Hindistan hökuməti 5 ədəd S-400 zenit-raket kompleksinin satın alınmasına dair Rusiya ilə saziş imzalamaq üçün yekun qərar qəbul edib. Sövdələşmənin ümumi məbləği 5,43 milyard dollardır.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, müvafiq qərar sentyabrın 26-da Hindistanın Baş naziri Narendra Modinin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin təhlükəsizlik komitəsinin iclasında qəbul olunub.
Hindistana hava hücumundan müdafiə sistemlərinin çatdırılması barədə müqavilənin gələn həftə Dehli şəhərində yüksək səviyyəli görüş zamanı imzalanacağı gözlənilir. Hindistan KIV-lərinin məlumatına görə, S-400 "Triumf" zenit raket komplekslərinin çatdırılması barədə müqavilə Rusiya Prezidenti Vladimir Putinin oktyabrın 4-5-də Hindistana səfəri zamanı imzalana bilər.
Hindistanın bu addımı ABŞ-ın maliyyə sanksiyaları barədə təhdidlərinə baxmayaraq atdığı qeyd olunur. Belə ki, ötən həftə ABŞ Rusiyadan analoji sistemlər alan Çinə sanksiyalar tətbiq etmişdi.
Milli.Az