə daha çox könüllülər gedirdi. Amma onlara da getməzdən öncə atıcılığı öyrədirdilər. O qaydayla mən də 3 gün Pirəkəşküldə atıcılıq təlimlərinə getdim. Təbii ki, evdə hələ də heç kimə bir söz deməmişdim. Atıcılığı çox yaxşı qavradım. Düzdü, cavan vaxtı tirdə ovçu silahından istifadə etmişəm. Amma döyüş silahları ilə ilk dəfə onda tanış oldum. 3 günlük təlimdən sonra Bakıdan Qarabağa bir dəstə göndərdilər. Mən də o dəstənin içindəydim. Döyüş bölgəsinə getdiyimi yola düşməzdən bir neçə saat əvvəl evdə açıqladım. Çox narahat oldular. Amma necə vətənpərvər olduğumu, məni saxlaya bilməyəcəklərini bilirdilər. Onda böyük qızım Aynura (müğənni Nura Suri – X.M) 15 yaşa keçmişdi. O biri qızımla oğlum 10 və 6 yaşlarında idi. Övladlarım sarıdan arxayın idim. Bilirdim ki, nənə-babaları uşaqlarıma məndən də yaxşı baxacaqlar. Çünki biz ailəcə uşaqlara qarşı həssasıq. Ona görə də gedəndə gözüm arxada, evdə qalmamışdı.
- Döyüş bölgəsində ilk gününüzü xatırlayırsız?
- İlk gün Qubadlıda Muradxanlı kəndində məktəbdə yerləşdik. Laçının Fərəcan, Səfiyan kəndlərində post qurulmuşdu, ora ön cəbhə sayılırdı. Ağır döyüşlər gedirdi. Səfiyandan 3 yaralı gətirdilər. Sarğılarını elədim, ağrıkəsici vurdum, apardılar Qubadlı xəstəxanasına. Həkimlər baxıb dedilər, ilk tibbi yardım düzgün edilib, qanaxma olmayıb. Ondan sonra komandir xahiş elədi ki, mən elə ön cəbhədə, döyüş bölgəsində olum. Çünki postdan ora gələnə kimi xeyli vaxt keçirdi. O müddətdə əsgər qanaxmadan ölə də bilərdi. Çox şükür, mənim əlimdə əsgər ölməyib heç vaxt. Xilas eləyə bilməsəydim, ölsəydi, necə sarsıntı keçirərdim bilmirəm. Amma gedib xəstəxanaya çatandan sonra ölən əsgərlərimiz olurdu. Çoxları da cavan uşaqlar idi.
Əslində, mən həm döyüşlərdə iştirak etmək üçün getmişdim, həm də tibb bacısıydım. Tibb bacısı kimi təhsilim var, kurslarda olmuşam. Amma yaralılar o qədər çox idi ki, döyüşə girməyimə vaxt, imkan olmurdu heç. Uşaqlarla döyüşə gedirdim, yaralıları döyüş nöqtəsindən çıxarıb, ilk yardım göstərib, arxaya - səhra hospitalına, ya da yaxındakı xəstəxanaya həkimlərə təhvil verirdim.
- Daimi qaldığınız yer var idimi? Ümumiyyətlə, hansı şəraitdə işləyirdiz, nə çətinliklər vardı?
- Daimi yerimiz yox idi. Ermənilər kəndlərin çoxunu yandırmışdılar. Amma hər kənddə 2-3 ev qalmışdı. Yəqin özlərinə də lazım idi deyə yandırmamışdılar. Onlar yandıra-yandıra getmişdilər, biz də kəndləri geri ala-ala gedirdik. Hər kənddə 5-6 gün qalırdıq. Harda salamat ev görürdüksə, orda məskunlaşırdıq. Formanı əynimizdən çıxarmırdıq heç. Elə formada yatıb-dururduq. Elə olub ki, forma əynimizdə dəmir “setkanın” üstündə yatmışıq, bədənimizdə yeri qalıb. Elə ev də var idi ki, içində yorğan döşək olurdu. Yerə atıb hərə bir tərəfdə yatırdıq. Qaldığımız evlərin həyətlərində hamam olurdu. Odun qalayıb hamamı yandırırdıq. Özü də hamı bir-birinə o qədər doğma olmuşdu ki... Məsələn, biləndə ki, hamama gedirəm, ora bir adam girmirdi. Qapıda da 2 əsgər dayanıb gözləyirdi. Onu da deyim, Laçın tərəfdə elə sular axırdı ki, o sularla adi sabunla da başını yusaydın, saçların olardı ipək kimi. Bir də ki, ora dincəlməyə getməmişdik. Heç saç daramağa, güzgüyə baxmağa vaxt yox idi.
