“100 ilin dərsləri: Cümhuriyyət ordusunun Qarabağ döyüşləri” filmi təqdim olunub

“100 ilin dərsləri: Cümhuriyyət ordusunun Qarabağ döyüşləri” filmi təqdim olunub
14:59 16 İyul 2018
36 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Media İnkişaf Mərkəzi “100 ilin dərsləri: Cümhuriyyət ordusunun Qarabağ döyüşləri” filminin təqdimatını keçirib.

 

Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanmış film Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu zaman ərzində Azərbaycan Milli Ordusunun Qarabağda erməni separatizminə və aqressiyasına qarşı apardığı mübarizədən bəhs edir.

 

Media İnkişaf Mərkəzinin sədri Qabil Abbasoğlu tədbir iştirakçılarını salamlayaraq bildirib ki, tariximizin bu qəhrəmanlıq səhifəsinin yeni nəslə çatdırılması üçün həmin dövrün həqiqətlərinin geniş və müasir informasiya vasitələri ilə təqdimatına ehtiyac var: “Ona görə də təşkilatımız 1918-1920-ci illərdə Cümhuriyyət Ordusunun erməni zülmünə və separatizminə qarşı apardığı şərəfli mübarizənin tarixi barədə  sənədli film hazırlamaq qərarına gəldi”.

 

Təşkilat sədri QHT-lərə Dövlət Dəstəyi Şurasına belə bir ideyanın gerçəkləşməsinə dəstək verdiyi üçün təşəkkürünü bildirib. O, qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin tarixi kökləri 200 ilə yaxın bir uzaqlığa gedib çıxır: “Bu tarix ərzində düşmənin məkr və xəyanətləri bir an belə səngiməyib, lakin bir neçə mərhələdə daha qabarıq şəkil alıb. Belə mərhələlərdən birini hazırda Azərbaycan Respublikası olaraq yaşayırıq. Dövlətimiz və Ordumuz bu mərhələdə düşmənin istəyinə çatmasına imkan verməməkdədir. Təxminən 100 il əvvəl – Azərbaycan Xalq Cümhuriyyətinin dövründə də belə ciddi mərhələlərdən biri yaşanıb. Lakin o dövrdə ömrü cəmi iki il çəkən Azərbaycan Xalq Cümhuriyyətinin və yeni yaranmış Milli Ordunun göstərdiyi dəyanət və apardığı şanlı mübarizə indiki nəslə yetərincə çatdırılmayıb. O səbəbdən və gələcək nəsillərin də məlumatlandırılması üçün əlavə maarifləndirici və təbliğat vəsaitlərinə ehtiyac var”. 

 

Q.Abbasoğlu qeyd edib ki, Azərbaycanın və Ermənistan-Azərbaycan münaqişəsinin tarixinə dair müasir kommunikasiya vasitələrində olan resursların sayının və keyfiyyətinin artırılmasına ehtiyac var. Sosial şəbəkələrdə və internet resurslarında bu münaqişənin tarixi, erməni təcavüzünün mahiyyəti, konkret tarixi dövrlərdə dəyişən xarakteri barədə məlumatlandırıcı materiallar artırılmalıdır: “Tariximizin bu şərəfli səhifəsinə dövlət rəhbərliyinin göstərdiyi diqqətin fonunda, ictimai sektoru təmsil edən bir qeyri-hökumət təşkilatı olaraq, biz də bu tarixi hadisəyə öz töhfəmizi vermək istərdik”.

Araşdırmaçı jurnalist İlham Tumas bildirib ki, cümhuriyyət dövrü ilə bağlı çəkilən filmlərin ən böyük çətinliyi həmin dövrlə bağlı görüntülərin olmamasıdır:

“1918-20-ci illərdəki Qarabağ döyüşləri ilə bağlı bizim əlimizdə heç nə yoxdur. Bu da cümhuriyyət dövrünün hərb tarixi ilə bağlı filmlərin çəkilməsində müəyyən çətinliklər yaradır.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Emin Həsənli isə bu cür filmlərin araya-ərsəyə gətirilməsinin vacib nüanslardan olduğunu vurğulayıb:

“Hesab edirəm ki, sanballı araşdırmalar əsasında hazırlanmış filmlərə ehtiyacımız var. Ona görə lazımdır ki, cümhuriyyətimizin qüdrətli, şanlı dövrünü bu gün tamaşaçılara çatdırılmalıdır. “100 ilin dərsləri: Tamaşaçı bu film vasitəsi ilə görəcək ki, həmin dövrün mürəkkəb siyasi şəraitinə baxmayaraq cümhuriyyət ordusu Qarabağı ermənilərdən tamamilə təmizləyə bildi. Cümhuriyyət ordusunun Qarabağ döyüşləri” filminin üzərində əməyi olan hər kəsə təşəkkür edirəm”.

Hərbi və vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlı isə bildirib ki, cümhuriyyətin 100 illiyinin qeyd olunduğu günlərdə bu cür filmlərlə tamaşaçıları sevindirməyin özü alqışa və təqdirə layiqdir. Onun sözlərinə görə, “100 ilin dərsləri: Cümhuriyyət ordusunun Qarabağ döyüşləri” gənc nəslin milli ruhda tərbiyəsində, həmin dövrdəki hərb tariximizə nəzər salmaq baxımından çox önəmli hadisədir:

“O dövrdə bizim Xosrov bəy Sultanov kimi qəhrəmanlarımız olub. Həmin dövrdə Qarabağın general-qubernatoru olan Xosrov bəy  Sultanov uğurlu əməliyyatlardan sonra İrəvanı ermənilərdən geri almaq istəyirdi. Amma cümhuriyyətin süqutu buna imkan vermədi. Bu cür qəhrəmanlarımız, generallarımız olub. Onların bu filmdə xatırlanması, gördüyü işlərə yenidən nəzər salınmasını təqdir edirəm”.

 

Sonra tədbirdə iştirak edən ziyalılar, keçmiş döyüşçülər, QHT təmsilçiləri və media nümayəndələri filmlə bağlı öz rəylərini bölüşüblər.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/305887

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR