​“ADEX-2018” səgisindən

Xəbər verdiyimiz kimi, Bakı Ekspo Azərbaycan Mərkəzində Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü, Azərbaycan Müdafiə Nazirliyinin dəstəyi və “Caspian Event Organisers” (CEO) şirkətinin təşkilatçılığı ilə 3-cü Azərbaycan Beynəlxalq Müdafiə “ADEX-2018” sərgisi keçirilir.

Metbuat.az xəbər verir ki, sərginin açılış mərasimində Azərbaycan Respublikası Prezidentinin hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov Prezident İlham Əliyevin sərgi iştirakçılarına təbrik məktubunu oxuyub. Müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev bildirib ki, üçüncü “ADEX-2018” Azərbaycan Beynəlxalq müdafiə sərgisi regionda ən böyük silah və hərbi texnika ekspozisiyalarından biri olmaqla yanaşı, müasir silah və avadanlıqların, o cümlədən Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişidir. Sərginin ikinci günündə isə Baş nazir Novruz Məmmədov da sərgidə iştirak edib və nümayiş olunan məhsullarla tanış olub.

Qeyd edək ki, “ADEX-2018” sərgisi dünyanın 29 ölkəsini təmsil edən 224 şirkəti bir araya gətirib. Ümumilikdə, ziyarətçi şirkət və qurumlarla birlikdə sərginin coğrafiyası 44 ölkəni əhatə edir. Pavilyonlarda müasir silah və texnikalar nümayiş olunur.

Metbuat.az-a açıqlama verən Müdafiə sənayesi nazirinin müşaviri Azad Məmmədov bildirib ki, Müdafiə Sənayesi Nazirliyi tərəfindən təşkil olunan sərgi artıq 3-cü dəfədir keçirilir: “Nazirliyimiz bu sərgidə də ənənəvi olaraq öz məhsullarının sayını və çeşidini artırıb. Bununla bərabər, sərgidə bir sıra yeni silah-sursat sistemləri nümayiş olunur. Hesab edirəm ki, sərgi çox uğurla keçir”.

Sərgidə Azərbaycanın yeni istehsalı olan silahı da nümayiş etdirilir. Müdafiə Sənayesi Nazirliyi Baş mühəndisinin müavini Emin Əhmədov Metbuat.az-a açıqlamasında bildirib ki, “AZ-50” avtomatıADEX-2018” sərgisində ilk dəfə nümayiş olunur, yeni Azərbaycan avtomatıdır: “Çəkisi 3,6 kq, atəş məsafəsi 1000 metrdir. Bu silah dünya səviyyəsinə uyğun müasir dizayn formasına malikdir. Bura 50 güllə yerlik sandıqça əlavə olunub ki, bu da döyüş zamanı taktiki döyüşlərin aparılmasına çox böyük kömək edir. Əvvəlki sandıqçalarda 30 güllə olurdu. Bu silah uzunmüddətli araşdırmalardan sonra yaradılıb, bütün sınaqları uğurla keçib. Bundan əlavə bu silaha 6 pilləli yeni qundaq əlavə olunub və “pikatini planka” əlavə olunub ki, bunun da üzərinə döyüş tapşırığını yerinə yetirmək üçün bir çox hərbi ləvazimatları qoşmaq olur. Burada yeni alov boğan kompesadr tətbiq olunub. Ümumiyyətlə, silah taktiki baxımdan çox mükəmməldir. 50 gülləlik sandıqçanın olması dünyada ilkdir, dünya standartında ən çox olub 30, NATO standartında isə 20 yerlik olub. İndi 60 yerlik sandıqçanın hazırlanması üçün çalışırıq”.

ANAMA-nın Planlaşdırma və İnkişaf Şöbəsinin rəisi Pərviz Gidayev Metbuat.az-a bildirib ki, ANAMA bu dəfə əsasən təlim vasitələrimini, təlim imkan və qabiliyyətlərini nümayiş etdirir: “Demək olar ki, bu sərgidə biz hamıdan fərqlənirik, çünki burada hamısı özü silah-sursatını, istehsal etdiyi avadanlıqları nümayiş etdirir. Biz isə elə bir təşkilatıq ki, bunların hamısının zərərsizləşdirilməsi üçün xidmət təklif edirik. Hökumətimiz tərəfindən də maraq böyükdür, baş nazir Novruz Məmmədov da bizim paviliyona yaxınlaşdı, maraqlandı. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik Azərbaycan ərazilərindəki mina və partlamamış sursatların, bundan əlavə müharibənin partlayıcı qalıqlarının zərərsizləşdirilməsi, insanların bu təhlükədən uzaq olması üçün gecə və gündüz fəaliyyət göstərir. İnsanlar elə fikirləşir ki, ANAMA yalnız cəbhə bölgəsində fəaliyyət göstərir. Amma biz, Azərbaycan bayrağının dalğalandığı bütün ərazilərdə fəaliyyət göstəririk.

Azərbaycanda mina və partlamamış sursatların iki mənbəyi var. Biri Ermənistanın ərazilərimizi işğal etməsi nəticəsində əraziləri mina və partlamamış sursatla çirkləndirmələri, biri isə Sovet ordusunun Azərbaycana miras buraxdığı anbarlar və onların ətrafındakı çirklənmiş ərazilər, hərbi poliqon əraziləridir. Biz bu günə qədər icra etdiyimiz əməliyyatlardan əldə olunan minalar, partlamamış hərbi sursatlar, onların döyüş başlıqları, partlayıcı mexanizmlərini bir növ zərərsizləşdirərək burada nümayiş etdiririk. Eyni zamanda biz bunlarla şəxsi heyətə təlim keçirik. Biri var plasmasdan hansısa maket göstərək, biri də var ki, həqiqi mexanizm göstərilir, onlar da bu sahədə peşə biliklərini artıra bilirlər”.

Türkiyənin BMC şirkətinin rəsmisi bildirib ki, 1964-cü ildə qurulan və 54 ildir fəaliyyət göstərən şirkət Türkiyənin ən böyük hərbi maşın istehsalçılarından biridir: “Türkiyədə yük maşını, avtobus və hərbi maşınlar istehsal edirik. Azərbaycanda keçirilən “ADEX” sərgisinə müdafiə sənayesi qrupu kimi qatılmışıq. Gördüyünüz kimi, 2 hərbi maşınımız var, bunlar çoxməqsədli zirehli maşınlardır. Hərbi personalın bir yerdən başqa yerə etibarlı şəkildə daşınması və müdafiəsi məqsədilə istifadə olunur.

“Amazon” adı verilən bu maşın 7 nəfərlikdir. Yüksək qoruma səviyyəsinə malik olan bu maşın əldə düzəldilən dinamit və digər bombalardan qoruyur. Xüsusi maşındır, hazırda layihə formasındadır, artıq istehsal mərhələsinə keçmək üzrədir.

Digər maşın isə onun bir az böyük formasıdır və 9 nəfərlikdir. Türkiyə Ordusuna və digər müxtəlif ordulara veriləcək. Türkiyə ordusuna 1000 ədəd verdiyimiz başqa bir maşınımız hazırda aktiv şəkildə istifadə olunur. Bu maşınlar bir neçə dəfə hücuma məruz qalsa da, çox şükür ki, içində olanlar şəhid olmayıb”.

Türkiyənin Mexanika və Kimya Sənayesi Korporasiyasının marketinq ixracat bölməsinin rəhbəri Hasan Şan bildirib ki, Türkiyənin ən böyük müdafiə sənayesi qurumlarından biri olan Mexanika və Kimya Sənayesi Korporasiyası Osmanlı dövründən fəaliyyət göstərir: “Hazırda 10 fabrikimiz və 6000 işçimiz var. İstehsal etdiklərimizin yarısını başqa ölkələrə satırıq. Hamısı NATO standartlarına uyğundur. Bildiyiniz kimi, Türkiyə ordusu dünyanın ən böyük ordularından biridir. Ordunun kiçik və böyük silah və sursatlarını biz təmin edirik. İstehsal etdiyimiz məhsulların hamısı özümüzə aiddir. İstehsal etdiyimiz “Bora” adlı snayper tüfəngini Azərbaycana da vermişik və çox da razı qalıblar. Hər il qardaş ölkədə təşkil olunan sərgiyə gəlirik, bərabər olmaqdan və güclərimizi birləşdirməkdən çox məmnunuq”.

Ukraynanın “ArtOS” şirkətinin məhsul direktoru Yuroslav Şerstyuk isə deyib ki, Bakıda keçirilən “ADEX-2018” sərgisində Ukrayna konstruktorlarının hazırladığı artilleriya atəşinin avtomatlaşdırılmış idarə olunması üzrə “ArtOS” proqram kompleksini təqdim edirik: “Bu kompleksinin əsas üstünlüyü hədəfin müəyyən edildiyi an ilə atəşin açılması arasındakı vaxtın əhəmiyyətli dərəcədə azaldılmasıdır. Bir neçə terminaldan ibarət olan “ArtOS” kompleksi Ukrayna Silahlı Qüvvələrinin istifadə etdiyi istənilən növ silah, reaktiv yaylım atəşi sistemi və minaatanlar üçün uyğundur”.

Hərb Tarixi muzeyinin rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə - ADEX-2018 sərgisində Müdafiə Nazirliyinin Hərb Tarixi muzeyi “Azərbaycan Silahının Təkamülü” adlı ekspozisiyasınıl təqdim edir. Bu ekspozisiyada Azərbaycan silahlarının daş dövründən başlayaraq bu günə qədər olan təkamülü nümayiş olunur. Bu ekspozisiyada bütün növ silahların nümunəsini görmək mümkündür. Burada həm həqiqi eksponatlar var, həm də bizim tərəfimizdən hazırlanan maketlər var.

AMEA-nın aparıcı mütəxəssisi Yusif Vəliyev bildirib ki, Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkı ilk dəfədir “ADEX” sərgisində iştirak edir. Burada bir neçə növ dron, pilotsuz uçuş aparatı, minapartladan sistemlə və zirehli gödəkçələrlə sərgiyə qatılmışıq. Bunlar sırf Azərbaycan istehsalı olan məhsullardır.

