​İtlə insanın fərqi: “Ay bala, əl vurma..."

“Ay bala, əl vurma o murdara. Görmürsən, kir-pas içindədi? Tez gəl əllərini yu”.

Bu cümlələr sizi uşaqlığınıza qaytardımı?

O gün bir video gördüm. Tanış adamın idi. Uşağının pişiklə videosunu çəkib paylaşıb. Uşaq yazıq gedir ki, pişiyi sığallasın, bir az oynasın. Ana başına döndüyüm də 15 saniyəlik videoda yalan olmasın, heç olmasa min beş yüz əlli altı dəfə “yaxın durma ona, əlini vurma” dedi. Tələm-tələsik heç bir psixoloqa getmədən uşaqlığıma qayıtdım. Gördüm ki, nə? Bir sürü belə “gözəl” xatirə.

Azərbaycanda heyvanlara qarşı vicdansızlıq, hər hansı şiddət halları o qədər də artmayıb. Ya da biz görmürük. Dediyim xatirələr bizdə elə bir fikir formalaşdırıb ki, ümumiyyətlə, heyvanları görməzdən gəlirik.

Görməmiş olmazsınız... Bakının cavanlarının çoxu necəsə, hansısa yolla “Husky” adlı itlərdən tapıb. Xüsusilə də yayın cırhacırında, küçələrində küləyin gətirdiyi toz zərrəciklərindən başqa heç nəyin olmadığı Bakımızın ara məhlələrində gəzdirirlər o heyvanları. Bilməyənlər üçün deyim ki, o yazıqlar Sibirin soyuğunda belə az qala tər tökür. Heyvan sevginiz belə çoxdursa, onları satın almayın. Sığınacaqlardan götürüb, qayğılarına qalın. İndi bir məsələ də burda düyün olur. Maksimum 4 otaqlı evi olan ailələr bir dənə iti od bahasına alır. Gətirir ki, bəs “mən heyvanları ayrı cür sevirəm. Siz anlamazsınız”. Ay qardaş, axı o heyvan niyə “oboylu” evlərdə təqaüdçü babalar kimi televizora baxmalıdır? Yenə bir həyət-bacan olsa, dərd yarı...

Sərhədləri aşaq... Ötən həftə iki-üç gün ard-arda binamızın qarşısına bir neçə qabda su, yemək qoymuşam. Ki, itlər, pişiklər, quşlar heç olmasa bir günlük də olsa, susuz qalmasın. Üstündən bir-iki saat keçdi. Aşağı düşdüm vəziyyətə baxmaq üçün. Gördüm ki, nə qab var, nə su, nə də heyvan. Növbəti gün də təkrarladım bu prosesi. Yenə eyni cür davam etdi hər şey. Sonra təsadüfən öyrəndim. Bu ölkədəki bəzi insanlar heyvanları istəmirmiş. Onların məsum-məsum su içməyindən narahat olurmuş. Heyvanı təpiklə vurub incidən biri onlar üçün qoyulan qablara nə desəniz, edər. Bir məsələ də var ki, adamlar qabın üstündə bəddua yazılanda heç nə etmirlərmiş. Deyirlər birdən “çarpılarıq”. Yoxladım, “çarpılmadılar”...

Ötən həftə Türkiyədə baş verən o dəhşətli hadisəni yəqin ki, unutmamısınız. Balaca küçüyün ayaqlarını və quyruğunu kəsmişdilər. Sonradan açıqlama verildi ki, yolu kənarındakı iş maşını səhvən kəsib. Belə çıxır ki, itlərin ayaqları və quyruqları bir-birinə paraleldir...

Həmin hadisədən sonra bu cür videolar çox paylaşıldı. Biri pişiyi təpikləyib divarın o tayına atdı, biri qapısının ağzında saxladığı iti vura-vura guya tərbiyələndirdi, o biri evdən çıxan kimi yenə iki pişiyi təpiklədi, başqa biri də balaca pişiyə təcavüz edib, ölümünə səbəb oldu. Amma eqoları doymadı, tətmin olmadılar. Sonuncu nöqtəni balaca itin əsas bədən üzvlərini kəsməklə qoydular.

Yenə həmin ölkənin vicdandan məhrum olmayan insanları hər il 4 oktayabrı təmtəraqla qeyd edir. Çünki onlar Norveçdə ev heyvanının balası doğulan işçiyə 3 gün icazə verildiyini bilir. Çünki onlar İtaliyada iti xəstələnən akademikə ödənişli icazə verildiyini bilir. Və Türkiyədə heyvanlara təcavüz edən, şiddət göstərənlərin 437 lirə ilə aradan çıxdıqlarını çox yaxşı bilirlər.

Bu cür hadisələri cəza və qanunlar yox, insanların dəyişən şüuru həll etməlidir. Sözsüz, qanunlara hər zaman ehtiyac var. Amma insanlar qanunlar çərçivəsində nədənsə qorxduqları üçün yox, şəxsi şüurları ilə şiddətin nə olduğunu anlamalıdırlar.

Heyvanlar məchul və haqqlarından məhrum edilən varlıqlar deyillər. Olmamalıdırlar.

Nərgiz Nənə / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı