Futbol üzrə Türkiyə 1-ci liqasının 4-cü turunda "Dənizlispor"u 4:0 hesabıyla məğlub edən "Altınordu"nun futbolçusu Hüseyn Atakan Üner klub rəhbərliyi tərəfindən 3 oyunluq cəzalandırılıb.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, buna onun bu matçda vurulan ilk qolu çılğınlıqla bayram etməsi səbəb olub.

Doğma meydanda baş tutan matçda hesabı 13-cü dəqiqədə məhz Atakan açıb. Lakin onun bu qolu həddən artıq çılğınlıqla bayram etməsi birmənalı qarşılanmayıb. 19 yaşlı futbolçu "Dənizlispor"un yetirməsi olmasına baxmayaraq, sabiq klubuna vurduğu qoldan sonrakı davranışı ilə hətta indiki komandasının rəhbərliyinin də qəzəbinə tuş gəlib.

Matçdan bir gün sonra klubun rəsmi saytına açıqlama verən "Altınordu"nun prezidenti Mehmet Özkan, futbolçunu sərt tənqid edib və onu 3 oyunluq cəzalandırdıqlarını bəyan edib:

"Atakan "Dənizlispor"un yetirməsidi. Yetişdirmə haqqı olaraq bu kluba 375 min TL ödəmşik. Bu oyunçunu başqa kluba satası olsaq, əldə olunacaq gəlirin də 30 faizini "Dənizlispor"a verməklə bağlı razılığımız var. Atakanın qol vurandan sonra etdikləri böyük bir tərbiyəsizlikdi. Bunu təcrübəli bir futbolçu etsəydi, biletini bu gün alıb, yola salardım. Amma Atakanı sadəcə, 3 oyunluq cəzalandırmaqla kifayətlənirəm. Hər kəsin ibrət dərsi alması üçün, onun yerinə qarşıdakı oyunlarda əsas komanda üzvlərindən biri yox, U-18-də forma geyinən Berkay Görməzə şans verəcəyik".

Milli.Az