Hərbi-siyasi icmalçı, ehtiyatda olan zabit Ramil Məmmədli bildirib ki, Müdafiə Sənayesi Nazirliyinin təşkilatçılığı ilə keçirilən bu sərgidə Nazirliyin özünün 270-dən artıq istehsal etdiyi məhsul nümayiş olunur: “Burada atıcı silahlar, texnikalar üçün müəyyən detallar, həmçinin zirehli texnikalar aiddir. Bundan başqa Azərbaycanın milli istehsalı olan pilotsuz uçuş aparatları, eyni zamanda müdafiə sənayesi sahəsində dünyanın tanınmış iri şirkətləri “ADEX-2018” sərgisində nümayiş etdirirlər. Bu Azərbaycanın müdafiə sənayesi kompleksinin inkişafı üçün mühüm məqamlardan biridir. Yeni məhsullarımızın hazırlanması Silahlı Qüvvələrimizin inkişafına da töhfə verir”.

“AzeriDefence” jurnalının baş redaktoru, hərbi ekspert Rəşad Süleymanov bildirib ki, “ADEX-2018” sərgisinə qatılan şirkətlərin sayında əhəmiyyətli artım olub: “Eyni zamanda yerli müdafiə sənayesi sahəsində nümayiş olunan məhsullar arasında da yeniliklər çoxdur. Bu sərginin maraqlı tərəflərindən biri də Avropa Birliyi, NATO birliyi ölkəsi olan Fransa şirkətlərinin də təmsil olunmasıdır”.

Nexter Fransa şirkətinin nümayəndəsi Metbuat.az-a bildirib ki, onların şirkəti Avropada quru qoşunlarının silahlandırılması sahəsində liderliyi olan şirkətdir: “Şirkətin Belçika və İtaliyada istehsalat yerləri var. Şirkətin 3500-dən çox işçi heyəti var. Şirkət öz işini 3 istiqamət üzrə qurub. Birincisi sırf hərbi texnikalar hazırlayırlar, digəri orta və böyük çaplı silah-sursat istehsalı, üçüncüsü isə hərbi ləvazimatlar istehsalıdır”.

Türkiyənin “Target ATİC” şirkətinin meneceri Yusif Aydın bildirib ki, onlar Türkiyə ordusunun hərbi təcili tibbi ehtiyaclarını təmin edirlər: “Bir əsgərin qarşıdurma zamanı yaralanması, bomba və silahlı hücuma məruz qaldığı zaman yaşaya bilməsi üçün lazım olan ləvazimatları təmin edirik. Eyni zamanda, əsgərləri hərbi hissələrə göndərməmişdən əvvəl həqiqi insana bənzəyən maket üzərində əsgərə həmin təcrübəni yaşadırıq.

Əsgər digər əsgər yoldaşının ayağının, qolunun qopmağını görəndə və ya yaralanmasına baxanda qorxudan şoka girər və onu xilas etmiyə bilər. Ona görə də biz əsgərin hərbi hissəyə getməmişdən əvvəl bu təcrübəni keçirməyini təmin edirik ki, bununla da əsgər digər yaralı əsgər yoldaşının həyatını xilas etməyin yolunu öyrənir. Araşdırmalara görə, əsgər ölümlərinin 50%-nin qarşısı alına bilər, bu isə qan itirmənin qarşısını almağa bağlıdır. Biz Silahlı Qüvvələrimiz üçün lazım olan tibbi ləvazimatları və əsgərin bunları öyrənməsi üçün təlimləri təşkil edirik. Bu sərgi vasitəsilə bütün bunları Azərbaycan Ordusuna da təqdim etmək istəyirik”.

Türkiyənin “Havelsan” şirkətinin Texnologiya və Akademiya direktoru İzzət Gökhan Özbilgin qeyd edib ki, müdafiə sərgisində stendimizdə çalışma sahələrimizə aid olan 4 sahənin hamısına aid müxtəlif proqramları nümayiş etdiririk: “Bunlardan biri paraşüt simulyatorudur. Bunun vasitəsilə biz paraşütçülərin təyyarədən atılan zaman paraşütdən istifadə etmək təcrübəsini yaşadırıq. Artıq paraşüt simulyatorunu Türkiyədən bir neçə ölkəyə də ixrac edirik.

Digər “məskun məhəllə” simulyatoru vasitəsilə əsgərlər o əraziyə getmədən orada nə cür ərazilər, gizli təhlükə yerləri varsa, hamısı haqqında məlumat verir. Bu gizli təhlükə yerlərini gözlərinə taxdıqları eynək vasitəsilə sanki oradaymış hissini yaradır. Daha əvvəldən təcrübə qazandıqları üçün həmin əraziyə gedəndə gizli təhlükələri bilib bunun qarşısını ala bilirlər. “Havelsan”ın digər məşğul olduğu sahələrdən biri də kiber təhlükəsizliklə bağlıdır. Bununla bağlı sərgidə 2 gündür təlimlər keçirik”.

Günay Elşadqızı / METBUAT.AZ

FOTO: Müzəffər İsmayılov


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR