“ASAN Xidmət” mərkəzlərində əcnəbi könüllülərin fəaliyyəti davam edir.

Metbuat.az bildirir ki, müxtəlif ölkələrdən olan gənclər bir neçə həftədir “ASAN xidmət” mərkəzlərində vətəndaşlara yardım edir.

"Yaşıl ASAN" təşəbbüsünün rəhbəri Səkinə Həsənova Metbuat.az-a açıqlamasında bildirir ki, əcnəbilər sırf ekoloji istiqamətdə, təcrübə üçün gəliblər:

“ASAN Könüllülük Məktəbinin “Yaşıl ASAN” təşəbbüsü və AISEC-in Azərbaycan nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Create your eden” layihəsi çərçivəsində Böyük Britaniya, Niderland, Serbiya, Yaponiya, Çin və Pakistandan gələn könüllü əcnəbilər “ASAN xidmət” mərkəzlərində vətəndaşlara yardım ediblər. Onlar burada ASAN könüllülərin gördükləri işlərlə məşğul olurlar. Ərizələrlə tanış olur, vətəndaşlara dəstək göstərirlər. Düzdür, çox işlərdə birbaşa xidmət göstərməsələr də, könüllü dostlarla birlikdə işin öhdəsindən gəlirlər.

“ASAN Xidmət” mərkəzinə daxil olan zaman əcnəbi könüllüləri azərbaycanlılardan ayırmaq olmur. Hamısı çox səmimidirlər. Qeyd etmək istərdim ki, onlar ilk həftə “ASAN könüllülər” üçün olan ilkin təlimlərdən keçib. İkinci həftədə isə “Yaşıl ASAN” təşəbbüsünün fəaliyyətinə qoşuldular. Yaxın günlərdə paytaxtımızda keçirilən Bakı Piknik Festivalı əcnəbi könüllərdə təşkilatçı kimi iştirak ediblər”.

Əcnəbi gənclər isə ASAN xidmət təcrübəsinin onlarda böyük maraq doğurduğunu deyirlər.

Serbiayadan gələn əcnəbi könüllü 21 yaşlı Ana Rabrenovic universitet tələbəsidir. O, AISEC təşkilatının veb saytına müraciətindən sonra Bakıya gəlib. Ananın hüquqşünas dostu tarixi mədəniyyəti və sürətli inkişaf tempinə görə onun Bakını seçməsini məsləhət görüb. O da Bakını seçib. Anna avqustun 3-nə kimi Bakıda qalacaq. O, “ASAN Xidmət” mərkəzində könüllülərlə birlikdə sorğuların götürülməsi, vətəndaşların ərazilərinin yazılması proseslərində iştirak edir. Asudə vaxtlarında isə tədbirlərə cəlb olunur. Ana deyir ki, Bakı çox gözəl şəhərdir. O, ən çox Dənizkənarı Milli Parkda vaxt keçirməyi xoşlayır. Onun azərbaycanlılarla bağlı fikirləri də çox müsbətdir.

Böyük Britaniyalı 17 yaşlı əcnəbi könüllü Nina Tregenza artıq 4 ildir ki Bakıda yaşayır. O, ölkəmizdə distant sistem ilə ingilis dilində təhsil alır. “Green Baku” adlanan şirkət vasitəsiylə “ASAN Xidmət”ə müraciət edib. Nina əcnəbi könüllü Ana kimi mərkəzdə eyni işləri görür. O, könüllülükdən sonra “Yaşıl ASAN” təşəbbüsündə fəaliyyətini davam etdirmək istəyir. Ninanın valideynləri Azərbaycanda işləyir. O, təhsillə bağlı 2019-cu ildə Almaniyaya getməyi planlaşdırır. Ölkəmizlə bağlı Ninanın təəssüratları çox yüksəkdir. O, Azərbaycanın tarixini öyrənməyi çox sevir.

Qeyd edək ki, əcnəbi könüllülər avqustun 3-dək dövlət xidmətlərinin göstərilməsi üzrə könüllü fəaliyyətini davam etdirəcəklər.

Xəyalə Məmmədova / METBUAT.AZ

Arif Babayev bu gün qəzada həlak olan tələbəsindən danışdı – EKSKLÜZİV – TIKLAYIN!