ARB Ulduz-un “Şou məkan” verilişinin qonağı olan əməkdar
artist Könül Kərimova maraqlı açıqlamalar verib.
Publika.az xəbər verir ki, ötən ay “Əməkdar
artist” fəxri adına layiq görülən Könül Kərimova, bu adı çoxdan
gözlədiyini və onun üçün kifayət qədər dəyərli olduğunu etiraf
edib:
“Uzun illərdir ki, gözləyirdim. Qismət bu günə imiş. Hərdən özümə
deyirəm ki, elə ona görə bu ad mənim üçün bu qədər şirinləşdi,
dəyəri artdı. Bir şeyi ki illərlə gözləyirsən, bax, o, sənə bir o
qədər dəyərli, əziz olur. İllərdir, çəkdiyin əziyyətin bəhrəsini
gördükdən sonra, onu necə adi qarşılamaq olar? İnanın, deyirdim ki,
sevincdən adamın ürəyi partlayar. Bu ad mənə hər şeydən
əzizdir”.
İlk dəfə həmkarı Nüşabə Ələsgərlinin təbrikini eşidən Könül
xanım özəl duyğular yaşamadan öncə, kifayət qədər qorxu və həyəcan
keçirib:
“Günorta idi. Telefon səssizdə idi. Ancaq hiss edirdim ki, zəng
gəlir. Telefona baxdım. Sözün düzü, bir az qorxdum, narahat oldum.
Bu qədər insan ardı-arası kəsilmədən mənə zəng edib. Zəng edənlərin
siyahısına baxdım ki, qoy, görüm birinci kim zəng edib. Baxdım ki,
Nüşabə Ələsgərli. Fikirləşdim Nüşabə mənə pis xəbər deməz. Ona zəng
vurdum. Çox yüksək tonla, qışqıra-qışqıra təbrik etdi. Xəbəri
eşidəndə donub qalmışdım”.
Ailə üzvlərinin, qohum-əqrəbanın reaksiyasından da söz açan
müğənni bunları deyib:
“Baxıram ki, özümüzünkülərdən heç kəs yoxdur. Nə anam, nə bacım, nə
qardaşım, nə oğlum, nə qızım.. Deyirəm, ay Allah, bunlar hardadır
görəsən? Ona görə ağlım yüz yerə getdi. İraq olsun, bəlkə, nəsə
hadisə var, mənim xəbərim yoxdur. Niyə yatırlar, xəbərləri yoxdur.
Ağlaya-ağlaya qardaşımı yığdım. Bilirdim ki, o məndən də çox
gözləyirdi bu xəbəri. O uşağı da orada qorxutdum. Qışqırdı ki, nə
olub? Dedim, mənə ad veriblər. Anam da rayonda idi. Hamı
ağlaşırdı”.
Əməkdar artist artıq bundan sonra əvvəlkindən qat-qat artıq
məsuliyyətlə sənətinə dördəlli sarılaraq, sevənlərinə yeniliklər
təqdim edəcək:
“Elə bilirəm ki, hər şey yenidən başlayır. Studiyada mahnılar
yazdırırdıq. Yaradıcılığımda dəyişikliklər olacaq. Oğlum da ifa
etməyə başlayır. Qardaşımın qızı deyərdim ki, fitri istedaddır.
Ansamblımızı genişləndirəcəyik. İşlərimiz çoxdur”.