- Bəs yemək məsələsini necə həll edirdiz? Kim bişirirdi yeməyi?
- Çətin idi, şərait yox idi. Bəzən hazır qidalar, konservlər, kolbasalar göndərirdilər. Amma kəndlərdə əkin-biçin yerləri, arı pətəkləri qalmışdı. Camaat sahədə tərəvəzini, bağında mer-meyvəsini qoyub getmişdi. Ordan kartof, soğan yığırdıq. Kənd uşaqları arı pətəklərindən bal toplayırdı. Elə ev vardı, bidonla ərinmiş yağ qalmışdı. Çörəyi isə işğal olunmamış yaxın ərazilərdən alırdıq. Özümüz də bişirirdik vaxt olanda. Bir dəfə bir kəndə gəldik. Gördüm başqa bir batalyonda cavan oğlan lavaş yayır. Soruşdum, yuxa bişirməyi bacarırsan? Dedi, yox, bakılıyam, birinci dəfədi hazırlayıram. Onlara qurban olaram, ocaq qalayıb, sacı üstünə qoyub, lavaş bişirirdilər. Neyləsinlər, aclıq idi. Elə olub, çoban heyvan kəsib, ətini göndərib. Uşaqlar bacarmayanda özüm bişirmişəm. Ya da “tuşonkanı” qazana töküb, kartof, soğan qatıb bişirirdim. Vaxt da olub ki, günümüzü quru çörəklə yola vermişik. Döyüş günü olub, heç nə hazırlamaq mümkün olmayıb. O qədər ac qalan günlərimiz olub ki...
- Övladlarınızdan ötrü darıxanda neynirdiz? Evlə əlaqə saxlaya bilirdizmi?
- Birbaşa evlə, uşaqlarla telefonla danışmırdıq. Yalnız Müdafiə Nazirliyi vasitəsilə əlaqə saxlanırdı. Vəziyyət barədə nazirliyə xəbər verilirdi, onlar telestudiyaya iş yoldaşlarıma deyirdi, iş yoldaşlarım da evə çatdırırdı. Tez-tez olmasa da, 2-3 dəfə Bakıya gəlib, bir neçə gün qalıb qayıtmışam. Əlbəttə, balalarım, ailəm üçün darıxırdım. Amma elə vəziyyətlər olub ki, nəinki ailəni, öz varlığını da unutmusan. Öz həyatını düşünsən, orda qorxudan dayana bilməzsən. Heç vaxt unutmaram, qızımın ad günü idi. Kefim pozulmuşdu. Əsgərlər duyuq düşdü. Laçının çöllərindən gözəl çiçəklər dərib gətirdilər. Stolun üstünə meyvələr qoydular və ad günü məclisi keçirdilər. Uşaqlarım da darıxırdı mənim üçün, təbii ki. Həm də narahat idilər. Mən yaralananda hospitalda qanlı paltarlarımı bacıma vermişdilər. Demişdim, atma, apar qoy vannada islağa, qanı təmizlənsin, yadigar saxlayacam. Qızım dərsdən gələndə vannada qanlı paltarları görəndə nə hala düşüb, stress keçirib, təsəvvür edin. Amma mən bütün bunları gözə alıb, getmişdim döyüş bölgəsinə. Dözmək lazım idi. Və müharibə mənə məhz dözümlülüyü öyrətdi. Çətinliyə, aclığa, şəraitsizliyə... hər şeyə dözməyi.
