ABŞ konqresində Puerto-Riko ada dövlətinin rəsmi olaraq ABŞ ərazisinə ilhaq edilməsi ilə bağlı qanun layihəsi nəzərdən keçiriləcək.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu haqda ABŞ parlamentinin saytında məlumat yayılıb.

Sənəd Puerto-Rikonun konqresin aşağı palatasındakı təmsilçiləri Cenifer Qonzales Kolon və 37 digər konqresmen tərəfindən hazırlanaraq təqdim olunub.

Qeyd edək ki, Puerto-Riko 1898-ci ildən bəri ABŞ-ın dəniz ərazilərinə daxildir və qeyri-rəsmi olaraq ölkənin 51-ci ştatı sayılır.

Arxipelaqın sakinləri ABŞ vətəndaşları olsalar da, prezident seçkilərində iştirak edə bilmirlər.

2017-ci ildə keçirilən referendumda Puerto-Riko sakinləri ada dövlətin yeni siyasi statusunu müəyyən edərək, onun 51-ci ştat kimi ABŞ-a daxil edilməsini dəstəkləyib.

Milli.Az