Kremlin “Barbarosa” planı, 20 illik müharibəyə HAZIRLIQ… - GÜNÜN SİYASİ XÜLASƏSİ
Paylaş
23 baxış·6 dəq oxu
Azərbaycan XİN Ermənistanın baş naziri Nikol
Paşinyanın işğal altındakı Dağlıq Qarabağa gəlişi və aqressiv
bəyanatlar verməsini şərh edib.KTMT Ermənistan-Azərbaycan
sərhədində baş verən toqquşmaya münasibət bildirib.Aralıq
dənizi üzərində hərbi təyyarəsi vurulan Rusiyadan əks həmlə
gəldi.ABŞ Çini özü üçün ən böyük təhlükə hesab edir.ABŞ prezidenti Donald Tramp ölkə tarixinin ən böyük səhvini
açıqlayıb.Çin və ABŞ arasında ticarət müharibəsi 20 il
davam edə bilər.
Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın baş
naziri Nikol Paşinyanın işğal altındakı Dağlıq Qarabağa gəlişi və
aqressiv bəyanatlar verməsini şərh edib.
“Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Nyu-Yorkda
BMT Baş Assambleyası çərçivəsində nəzərdə tutulan görüşü ərəfəsində
Ermənistan rəhbərliyi tərəfindən Azərbaycanın işğal olunmuş
ərazilərinə belə bir təxribatçı səfərin edilməsi və səfər zamanı
aqressiv bəyanatların səsləndirilməsi Ermənistan tərəfinin qəsdən
vəziyyəti gərginləşdirmək niyyətinin göstəricisidir. ATƏT-in Minsk
Qrupunun həmsədrlərini işğalçı Ermənistanı danışıqlar prosesinə
xələl yetirən bu kimi təxribatçı addımlardan və bəyanatlardan
çəkindirmək istiqamətində addımlar atmağa çağırırıq. Ermənistan son
günlər təmas xəttində, eləcə də Azərbaycan-Ermənistan sərhədində
vəziyyətin gərginləşdirilməsi istiqamətində sistematik addımlar
atır. Azərbaycan torpaqlarının işğalı, bu ərazilərdə törədilən
çoxsaylı qanun pozuntuları və cəbhə bölgəsində yaranmış gərginliyin
bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür”, -
bəyanatda deyilir.
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının
(KTMT) Birləşmiş Qərargah rəisi Anatoli Sidorov
Ermənistan-Azərbaycan sərhədində baş verən toqquşmaya münasibət
bildirib.
Ordumuz sərhəddə erməniləri darmadağın etdi, “Putin NATO-su” İrəvana ARXA ÇEVİRDİ
Türkiyə və Rusiya prezidentlərinin Soçi görüşündə
İdlib razılığı regiondakı mənzərəni dəyişdi. Bütün dünyanın
müharibə gözlədiyi şəhərdə sülh əldə olundu, Əsəd və müxaliflər
arasında təhlükəsizlik zonası yaradıldı. Maraqlıdır
ki, İdlibə hücuma hazırlaşan Əsəd niyə razılaşmaya boyun əydi? O da
maraqlıdır ki, İran İdlib razılaşmasında yer almadı.
Türkiyəli yazar Mehmet Acet İdlib razılaşmasının pərdəarxasında
baş verənləri ortaya çıxarıb.
Putin, Ruhani və Əsəd Ərdoğanın qarşısında niyə GERİ ÇƏKİLDİ? - Soçi razılaşmasının PƏRDƏARXASI
Aralıq dənizi üzərində hərbi təyyarəsi vurulan
Rusiyadan əks həmlə gəldi. Türkiyənin “Haber7”
saytına istinadən xəbər verir ki, Cənubi Kipr mediasının yazdığına
görə, Rusiya Suriyanın Şərqi Aralıq dənizi sahillərini hava və
dəniz marşrutu üçün bağlayıb.
Cənubi Kipr mediasının xəbərlərini İsrailin “Haaretz” qəzeti
ölkəsindən olan səlahiyyətlilərə istinadən təsdiqləyib. Rusiyanın
qəbul etdiyi qərar əsasən, bölgədə gələn həftədən etibarən heç bir
təyyarə və gəmi hərəkət etməyəcək.
Qeyd edək ki, sentyabrın 17-dən 18-nə kecən gecə Aralıq dənizi
üzərində Rusiyanın "İl-20" tipli hərbi təyyarəsi Hmeymim təyyarə
bazasına qayıdan zaman radarlardan itib.
İsrail özünün məhvi üçün istifadə ediləcək silahın
Hizbullahın əlinə keçməsinə mane ola bilməyib. Bunu
Hizbullah lideri Həsən Nəsrullah deyib. Onun sözlərinə görə, artıq
Livan və İsrail qüvvələrinin balansı dəyişib:
“Hizbullahın yüksək dəqiqliyə malik silah ələ keçirməsinə qarşı,
İsrailin bütün cəhdləri boşa sərf edilib. Əgər hərbi fəaliyyətlər
başlasa, İsrail artıq onu nəyin gözlədiyini təsəvvür belə edə
bilməz”.
Ukrayna Rusiyanın təsirinə qayıdışın heç bir
perspektivi olmadan Avropanın ayrılmaz və mübahisəsiz hissəsi
olmalıdır. Bunu Ukrayna prezidenti Pyotr Poroşenko
Ali Radada çıxışı zamanı deyib.
“Biz döyüş bacarığı olan ordunu qurduq. Biz Ukrayna kilsəsinə
dünya pravoslavlığında layiqli yeri qaytarırıq. Ordu bizim
torpağımızı müdafiə edir. Dil bizim ürəyimizi müdafiə edir. Kilsə
bizim ruhumuzu müdafiə edir”, - o bildirib.
Poroşenko vurğulayıb ki, Ukraynanın strategiyası düzgündür: “Mən
dəqiq bilirəm ki, biz strategiya məsələlərində səhv etmədik. Güclü
və müvəffəqiyyətli Ukraynanı Rusiyanın təsirinə qayıdışın heç bir
perspektivi olmadan Avropanın ayrılmaz və mübahisəsiz hissəsi etmək
bizim hədəfimiz, ambisiyamız və missiyamızdır. Biz ölkəni Kremlin
“Barbarosa” planından qoruduq, “Rus baharı” planı boğuldu”.
Ukraynanın Ali Radası Avropa İttifaqı və NATO-ya
inteqrasiya haqqında Konstitusiyaya dəyişikliklərin daxil edilməsi
haqqında prezidentin irəli sürdüyü qanun layihəsini
dəstəkləyib. Qanun layihəsini 321 deputat (300 səs
tələb olunurdu) dəstəkləyib.
Rusiyanı şoka salan QƏRAR – Putin müharibə ilə TƏHDİD ETMİŞDİ
Çin və ABŞ arasında ticarət müharibələri yaxın
vaxtlarda başa çatmayacaq, 20 il davam edə bilər. Bu
fikirlə “Alibaba Qrup Holdinq”in banisi Cek Ma çıxış edib.
“Çin-Amerika münasibətlərinin inkişafı prosesində texnologiya
inqilabı dövründə ticarət qarşıdurmaları qaçılmaz olur. Onlar
tezliklə iki ay, hətta iki il sonra qurtarmayacaq. Dünya Çin və ABŞ
arasında 20 illik ticarət müharibəsinə hazır olmalıdır”, - şirkətin
Durektorlar Şurasının sədri bildirib.
Cek Manın sözlərinə görə, bu münaqişədən ən çox kiçik və orta
biznes zərər çəkəcək. Korporasiyanın banisi həmçinin
proqnozlaşdırır ki, yaxın 10-15 ildə iqtisadiyyatın ənənəvi
sahələri üçün son dərəcə ağrılı olacaq.
Yaxın Şərqdə hərbi kampaniya ABŞ üçün ən böyük səhv
oldu. Bu haqda ABŞ prezidenti Donald Tramp “Hill.TV”
telekanalına müsahibəsində bildirdi.
“Ölkəmizin tarixində ən böyük səhv Yaxın Şərqə qoşunların daxil
edilməsidir. Buna prezident Corc Buş təşəbbüs etdi”, - Tramp
deyib.
Onun sözlərinə görə, keçmiş prezident Barak Obama da əsgərləri
buradan çıxararaq səhv etdi. Tramp Yaxın Şərq hərbi kampaniyasında
çoxsaylı qurbanları xatırladıb və həmçinin əlavə edib ki, ABŞ
əməliyyatlara 7 trilyon dollar xərcləyib.
“Vətəndaş müharibəsini anlamaq olar. Bu, başqadır.
Qoşunlarımızın Yaxın Şərqə daxil edilməsi, ölkə üçün ən pis qərar
idi”, - ABŞ prezidenti bildirib.
Pentaqonun qiymətləndirməsinə görə, 2001-2018-ci illərdə İraq,
Əfqanıstan və Suriyada döyüş hərəkətlərinə ayrılan xərclər 1,52
trilyon dollar təşkil edib.
Braun Universitetinin məlumatına görə, 2017-ci ilin sentyabrına
kimi ABŞ iki müharibəyə, həmçinin Pakistan və Suriyada hərbi
hərəkətlərə 5,6 trilyon dollar xərcləyib. Bundan başqa, bu məbləğə
milli təhlükəsizliyə və veteranların sağlamlığının qorunmasına
xərclər də daxildir.
ABŞ Çini özü üçün ən böyük təhlükə hesab edir,
nəinki Rusiyanı. Bunu ABŞ-ın dövlət katibi Mayk
Pompeo “Fox News” telekanalına müsahibəsində bildirib.
“Rusiya özünü təcavüzkar aparır. Rusiya bizim seçkilərimizə
müdaxilə etməyə çalışır. Rusiya Vladimir Putinin rəhbərliyi altında
davakar olaraq qalır. Biz qarşılıq verməli və onları saxlamalıyıq.
Amma amerikalıların həyat tərzinə uzunmüddətli perspektivdə
təhlükələrə baxsaq, Çin ABŞ üçün ən böyük təhlükədir və Amerikanın
iqtisadi artımının davamı üçün risklər yaradır”, - dövlət katibi
əlavə edib.
Daha əvvəl “Fox News” bildirib ki, ABŞ-ın Müdafiə Nazirliyi
(Pentaqon) kibertəhlükəsizlik üzrə özünün yeni strategiyasında əsas
təhdidlər siyahısına Rusiya və Çini daxil edib.
Koreya Respublikasının prezidenti Mun Cje İn Şimali
Koreya lideri Kim Çen Inla görüşdən sonra ABŞ prezidenti Donald
Trampa birgə təklif aparacağını bildirib. Mun Cje İn
Kim Çen Inın 1953-cü ildən bəri davam edən atəşkəs rejiminin
bitməsi və 2018-ci ilin sonuna kimi sülh müqaviləsinin imzalanması
təklifini Trampa çatdıracaq.
“Söhbət müharibənin bu ilin sonuna kimi sonlandırılması barədə
bəyannamənin imzalanmasından gedir. Mən bunu prezident Trampla
müzakirə edəcəyəm” - Koreya Respublikası prezidenti bildirib.
Şimali Koreya Cənubi Koreya ilə birləşənə qədər nüvə
silahından imtina etməyəcək. Bunu “RİA Novosti”
agentliyinə açıqlamasında yaponiyalı ekspert Takusyoku Xidesi
Takesada deyib. Onun sözlərinə görə, Şimali Koreya ABŞ-ın iki
ölkənin birləşdirilməsi üçün güc tətbiq edəcəyindən qorxur:
“Bu birləşmədə Pxenyanın maraqları nəzərə alınmayacaq. Məhz buna
görə də Pxenyan nüvə silahından imtina etmir. Nüvə silahı onlara
Koreyanı öz rəhbərlikləri altında birləşdirmək üçün gərəklidir. Ona
görə də Şimali Koreya bütöv Koreya bərpa olunana qədər nüvə
silahından imtina etməyəcək”.