İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Bəhram Qasimi Koreya Xalq Demokratik Respublikasını (KXDR) ABŞ-ın razılaşmaları pozmaq vərdişi haqda xəbərdar edib.
Publika.az “Mehr” agentliyinə istinadən xəbər verir ki, diplomat ABŞ-ın beynəlxalq razılaşmaları dəfələrlə pozduğunu bildirib.
“ABŞ-ın siyasətinə nikbin yanaşmaq qeyri-mümkündür və bunu bu yaxınlarda etdiyi hərəkətlər də göstərir”, - agentlik diplomatın sözlərini sitat gətirib.
Xatırladaq ki, ABŞ mayın 8-də İranın nüvə proqramı üzrə Birgə hərtərəfli İş Planından çıxdığını elan edib. Ekspertlərə görə, ABŞ-ın istədiyi vaxt beynəlxalq razılaşmalardan çıxmaq vərdişi Pxenyanla danışıqlara da öz təsirini göstərə bilər. Baxmayaraq ki, ABŞ-ın dövlət katibi Mayk Pompeo ABŞ-ın denuklearizasiyaya əvəz olaraq Pxenana təhlükəsizliyin unikal zəmanətlərini verməyə hazır olduğunu bəyan edib.
Dövlət katibinin sözlərinə görə, bu zəmanətlər Amerikanın daha əvvəl təklif etməyə hazır olduğu zəmanətlərdən fərqlidir.
“Şimali Koreya ilə diplomatik dialoqdan əldə etmək istədiyimiz son məqsəd dəyişməyib. Koreya yarımadasının tam və dönməz denuklearizasiyası ABŞ-ın qəbul edəcəyi tək nəticədir”, - Pompeo vurğulayıb.
Dövlət katibi əlavə edib ki, denuklearizasiya olmasa, hər şey Şimali Koreya üçün pis bitə bilər.
Qeyd edək ki, iyunun 12-də Sinqapurda Şimali Koreya lideri Kim Çen Inla ABŞ prezidenti Donald Tramp arasında görüş keçiriləcək.
Ömər Dağlı