- Qadın nə qədər dözümlü olur-olsun, istənilən halda qadındı. Hansısa məqamda gücü heç nəyə çatmasa da, əlindən yalnız ağlamaq gəlir, göz yaşları axıdaraq, ürəyini boşaldır. Siz necə, tez-tez ağlayırdız?
- O qədər. Əslində, mən ağlamağı xoşlamıram. Adam yanında ağlaya bilmirəm. Döyüşçülərin, əsgərlərin yanında, onların gözü qarşısında heç vaxt ağlamamışam. İstəmirdim göz yaşlarımı görüb pis olsunlar. Amma görəndə dözə bilmirəm, gizlinə çəkilib ürəyimi boşaldırdım. Yolda gedəndə deyirdim maşını saxla, düşürəm. Maşını meşəliyin kənarında saxlayırdılar. Özləri maşının yanında dayanıb siqaret çəkirdilər, mən də gedirdim bir az irəli, qışqıra-qışqıra ağlayırdım, söyürdüm ki, ürəyim boşalsın, stress canımdan çıxsın. Elə olub, gün boyu yaralı çox olub, həm yorğunluq, həm də uşaqların vəziyyətləri, sağ qalacaqlarmı gümanı məni stressə salıb, əsəblərim pozulub, bəlkə yarım saat, 1 saat ağlamışam. Ağlamamaq mümkün deyildi axı. 17-18 yaşlı uşaqların gözəl günlər yaşayacağı, sevib-seviləcəyi dövrləriydi, gəlib orda nə günə düşürdülər, şəhid olurdular. Mən onlardan yaşca böyük olduğum üçün çoxu mənə “ana” deyirdi. Bir də mənə “həkim” deyə müraciət edirdilər. Bakıda olanda qayıdıb görmüşəm ki, batalyonda mənə “ana” deyən uşaq yaralanıb. Mənə çox pis təsir eləmişdi. Cəbrayıl vardı - biz ona Qurd Cəbrayıl deyirdik - ayağından yaralanmışdı. Amma öldü, sağ qalmadı. Niyə? Özümü qınayırdım ki, bəlkə də mən burda olsaydım, ilk yardım elə edərdim, ölməzdi. Ona görə Bakıya getmək istəmirdim, gedəndə də tez qayıdırdım. Dəfələrlə gözümün qabağında əsgərlərimizi vurublar. Kiminin qolu, kiminin ayağı qopurdu. Qışqırırdılar ki, ayağımı tapın, bəlkə tikdilər... Bir dəfə səngərə mərmi atdılar. Dörd əsgərimiz parça-parça oldu. Məni qoymadılar onların tikələrini yığam. Kişilər özləri onları bir yerə topladı. Belə dəhşətli mənzərəni görən insan ağlamazmı?! Az qalırdı adamın ürəyi partlasın.
- Əsgər ölümlərindən ürəkağrısıyla danışdız. Özünüz döyüş bölgəsində ölümlə üz-üzə gəlmisiniz heç?
- Bir hadisəni danışım. Təxminən 20-30 nəfərlik dəstə ilə Laçının Tiqiq kəndində 18 gün qalmışıq. Kənd boşalmışdı, növbəti əmri gözləyirdik. Amma şərait çox pis idi, aclıq, səfalət... Uşaqlar deyirdi, nə qədər lazımdı dözərik, amma bizi bit basıb, dayana bilmirik. Mən özümü qoruya bilmişdim necəsə. Amma əsgərlər səngərdə, torpaqda çox olurdular deyə başlarına, bədənlərinə bit düşmüşdü. Ayaqları daim sapoqda qaldığı üçün yara olurdu. Xəbər gəldi ki, kəndi boşaldın, çıxın. Orda döyüş gedəndə bir əsgər yaralanmışdı. Qoymuşdular kənara ki, atışmadan sonra gəlib götürsünlər. Qayıdıb gələndə görmüşdülər əsgər yoxdu, ermənilər aparmışdıar. Həmin əsgərin atasıya əmisi kəndə gəlmişdi, hadisənin necə baş verdiyini soruşurdular. Söhbətdən sonra komandir sürücüyə dedi ki, bu kişiləri də, həkimi də götür apar. Siz kənddən maşınla çıxın, biz meşə yolunu tanıyırıq, özümüz burdan çıxa biləcəyik. Maşına minib gəldik Ərikliyə. Ora mərkəz sayılırdı. Benzini də orda vururdular, rabitə maşını da orda dayanırdı. Kişiləri düşürtdük, maşına benzin vurduq. Amma dayana, dözə bilmədim. Fikirləşdim ki, uşaqlardan yaralanan olsa, kömək eləyən olmayacaq. Özü də az adam qalmışdı, köməyə ehtiyacları vardı. Dedim, uşaqlar, kim gedir mənlə, mən kəndə qayıdıram. Oturdum qabaqda, 5-6 uşaq da arxada. Rabitə maşınına çatanda Baxşeyiş bizi saxladı. Dedi, komandir tapşırıb ki, geri qayıtmasınlar, burda vəziyyət yaxşı deyil. Mən də ratsiyadan eşitmişdim, amma söndürmüşdüm. Dedim, səndən soruşsalar, de, onları görmədim. Mən də deyəcəm, maşında ratsiya işləmirdi, eşitməmişik. Dedi, sən dəlisən, xəbərin olmadan gedib düşərsən ermənilərin içinə, qayıdın dala. İndi o sualı özümə verirəm ki, gedib görsəydik, bizimkilər orda yoxdu, çıxıb gediblər nə olacaqdı, neyniyəcəkdik? Amma onda gözüm heç nəyi görmürdü. Nəsə, yola düzəldik. Hava qaralıb. Maşının işıqlarını söndürüb gedirik. Kənddə işıq ümumiyyətlə, yox idi. Zülmət qaranlıqda, göz-gözü görmədən ehtiyatla irəliləyirik. Hamımızın üstündə bir qumbara mütləq vardı. Mənim də cibimdə bir qumbara daim olurdu. Əsir düşmək ehtimalı olsaydı, onu partladıb öldürəcəkdim özümü. Uşaqlara dedim, ermənilərin arasına düşsək, nə qədər döyüşə bilsək döyüşərik. Görsək qüvvələri çoxdu, birdən mənim əlim gəlməz qumbaranı açmağa, biriniz qumbaranı maşının içinə atın ki, heç kim əsir düşməsin. Ya da gülləylə məni vurun. Mənə söz verdilər. Sakitcə gəlib çatdıq kənddəki evə. Orda bir evdə zabitlər, birində də əsgərlər qalırdı. Onlar da maşın səsi eşidəndə lampaları söndürüblər. Pəncərələri açdıq, avtomatları hazır saxladıq ki, birdən içəridə bizimkilər yox, ermənilər olar. Səs çıxarmadan maşında oturub, həyəcanla gözləyirik görək nolacaq. Axırı komandirin səbri dözmədi, qışqırdı, adə, sizsiz gələn? Sürücü elə sevindi ki... Tez maşının qapılarını açdı. Qəribədir ki, arxa qapılar və mən oturan tərəfin qapısı açılmadı. Yəqin bu da bir qismətdir. Deməli, ermənilərin arasına düşsəydik, qapıları açıb bizi götürə bilməzdilər, elə maşındaca özümüzü partladardıq. Komandir gəldi yanımıza, yerə çökdü, əliylə başını tutdu ki, “siz necə adamsız, niyə qayıtmısız, həkimi niyə gətirmisiz? Biz bir az da gözləyib, vəziyyətin çətinliyindən asılı olaraq çıxıb gedə bilərdik axı”. O hadisədən sonra təxminən 10 gün də orda qaldıq. Amma sonra əmr gəldi ki, kənddən geri qayıdın.
- Firəngiz xanım, siz Azərbaycanın ilk bort atıcı qadını sayılırsız. Necə oldu döyüş bölgəsindən sonra aviasiya sahəsinə keçdiniz?
- Komandir də, döyüşçülər də dedilər, burda elə bir oyun gedir ki, hər an hər şey ola bilər. Hər pislik gözlənilir. Yaxşısı budu, çıxın gedin. Təsəvvür edin, Laçını geri almağımıza 3 km qalmışdı. İrəli getməyə qoymadılar, geri qaytardılar. Çox heyf...
Ondan sonra nazirliyə müraciət edim. Döyüşçü kimi fəaliyyət göstərəndən bir müddət sonra kəşfiyyat taboruna keçdim. Növrəstə Yusifova ilə bir yerdə Ağdamda olduq. Sonra keçdim aviasiyaya. Amma onda da atıcılığımı yoxladılar, gördülər silahdan, pulemyotdan yaxşı istifadə edirəm, araşdırdılar ki, döyüşdə qorxaqlıq göstərməmişəm. 1993-cü ilin yanvarında vertolyot polkuna keçdim. Yoldaşım polkovnik-leytenant Xanlar Səttarov hərbi qırıcı vertolyotda pilot idi, mən isə onun bort atıcısı idim. Xanlar çox riskli uçurdu, ona görə hər bort atıcı onunla uçmaq istəmirdi. Amma mən deyirdim, elə onunla uçmaq istəyirəm. Döyüş bölgəsindən fərqli olaraq, aviasiyada şərait var idi. Hərbi şəhərcikdə qalırdıq. Bir həftə uçuş olurdu, bir həftə dincəlirdik. Vertolyot Yevlax aeroportundan qalxırdı. Mingəçevir mehmanxanasında hamımızın otağı var idi. Harasa gedəndə ərzaqları, aşbazları da özlərilə aparırdılar.
- Yaralandığınız günü xatırlayırsız? O anda hansı hissləri keçirdiz, nə gəldi gözünüzün önünə?
- 1993-cü ilin fevral ayı idi. Döyüş uçuşu vaxtı Xanlara nazirlikdən əmr gəldi ki, ermənilər Xocavənddən Ağcabədiyə kolon şəklində gəlir, onların qarşısını almaq lazımdı. Deməli, qayda belədir ki, vertolyot gedir, lazımi mövqeyi tutur və başlayır raketləri atmağa. O müddətdə bort atıcıları da atəş açırlar. Aşağıdan ermənilər vertolyota atəş açmağa başladılar. Güllə vertolyotun döşəməsindəki bronların arasından içəri girdi. Birinci gördüm başıma nəsə bərk bir şey dəydi. Gözlərim tutuldu, görmədim. Gözlərimi siləndə bildim, başımdan o qədər qan axır ki, tökülür gözlərimə. Başıma qəlpə dəymişdi. Qan elə axırdı ki, kabina bütün qan idi. Ardınca böyrümdən baltayla vurdular sanki. Qorxdum. Hündürlükdən düşəndə necə hiss keçirirsən, bax elə bil ürəyim düşdü. İkinci pilot da yaralanmışdı. Tez ratsiyamı çıxartdım ki, Xanlar eşitməsin səsimi, birdən özünü itirər. Oğlana da əlimlə “sus” işarəsini göstərdim ki, dinmə. Amma dedi. Sonradan bunlara qara qutudan qulaq asdıq. 2-ci pilot Xanlara deyir, başımdan yaralanmışam, yoldaşınız da yaralanıb. O da deyir, neyniyək uşaqlar, birtəhər dözün, bir-birinizə kömək edin, mən o alçaqların cəzasını verməliyəm. Xanlar 2 yaralı ilə özünü itirmədi. Ermənilər elə bildi ki, bu qədər atəşdən sonra vertolyot geri dönəcək. Amma geri dönmədi, onların üstünə getdi, raketləri atdı, ermənilərin canlı qüvvəsini və texnikasını məhv etdi, hücumun qarşısını aldı. İnsanlara asan gəlir bəlkə də, amma o anı yaşamaq lazımdı. Orda sağ qalmaq şansı yüzdə bir idi. Sonradan saydılar, 44 güllə dəymişdi vertolyota. Raketlər atılanda elə bilmişdim vertolyot yandı. Yaralı idim deyə, olanları aydın dərk eləmirdim. Ölüm qaşla göz arasındadır deyirlər. O bir neçə saniyəlik anda insanın beynindən çox sürətli fikirlər keçir. Özümə dedim, sən bu yola girəndə bilirdin ki, hər şey ola bilər, özünü ələ al. Kaş vertolyot göydə partlasın, ya da yerə düşənə kimi ölək, ermənilərə əsir düşməyək. Çünki əsir düşən pilotlarımız olmuşdu, aqibətlərini bilmədik. Kəlmeyi- şəhadətimi də dedim. Bir də onu fikirləşdim ki, heyf Xanlar kimi insandan. Amma ikinci bort atıcı gülə-gülə dönəndə başa düşdüm ki, Xanlar nəinki vəziyyətdən çıxıb, üstəlik qəhrəmanlıq da edib.
Mənə 5.45 kalibrli güllə dəyib. Qadağan olunmuş güllədi, dəyir, fırlanır, insanı doğrayır, çıxır. Güllə budumdan dəymişdi, sadəcə səmtini yuxarı yox, aşağı tərəfə dəyişdiyi üçün dizimin yanından çıxmışdı. Vertolyot Yevlaxa düşəndə təcili yardım maşını artıq hazır idi. Yaranı işlədilər. Yenə də Xanlar özü vertolyotu idarə edərək, məni Zabrat aeroportuna gətirdi. Orda nə qədər insan vardı. Hamı elə bilirdi Xanları vurublar. Onu sağ görəndə sevincdən bilmədilər neynəsinlər. Gətirdilər məni hərbi hospitala. 1 aydan çox yatdım orda. Yaraları sağaltmaq ağır proses oldu. O yaralar düz 4 il sonra, 1997-ci ildə tikildi. Vaxtından qabaq tikilsəydi, qanqren verə bilərdi.
Yaralanandan sonra da işlədim bir müddət. Amma döyüş uçuşuna getmədim. Bir dəfə vertolyotumuz ermənilərə yaxın ərazidə düşmüşdü. Xanlar ora məni aparmadı. Özü tək uçub getdi, vertolyotda qalan 3 pilotu sağ-salamat geri gətirdi. Halbuki onun özünü də vura bilərdilər. Xanların 300-dən artıq döyüş uçuşu olub, bir dəfə də yaralanmayıb. Atəşkəsdən sonra isə Qarabağ əlili kimi tərxis olundum.
- Sizdən başqa qadın bort atıcı var idi?
- Xeyr, yox idi. 1997-ci ildə hərbi şəhərcikdə prezident Heydər Əliyevlə görüş oldu. Bizimlə söhbət zamanı dedi, fəxr edirəm ki, Azərbaycanda belə bir ailə var. Bəlkə böyük vətən müharibəsində də belə hal olmayıb ki, ər pilot, qadın onun bort atıcısı olsun...
Mən “kişi kimi qadındı” sözünü sevmirəm. Qadın elə hər halıyla qadındı. Sadəcə, gərək içində o mübarizə əzmi, vətənpərvərlik, cəsarət olsun ki, daha çox kişilərə xas bildiyimiz işlərin də öhdəsindən layiqincə gələ bilsin. Həmişə deyirəm, əgər bir qadın döyüş bölgəsində bir əsgərin yarasını sarıbsa, qulluq edibsə, paltarını belə yuyubsa, o da bir köməkdir. O cür şəraitsizlikdə, çətinlikdə qadın dözüb qalıbsa, böyük ürək və cəsarət yiyəsidir. Çünki onu hər qadın edə bilməzdi, etməzdi. Mən də etməyə bilərdim. Mən də o vaxt avtobusa minib Türkiyəyə gəzməyə gedə bilərdim. Sadəcə olaraq, mən o biri avtobusu seçdim. Qarabağın azadlığı uğrunda döyüşməyə gedən könüllülərlə dolu avtobusu. Və nə yaxşı da məhz o avtobusa mindim. Bu gün də Qarabağı işğaldan azad etmək üçün avtobuslar yola düşsə, gözümü qırpmadan yenə minib gedərəm.
Və mən inanıram. Gün gələcək, Qarabağa yenə avtobuslar gedəcək. Amma bu dəfə gəzmək üçün. Mən bax, o avtobusu seçəcəm...