“Konvensiya Azərbaycanın daha güclü mövqedən çıxış etməsini təmin edir”

“Mən Xəzərin hüquqi status haqda Konvensiyanı bizim üçün Azərbaycanla Rusiya arasında dövlət sərhəddi haqqında anlaşma qədər önəmli bir sənəd hesab edirəm”.

Metbuat.az-ın məlumatına görə, bunu millət vəkili Sahib Alıyev deyib. Millət vəkili xatırladıb ki, hər iki məsələ ətrafında danışıqlara 1996-cı ildə başlanılmışdı: “On dörd il davam edən danışıqlardan sonra 2010-cu il sentyabrın 3-də “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dövlət sərhədi haqqında” dövlətlərarası müqavilə imzalandı.

Moskvanın başında durduğu bütün inteqrasiya modellərində ona ən böyük dəstək verən Qazaxıstanla Rusiya arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası reallaşdırılmadığı halda Azərbaycanın bunu bacarması əlbəttə, böyük diplomatik uğur idi. Və bir sıra reallıqları göz önünə gətirsək, deməliyik ki, bu heç də asan əldə edilən uğur deyildi. Hətta müqavilə bağlanandan sonra belə Rusiyada ən müxtəlif səviyyələrdə bunun əleyhinə fikirlər səslənirdi. Ancaq bu ilin fevralında Azərbaycan-Rusiya dövlət sərhədində ilk sərhəd nişanının quraşdırılmasıyla karvanın keçib mənzil başına çatdığını deyə bilərik.

Düzdür, Xəzərin hüquqi statusuyla bağlı konvensiyada bir sıra məsələlərdə tam konkretlik yoxdur. Ancaq həmən o məsələrədə belə bu konvensiya Azərbaycanın daha güclü mövqedən çıxış etməsini təmin edir. İlk növbədə söhbət ondan gedir ki, Xəzərin milli sektorlara bölünməsində İranın və Türkmənistanın daha əsassız tələblər irəli sürməyə “arqument”ləri olmayacaq. Üstəlik İranın üzləşdiyi indiki durum və Transxəzər qaz kəməri məsələsində Türkmənistanın Azərbaycandan asılılığı hər iki ölkəni daha güzəştli mövqedən çıxış etmələrini şərtləndirəcək. Bütövlükdə bu Konvensiyanın Azərbaycana nə verdiyini sadalamalı olsaq, aşağıdakıları deyə bilərik:

1) Bu anlaşma dövlət başçımızın sammitdəki çıxışında da vurğuladığı kimi, Azərbaycanın materik əhəmiyyətli nəqliyyat qovşağına çevirilməsi prosesində mühüm bir addımdır.

2) Ölkəmizin Türkmənistan və İranla Xəzərin milli sektorlara bölünməsi məsələsində razılığa gəlməsinin yolunu açır. Az öncə də qeyd etdik - bu zaman Türkmənistan prezidentinin təbirincə desək, onun ölkəsini çətin danışıqlar gözləyirsə, bizim üçün həmən “çətinlik” aradan qalxıb.

3) Transxəzər qaz kəməri reallığa çevirilə bilər ki, bu məsələ də əldə edəcəyimiz mənfəətlə yanaşı, ölkəmizin bir tərəfdən Türkmənistan, digər tərəfdən isə Avropa üzərində təsiri daha da artırmış olacaq.

4) Xəzərin qarşıdurma poliqonu deyil, əməkdaşlıq platforması olması haqda ilk çağırışları edən və bu yolda ilk addımları atan da məhz Azərbaycan olub. Düz 22 illik çək-çevirdən sonra bütün Xəzəryanı dövlətlər bunun daha doğru yanaşma olduğunu dərk edib və qapalı su hövzəsinin( bəli nə dəniz, nə göl, məz qapalı su hövzəsi) hüquqi statusu haqda Konvensiyada öz prezidentlərinin imzalarıyla təsdiqləyiblər”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR