Bakı. 23 aprel. REPORT.AZ/ Nəsimi rayonunda yerləşən “Avropa” otelində qətl törədən şəxs saxlanılıb. Nəsimi Rayon Polis İdarəsindən (RPİ) “Report”a verilən məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən 1987-ci il təvəllüdlü Quliyev Sənan Təvəkkül oğlu saxlanılaraq istintaqa təhvil verilib.
Qeyd edək ki, aprelin 21-də Nəsimi rayonu ərazisində yerləşən “Avropa” otelinin idman zalında naməlum şəxs Bakı şəhər sakinləri Azər Məmmədova və Ruslan Əfəndiyevə bıçaqla xəsarət yetirib hadisə yerini tərk edib. A.Məmmədov hadisə yerində ölüb, R.Əfəndiyev xəstəxanaya yerləşdirilib. Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə hadisənin Bakı şəhər sakini Sənan Quliyev tərəfindən törədilməsi müəyyən edilib.
Cinayət işinin istintaqı isə Nəsimi Rayon Prokurorluğundan alınaraq Bakı Şəhər Prokurorluğuna verilib. Hadisənin təfərrüatları istintaq zamanı məlum olacaq.